Qanunvericilik › Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Təhsil müəssisəsi

Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq qanunvericiliyə uyğun müəyyən edilir.

14.2. Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir:

14.2.1. dövlət;

14.2.2. bələdiyyə;

14.2.3. özəl.

14.3. Аzərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

14.4. Təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir.

14.5. Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir:

14.5.1. məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri);

14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər);

14.5.3. məktəbdənkənar təhsil müəssisələri (yaradıcılıq və inkişaf mərkəzləri, ekologiya və turizm mərkəzləri, uşaq-gənclər idman-şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri və s.);

14.5.4. peşə təhsili müəssisələri (peşə məktəbləri, peşə liseyləri, peşə təhsil mərkəzləri);

14.5.5. orta ixtisas təhsili müəssisələri (kolleclər);

14.5.6. ali təhsil müəssisələri (universitetlər, akademiyalar, institutlar və s.);

14.5.7. əlavə təhsil müəssisələri (universitetlər, institutlar, mərkəzlər və s.);

14.5.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr (uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri və s.).

14.6. Müxtəlif tipli təhsil müəssisələri təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər.

14.7. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol verilir. Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunur.

14.8. Təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil (hərbi, dövlət təhlükəsizliyi və digər) müvafiq təhsil müəssisələrində, bu Qanunun tələbləri nəzərə alınmaqla, dövlət hesabına həyata keçirilir.

14.8-1. Sosial müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı şəxslərin Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

14.8-1.1. dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;

14.8-1.2. dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan şəhid ailəsinin üzvləri;

14.8-1.3. dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər;

14.8-1.4. dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər və peşə təhsili müəssisələrində təhsil alan əlilliyi olan şəxslər;

14.8-1.5. dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;

14.8-1.6. dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları;

14.8-1.7. dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrində təhsil alan 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər;

14.8-1.8. dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrində təhsil alan köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar;

14.8-1.9. işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslər;

14.8-1.10. dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladları.

14.8-2. Bu Qanunun 14.8-1.3-cü, 14.8-1.5-ci, 14.8-1.6-cı (ali təhsil müəssisələrinə münasibətdə) və 14.8-1.10-cu (ali təhsil və peşə təhsili müəssisələrinə münasibətdə) maddələrində nəzərdə tutulmuş şəxslərin təhsil haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi təhsil xərcləri miqdarında ödənilir.

14.9. Təhsil müəssisəsində, təhsili idarəetmə və digər təhsil orqanlarında siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

14.10. Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində (dövlət ümumi təhsil müəssisələri istisna olmaqla) təhsilalanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Dövlət ümumi təhsil müəssisəsində təhsilalanların geyim formaları “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.

14.11. Dövlət ali təhsil müəssisəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səlahiyyətlər çərçivəsində muxtariyyət hüququ (statusu) verilə bilər. Muxtariyyət hüququna malik təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, tədris, elmi tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə sərbəstdir.

14.12. Təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilir.

14.13. Dövlət bütün təhsil müəssisələrinin, o cümlədən özəl təhsil müəssisələrinin inkişafını qanunvericiliyə uyğun kreditlər vermək, qrantlar ayırmaq və dövlət təhsil müəssisələrinə güzəştlər tətbiq etməklə təmin edir.

14.14. Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərdən aşağı olmamalıdır.

14.15. Təhsil müəssisəsi hüquqi şəxsdir və müstəqil balansa malikdir. Təhsil müəssisəsinin müvafiq qanunvericiliyə uyğun olaraq banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Təhsil müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir.

14.16. Təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq ölkənin və xarici dövlətlərin ərazisində filiallar açmaq (dövlət təhsil müəssisəsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaq şərti ilə), habelə təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədi ilə ictimai təşkilatlarla təhsil birlikləri, assosiasiyaları və ittifaqları yaratmaq, eləcə də bu kimi təşkilatlara üzv olmaq hüququna malikdir.

14.17. Təhsil müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır.

14.17-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar.

14.18. Azərbaycan Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri qanunvericiliyə uyğun olaraq “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdır.

14.19. Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil və peşə təhsili müəssisələri “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdırlar.

14.20. Təhsil müəssisələrində psixoloji xidmət təşkil olunur və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirilir. Psixoloji xidmətin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver