Azərbaycan Respublikası ərazisində arxeoloji qazıntı işləri aparmaq üçün icazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat tərəfindən verilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydə alınır. Şuşa şəhərinin ərazisində abidələrin öyrənilməsi və arxeoloji qazıntıların aparılması “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirilir və belə razılıq verilərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. Arxeoloji qazıntı işləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nəzarəti ilə aparılır.
Qazıntı mövsümü başa çatdıqdan sonra aparılmış tədqiqat işləri barədə hesabat və aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata təqdim edilir.
Azərbaycan Respublikası ərazisindəki abidələrin tədqiqi üçün xarici elmi müəssisə və alimlərlə birgə ekspedisiyalar təşkil edilə bilər. Xarici elmi müəssisələr və alimlər abidələrin tədqiqi üçün vəsait ayıra bilərlər. Birgə ekspedisiyanın rəhbərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat təyin edir.
Qazıntı zamanı aşkar olunmuş arxeoloji materiallar dövlət mülkiyyətinə keçir və xüsusi fondlarda və muzeylərdə saxlanılır.