11.1. Telekommunikasiya sahəsində fəaliyyət göstərən operatorlar, provayderlər, digər hüquqi və fiziki şəxslər, habelə avadanlıqların istehsalçıları və təchizatçıları telekommunikasiya şəbəkələrinin yaradılmasında və inkişaf etdirilməsində, xidmətlərin göstərilməsində bərabərhüquqlu subyektlər hesab edilirlər.
11.2. Müvafiq telekommunikasiya xidməti bazarında rəqabət qanunvericiliyinə əsasən hökmran mövqe tutan operator, provayder fəaliyyətində rəqabət qanunvericiliyinə və aşağıdakı şərtlərə riayət etməlidir:
11.2.1. telekommunikasiya xidməti bazarına bərabərhüquqlu daxilolmanı təmin etmək məqsədilə hökmran mövqe tutan operator eyni xidməti göstərən digər operatorlar arabağlantı məqsədləri üçün şəbəkələrin qoşulması və trafik mübadiləsi üzrə bərabər şərait yaratmağa borcludur;
11.2.2. qanunda nəzərdə tutulmuş hallar istisna olunmaqla, hökmran mövqe tutan operator, provayder arabağlantı məqsədləri üçün öz şəbəkəsinə digər operatorun, provayderin müvafiq müqavilə əsasında qoşulmasından imtina edə bilməz;
11.2.3. qanunda nəzərdə tutulmuş hallar istisna olunmaqla, hökmran mövqe tutan operator, provayder öz şəbəkəsi vasitəsilə xətləri (kanalları) digər operatorlara, provayderlərə ümumi müqavilə əsasında icarəyə verir;
11.2.4. müvafiq icra hakimiyyəti orqanı hökmran mövqe tutan operatorun, provayderin uyğun fəaliyyəti üzrə xüsusi tələblər müəyyən edir.
11.3. Müvafiq icra hakimiyyəti orqanları telekommunikasiya sahəsində haqsız rəqabətin və inhisarçı fəaliyyətin qarşısının alınması üzrə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görür.
11.4. Haqsız rəqabətə, istifadəçilərin maraq və hüquqlarının pozulmasına, yaxud qanuna zidd olan hər hansı digər əməllərə yol verən şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.