33.1. Operatorlar aşağıdakı vəzifələri daşıyırlar:
33.1.1. telekommunikasiya sahəsində müəyyən olunmuş normativ hüquqi aktlara uyğun fəaliyyət göstərmək;
33.1.2. abunəçi ilə bağlanan müqaviləyə əsasən üzərinə düşən vəzifələri yerinə yetirmək;
33.1.3. istehlakçıların hüquqlarını pozmamaq;
33.1.3-1. abunəçinin müraciəti əsasında uşaqların zərərli informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla təmin etmək;
33.1.3-2. rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan məlumatları daxil etmək;
33.1.3-3. telefon nömrələrinin (sabit (məftilli), mobil) operatorların şəbəkəsində aktivləşdirilməsini ərizəçiyə dair məlumatların vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edildikdən sonra təmin etmək;
33.1.4. qarşılıqlı arabağlantı müqavilələrini bağlamaq;
33.1.5. telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, norma və qaydalara uyğun keyfiyyətlə göstərmək;
33.1.6. trafikin normativ hüquqi aktlara uyğun istiqamətləndirilməsinə əməl etmək;
33.1.7. abunəçilər və istifadəçilər tərəfindən ixtisaslaşdırılmış təcili yardım xidmətlərinin çağırılması üçün telekommunikasiya şəbəkələrindən ödənişsiz istifadəni təmin etmək;
33.1.8. telekommunikasiya xidmətinin göstərilməsi məhdudlaşdırıldığı halda da ixtisaslaşdırılmış təcili yardım xidmətləri ilə əlaqəni mümkün həddədək təmin etmək;
33.1.9. müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsinə telekommunikasiya vasitələri və qurğularının istifadə olunduğu yerdə yoxlanılmasına qanunvericiliklə müəyyən edilmiş qaydada şərait yaratmaq;
33.1.9-1. bu Qanunun 13-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada uçota durmaq, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində məlumat vermək;
33.1.9-2. müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq mühafizə orqanlarının sorğularına 3 iş günündən gec olmayaraq cavab vermək və tələb olunan məlumatları təqdim etmək (bu müddətdə həmin informasiyanın aktuallığını itirməsi ilə əlaqədar sorğunun təcili olması barədə sorğu verənin qeydi olduqda, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab vermək);
33.1.9-3. operator və ya provayderin telekommunikasiya şəbəkəsinə qoşulmaqla təşkil edilən qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin qarşısının alınması üçün texniki vasitələrdən, avadanlıqlardan və ya proqram təminatından istifadə etməklə tədbirlər görmək;
33.1.9-4. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı zamanı mobil nömrənin identifikasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusuna real vaxt rejimində cavab vermək;
33.1.9-5. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə riayət etmək;
33.1.9-6. telekommunikasiya xidmətləri vasitəsilə qumar oyunlarının təşkili və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin satışının təşkili və (və ya) satışı, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
33.1.10. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələr.
33.2. Bu Qanunun 33.1-ci maddəsində göstərilmiş vəzifələr, bu Qanunun 33.1.3-2-ci, 33.1.3-3-cü, 33.1.4-cü və 33.1.9-4-cü maddələri istisna olmaqla, provayderlərə də şamil edilir.
33.3. Host provayder və internet provayderlər internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması üçün “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirləri həyata keçirməlidirlər.