32.1. Operatorlar aşağıdakı hüquqlara malikdirlər:
32.1.1. öz telekommunikasiya şəbəkələrini planlaşdırmaq və inkişaf etdirmək (genişləndirmək);
32.1.2. qanunvericiliklə müəyyən olunmuş qaydada nömrə resurslarını və radiotezlikləri almaq və onlardan istifadə etmək;
32.1.3. qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, göstərdikləri telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını müstəqil müəyyən etmək;
32.1.4. ayrılmış nömrə resursundan abunəçilərinə məxsusiləşdirmə kodlarını vermək;
32.1.5. operator və abunəçi arasında bağlanmış müvafiq müqavilədə müəyyən edilən istifadə qaydalarına riayət etməyən abunəçilərə telekommunikasiya xidmətlərinin göstərilməsini dayandırmaq;
32.1.6. qanunvericiliyə uyğun qaydada telekommunikasiya sahəsində fəaliyyətini dayandırmaq (yaxud fəaliyyətinə xitam vermək);
32.1.7. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
32.2. Provayderlər aşağıdakı hüquqlara malikdirlər:
32.2.1. müvafiq operatorla bağladığı müqavilə əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulmaq və xidmətlər göstərmək;
32.2.2. qanunvericiliklə müəyyən olunmuş qaydada nömrə resurslarından və radiotezliklərdən istifadə etmək;
32.2.3. göstərdikləri telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını, qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil müəyyən etmək;
32.2.4. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
32.3. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş lotereya təşkilatçısının və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş idman mərc oyunları operatorunun operator və ya provayderlərin telekommunikasiya şəbəkələrindən istifadəsi ilə bağlı münasibətlər onlar arasında bağlanmış müqavilə ilə tənzimlənir.