Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 108

Maddə 108. Lisenziyanın ləğvinin nəticələri

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

108.1. Lisenziyanın ləğvi barədə məlumat, bu barədə qərar qəbul edildikdən 3 iş günü müddətində Mərkəzi Bankın mətbuat xidməti tərəfindən yayılmaqla, onun rəsmi internet səhifəsində yerləşdirilməlidir.

108.2. Mərkəzi Bank sığortaçının lisenziyasının ləğvi haqqında qəbul etdiyi qərar barədə Azərbaycan Respublikasında nəşr olunan bir dövlət qəzetində, sığorta vasitəçisinin lisenziyasının ləğvi haqqında isə qəbul etdiyi qərar barədə media subyektləri vasitəsilə rəsmi məlumat dərc etdirir və həmin qərar qəbul olunduğu tarixdən 5 iş günü müddətində müvafiq vergi orqanına məlumat göndərir.

108.3. Sığortaçının lisenziyasının ləğvi haqqında qərar qüvvəyə mindiyi tarixdən etibarən sığortaçının bütün idarəetmə orqanlarının səlahiyyətləri dayandırılaraq bu Qanunda nəzərdə tutulmuş qaydada müvəqqəti inzibatçıya və ya ləğvetmə komissiyasına keçir, onun ləğvi prosesinə başlanılır.

108.4. Ləğv edilən lisenziyanın sahibi müvafiq lisenziyada nəzərdə tutulmuş fəaliyyətlə bağlı əqdlər bağlaya və aşağıda göstərilənlər istisna edilməklə, bank hesabları üzrə əməliyyat apara bilməz:

108.4.1. vergi və digər məcburi ödəmələrin həyata keçirilməsi;

108.4.2. işlərin aparılması ilə bağlı cari xərclərin ödənilməsi;

108.4.3. sığortaçıya ödənilmiş pul vəsaitlərinin hesaba daxil edilməsi;

108.4.4. sığortaçıya daxil olmuş sığorta haqlarından müvafiq təkrarsığorta müqaviləsi üzrə təkrarsığorta haqlarının ödənilməsi;

108.4.5. lisenziyanın ləğv edilməsindən əvvəl bağlanmış sığorta müqavilələri üzrə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta ödənişinin verilməsi;

108.4.6. sığorta brokerinin sığorta haqqı hesabındakı və ya sığorta ödənişi hesabındakı pul vəsaitlərinin təyinatı üzrə müvafiq qaydada ödənilməsi.

108.5. Qanunla müəyyən olunmuş vəzifələrinin yerinə yetirilməsi, o cümlədən sığorta ödənişlərinin vaxtında verilməsi məqsədilə iş günlərində ləğv edilən sığortaçının ofis binasında müvafiq mütəxəssislərin olması təmin edilməlidir.

108.6. Fəaliyyət göstərdiyi müddət ərzində sığortaçının müvəqqəti inzibatçısı və ya ləğvetmə komissiyası bu Qanunun 108.4-108.5-ci maddələrinin tələblərinə riayət etməlidir.

108.7. Bu Qanunun 107.1.1.-ci maddəsində nəzərdə tutulmuş müraciət sığortaçının, hüquqi şəxs olan sığorta brokerinin və ya müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin səhmdarlarının (payçılarının, iştirakçılarının) Ümumi Yığıncağı hüquqi şəxsin ləğv edilməsi barədə qərar qəbul etdiyi halda verilə bilər. Bu halda həmin müraciət müvafiq qərarın qəbul edildiyi gündən sonra 15 iş günü ərzində Mərkəzi Banka verilməlidir.

108.8. Sığortaçının, hüquqi şəxs olan sığorta brokerinin və ya müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin lisenziyası bu Qanunun 107.1.2-107.1.7-1-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edildikdə Mərkəzi Bank lisenziyanın ləğv edilməsi barədə qərarından 20 iş günü müddətində lisenziya sahibinin məcburi qaydada ləğv edilməsi barədə məhkəmədə iddia qaldırır. Ləğv edilən lisenziya sahibi, yaxud onun səhmdarları (payçıları, iştirakçıları) Mərkəzi Bankın lisenziyanın ləğv edilməsi haqqında qərarından həmin məhkəmədə qarşılıqlı iddia qaldıra bilər. Mərkəzi Bankın bu maddədə göstərilən iddiası məhkəmə tərəfindən təmin edilmədikdə müvafiq lisenziya ləğv edilməmiş hesab olunur, lisenziyanın ləğv edilməsi ilə bağlı bütün tədbirlər dayandırılır və bu barədə Mərkəzi Bank bu Qanunu 108.1 və 108.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumatlar verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver