9.1. Texniki şərtlər müvafiq sahədə dövlət standartı və ya Azərbaycan Respublikasında birbaşa tətbiq olunan beynəlxalq, regional, dövlətlərarası və xarici dövlət standartları olmadığı təqdirdə və ya təsərrüfat subyekti tərəfindən müəyyən edilmiş yeni texniki həllərin istifadəsini təmin etmək məqsədilə təsərrüfat subyektləri tərəfindən işlənib hazırlanır. Texniki şərtlərdən üçüncü şəxslərin istifadəsi üçün texniki şərtlərin sahiblərinin razılığı olmalıdır. Texniki şərtlərin sahiblərinin razılığını bildirən müvafiq müqavilə texniki şərtlərin sahibləri tərəfindən milli standartlaşdırma qurumuna qeydiyyat üçün təqdim edilir.
9.2. Təsərrüfat subyektləri texniki şərtləri hər hansı standartlaşdırma obyektinə dair hazırlaya və qəbul edə bilərlər.
9.3. Təsərrüfat subyekti hazırladığı texniki şərtin tələblərinə əməl etməli və istehsal etdiyi standartlaşdırma obyektinin texniki şərtin tələblərinə uyğunluğunu təmin etməlidir. Texniki şərtlərin müddəaları bu Qanunun və müvafiq sahədə mövcud olan texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır.
9.4. Texniki şərtlər qəbul edildiyi tarixdən 1 (bir) ay müddətində milli standartlaşdırma qurumuna göndərilir. Milli standartlaşdırma qurumu texniki şərt daxil olduğu gündən 15 (on beş) iş günü müddətində onun bu Qanunun və müvafiq sahədə mövcud olan texniki reqlamentlərin tələblərinə uyğun olmaması barədə rəyi təsərrüfat subyektinə təqdim etmədikdə, həmin texniki şərt təsərrüfat subyekti tərəfindən istifadə edilə bilər.
9.5. Bu Qanunun və müvafiq sahədə mövcud olan texniki reqlamentlərin tələbləri ilə ziddiyyət təşkil etməyən texniki şərtlər standartlaşdırma üzrə dövlət fonduna daxil edilir.