Qanunvericilik › Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 31

Maddə 31. Universal telekommunikasiya xidməti

Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

31.1. Universal telekommunikasiya xidməti - Azərbaycan Respublikasının bütün ərazisində müəyyən müddət ərzində və keyfiyyətlə, əlverişli qiymətlə hər hansı telekommunikasiya xidməti istifadəçisinə göstərilməsi operatorlar, provayderlər üçün icbari olan telekommunikasiya xidmətidir.

31.2. Dövlət universal telekommunikasiya xidmətinin göstərilməsinə təminat verir.

31.3. Universal xidmətin təsnifatı, təşkili, keyfiyyəti, müddəti və digər tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı prinsiplər nəzərə alınmaqla müəyyən edilir:

31.3.1. hər yaşayış məntəqəsində yanğınsöndürmə, polis, təcili tibbi yardım, qaz, elektrik qəza və qanunvericilikdə nəzərdə tutulan digər ixtisaslaşdırılmış təcili yardım xidmətləri ilə ödənişsiz əlaqə yaratmaq məqsədilə, ən azı bir taksofon (və ya kollektiv istifadəli telefon) quraşdırılmalıdır;

31.3.2. bütün hallarda nəqliyyat vasitəsindən istifadə etmədən universal telekommunikasiya xidməti vasitəsinə çatması üçün sərf edilən vaxt müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan müddətdən artıq olmamalıdır.

31.4. Universal telekommunikasiya xidmətinin göstərilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilən müsabiqə əsasında seçilmiş operator, provayder tərəfindən, müsabiqə baş tutmadığı halda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən üzərinə universal xidmətlərin göstərilməsi öhdəliyi qoyulmuş telekommunikasiya operatoru, provayderi tərəfindən müqavilə əsasında həyata keçirilir.

Ümumistifadəli telekommunikasiya şəbəkəsində hökmran mövqe tutan telekommunikasiya operatoru, provayderi onun üzərinə qoyulmuş bu öhdəlikdən imtina edə bilməz.

31.5. Universal telekommunikasiya xidmətlərinin göstərilməsi üçün operatora, provayderə lazım olan vəsaitin ayrılması və bu məqsədlə sərf olunan vəsaitin geri qaytarılması (kompensasiya) qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

31.6. Bu maddənin tələbləri, müvafiq yaşayış məntəqəsində eyni xidmətlərin digər şəxslər tərəfindən göstərilməsindən asılı olmayaraq tətbiq edilir.

31.7. Operatorlar, provayderlər tərəfindən təmin edilən universal telekommunikasiya xidmətləri üzrə tariflər və hesablaşma qaydaları müvafiq icra hakimiyyəti orqanı ilə operator arasında bağlanan müqavilə əsasında tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver