12.1. Şəxsə (ailəyə) dövlət büdcəsinin vəsaiti hesabına sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina edilməsi barədə qərar sosial işçi tərəfindən hesabatın təqdim edildiyi gündən 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Şəxsə (ailəyə) dövlət büdcəsinin vəsaiti hesabına sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina edilməsi barədə qərar 3 iş günü müddətində ərizəçiyə təqdim edilir (göndərilir). Sosial xidmətin göstərilməsindən imtina barədə qərarda imtinanın səbəbləri göstərilməlidir. Ərizəyə əlavə olunan sənədlərin əsli müraciət edən şəxsə qaytarılır.
12.2. Şəxsin (ailənin) sosial xidmətə götürülməsindən imtina üçün əsaslar aşağıdakılardır:
12.2.1. bu Qanunun 7-ci maddəsində göstərilən əsaslardan azı birinin olmaması;
12.2.2. təqdim edilmiş məlumatların və sənədlərin düzgün olmaması.
12.3. Dövlət büdcəsinin vəsaiti hesabına sosial xidmətin göstərilməsi barədə qərar qəbul edildiyi gündən şəxs (ailə) sosial xidmətə götürülür və 5 iş günü ərzində sosial işçi tərəfindən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi plan hazırlanır.
12.4. Şəxsə sosial xidmətin göstərilməməsinin onun həyat və sağlamlığı üçün ciddi təhlükələr yaradacağı hallarda şəxs dərhal müvəqqəti sosial xidmətə götürülür. Şəxsin sosial xidmətə götürülməsi barədə qərar qəbul edildikdə müvəqqəti sosial xidmətin müddəti dayandırılmır və şəxs daimi sosial xidmətə götürülür.
12.5. Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
12.6. Bu Qanunun 12.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, sosial xidmət şəxsin (ailənin) yaşayış yeri üzrə göstərilir.
12.7. Şəxsin (ailənin) zorakılığa məruz qaldığı və ya sosial yadırğama (dezadaptasiya), habelə sosial məhrumiyyət (deprivasiya) təhlükəsi yarandığı hallarda sosial xidmət yaşayış yerindən asılı olmayaraq göstərilir.