1. Su təchizatı müəssisəsi aşağıdakı hallarda istehlakçının su təchizatını dayandıra bilər:
istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
tikinti, təmir-profilaktika və qəza işlərinin görülməsinə və su tutumlarının təmizlənməsinə ehtiyac yarandıqda;
su götürülən yerlərdə səth sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda;
istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;
su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə;
su təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;
məişət (təsərrüfat) - içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda;
məhkəmənin qərarı ilə;
dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.
2. Su təchizatı müəssisəsi bu maddənin 1-ci bəndinin altıncı və yeddinci abzaslarına əsasən su təchizatını dayandırdıqda o, istehlakçıdan su təchizatının dayandırılması və bərpası ilə əlaqədar xərclərin ödənilməsini tələb edə bilər.
3. İstehlakçıya suyun verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Suyun dəyərini ödəməyən istehlakçıya suyun verilməsinin dayandırılması, suyun dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.
4. Su təchizatı müəssisəsinin səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.