105.1. Lisenziyanın qüvvəsi Mərkəzi Bankın sığortaçıya sığorta növünün aparılması üzrə verdiyi icazənin ləğv edilməsi yolu ilə aşağıdakı hallarda məhdudlaşdırılır:
105.1.1. sığortaçı tərəfindən müvafiq ərizə təqdim edildikdə;
105.1.2. aşağıdakı hallarla bağlı verilmiş təqdimata vaxtında və (və ya) tam əməl edilmədikdə:
105.1.2.1. könüllü sığorta müqavilələrinin şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və bu Qanuna uyğun olmamaqla sığortalıların mənafelərinin pozulmasına şərait yaradırsa;
105.1.2.2. icbari sığorta müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və icbari sığorta qanunlarına uyğun olmayan şərtlərlə bağlanırsa, yaxud “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsində nəzərdə tutulmuş məcburi ayırmalar vaxtında və (və ya) tam aparılmırsa;
105.1.2.3. sığorta ödənişləri icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada verilmirsə.
105.2. Bu Qanunun 105.1.2-ci maddəsində nəzərdə tutulmuş halların aradan qaldırılması mümkün olduqda sığortaçının lisenziyası onların aradan qaldırılmasınadək, digər hallarda isə 6 ayadək müddətə məhdudlaşdırılır.
105.3. Sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir.
105.4. Sığortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı sığorta növü üzrə əvvəllər bağlamış olduğu sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatanadək və ya onlara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-cu maddəsində nəzərdə tutulmuş əsaslarla vaxtından əvvəl xitam verilənədək yerinə yetirməlidir.
105.5. Lisenziyanın qüvvəsinin məhdudlaşdırılması haqqında qərarda belə məhdudlaşdırılmaya əsas verən hallar göstərilməlidir.
105.6. Lisenziyanın qüvvəsinin məhdudlaşdırılması, həmçinin belə məhdudlaşdırmanın götürülməsi barədə məlumat müvafiq qərar qəbul edildikdən 3 iş günü müddətində Mərkəzi Bankın mətbuat xidməti tərəfindən yayılmaqla, onun rəsmi internet səhifəsində yerləşdirilməlidir.