Qanunvericilik › Standartlaşdırma haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. İlkin dövlət standartları

Standartlaşdırma haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. İlkin dövlət standartları innovasiyalı yeni standartlaşdırma obyekti üçün hazırlanır.

8.2. İlkin dövlət standartlarında göstərilən tələblər texniki reqlamentlərin və standartların tələblərinə zidd olmamalıdır.

8.3. İlkin dövlət standartları elmi tədqiqatların (sınaqların) və ölçmələrin nəticələri və innovasiyalı yeni növ standartlaşdırma obyektinin tətbiqi ilə əldə edilən praktik təcrübələrin əsasında hazırlanır.

8.4. İlkin dövlət standartlarının işlənilib hazırlanması standartlaşdırma sisteminin subyektlərinin təşəbbüsü ilə həyata keçirilir.

8.5. İlkin dövlət standartlarını dövlət orqanları (qurumları), hüquqi və ya fiziki şəxslər hazırlaya və aidiyyəti texniki komitəyə göndərə bilərlər. İlkin dövlət standartı layihəsini hazırlayan subyektlər onun qəbul edilməsinin zəruriliyini əsaslandırmalıdırlar.

8.6. İlkin dövlət standartlarının layihələrinin qəbul edilməsi üçün baxılması sahə üzrə texniki komitələrin çərçivəsində həyata keçirilir.

8.7. İlkin dövlət standartları ekspertizadan keçirilərək, bu Qanunun tələblərinə cavab verdiyi halda milli standartlaşdırma qurumu tərəfindən qəbul edilir və dövlət reyestrinə daxil edilir. Dövlət reyestrinə daxil edilmiş ilkin dövlət standartı, eyni zamanda, standartlaşdırma üzrə dövlət fonduna daxil edilir.

8.8. İlkin dövlət standartları 2 (iki) il müddətinədək qəbul olunur və qüvvədəndüşmə müddətinə ən azı 3 (üç) ay qalmış aidiyyəti standartlaşdırma üzrə texniki komitə onun dövlət standartı kimi qəbulu məqsədi ilə yoxlanılmasını və onun tətbiqinin qiymətləndirilməsini təşkil edir.

8.9. İlkin dövlət standartının dövlət standartı kimi qəbul olunması, vaxtının uzadılması və ya qüvvədən düşməsi haqqında təklif standartlaşdırma üzrə texniki komitənin iclasında konsensus əsasında qəbul olunur və qərarın qəbul olunması üçün milli standartlaşdırma qurumuna təqdim edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver