Qanunvericilik › Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Radiotezliklərdən istifadənin təşkili

Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyənləşdirilmiş hədlərdə, radioelektron vasitələrinin və ya yüksək tezlikli qurğuların işləməsi üçün istifadə oluna bilən radiotezliklər dövlətə məxsusdur və onların tənzimlənməsi dövlətin müstəsna hüququdur.

13.2. Radiotezliklər istifadə üçün bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən 10 il müddətinə ayrılır.

13.2-1. Radiotezliklərin ayrılması haqqında qərar “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarla yanaşı, həmçinin aşağıdakı hallarda ləğv edilir:

13.2-1.1. telekommunikasiya xidmətlərinin göstərilməsi üçün verilən lisenziya ləğv edildikdə, o cümlədən sellülar (mobil) telekommunikasiya xidmətləri üçün verilən lisenziyanın müddəti bitdikdə;

13.2-1.2. radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 ay müddətində radiotezlik istifadəçisi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) radiotezliklərdən istifadəyə dair müqavilə bağlanılmadıqda;

13.2-1.3. radiotezlik istifadəçisi tərəfindən radiotezliklərdən istifadəyə dair bağlanılmış müqavilədə olan öhdəliklər yerinə yetirilmədikdə, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödənişlər tam aparılmadıqda və ayrılmış radiotezliklər 3 ay müddətində istifadə edilmədikdə.

13.2-2. Radiotezliklərdən istifadəyə dair müqavilədə tərəflərin hüquq və vəzifələri, radiotezliklərdən istifadə və ödəniş şərtləri, müqavilənin ləğvi və dəyişdirilməsi qaydaları və əsasları, habelə müqavilənin predmetinə dair digər mühüm şərtlər əks etdirilir. Radiotezliklərdən istifadəyə dair müqavilənin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

13.3. Radiotezliklərdən, radioelektron vasitələrdən və bu sahədə mülki təyinatlı qurğulardan istifadə qaydalarının müəyyənləşdirilməsi, onların icrasına nəzarət və telekommunikasiya vasitələrinin elektromaqnit sahəsinin monitorinqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

13.3-1. Radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılması və istismar edilməsi qadağandır.

13.3-2. Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsi və idxalı qadağandır.

13.4. Radiotezliklər aşağıdakılar nəzərə alınmaqla ayrılır:

13.4.1. tezlik zolaqlarının ayrılma cədvəli və radiotezliklər spektrinin perspektiv istifadə planı;

13.4.2. dövlət hakimiyyəti, o cümlədən müdafiə, təhlükəsizlik və asayişi mühafizə orqanlarının ehtiyaclarını təmin etmək məqsədilə ayrı-ayrı subyektlərə ayrılmış radiotezliklərin başqa radiotezliklərə keçirilməsi şərtilə qanunvericiliklə müəyyən olunmuş qaydada dəyişdirilməsi;

13.4.3. planlaşdırılan radiotezliklər və həmin radiotezliklərdə istifadə olunan radioelektron vasitələrin elektromaqnit uzlaşması üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi.

13.4-1. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə radiotezlik istifadəçilərinin radiotezlik zolaqlarından istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət təhlükəsizliyi məqsədləri üçün müstəsna hallarda məhdudlaşdırıla bilər. Bu zaman müvafiq tədbirin, o cümlədən idman yarışının təşkilatçısının vəsaiti hesabına radiotezlik istifadəçilərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kompensasiya ödənilir.

13.5. Ayrılmış tezlik diapazonları üçün verilmiş hüquqları məhdudlaşdırmadan tezlik zolaqlarının ayrılması cədvəlinə 4 ildə bir dəfədən və radiotezliklər spektrindən perspektiv istifadə planına 10 ildə bir dəfədən az olmayaraq yenidən baxılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

13.6. Radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir.

13.7. Bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin qarşısının alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13.8. Televiziya və radio yayımının ehtiyacları üçün radiotezliklərin istifadəsi qanunvericiliyə uyğun olaraq müvafiq dövlət orqanı tərəfindən tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver