15-8.1. İcbari tibbi sığorta sahəsində sığortaçının aşağıdakı hüquqları vardır:
15-8.1.1. icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirmək;
15-8.1.2. tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlərin yaradılması, tibbi xidmətlərin keyfiyyətinin, habelə tibbi xidmətlərdən, dərman və tibb vasitələrindən istifadənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək;
15-8.1.3. xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin və tibb vasitələrinin, habelə pozitiv siyahıya daxil olan dərman vasitələrinin əlçatanlığına təminat vermək;
15-8.1.4. bu Qanunla nəzərdə tutulmuş qaydada tibb müəssisəsi ilə tibbi xidmətlərin göstərilməsi haqqında, habelə aptek təşkilatları ilə ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilə bağlamaq;
15-8.1.5. bu Qanunla və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilədə nəzərdə tutulmuş qaydada vəzifələrin tibb müəssisəsi tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi təqdirdə, icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlərin dəyərini ödəməmək, qismən ödəmək və ya tibb müəssisəsidən ödənilmiş vəsaitlərin geri qaytarılmasını tələb etmək;
15-8.1.6. ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilədə nəzərdə tutulmuş qaydada vəzifələrin aptek təşkilatı tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi təqdirdə icbari tibbi sığorta çərçivəsində buraxılmış dərman vasitələrinə görə sığorta ödənişini ödəməmək, qismən ödəmək və ya aptek təşkilatından ödənilmiş vəsaitin geri qaytarılmasını tələb etmək.
15-8.2. İcbari tibbi sığorta sahəsində sığortaçının vəzifələri aşağıdakılardır:
15-8.2.1. icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması üçün tədbirlər görmək;
15-8.2.2. icbari tibbi sığortanın müntəzəmliyinə dövlət təminatı üçün tədbirlər görmək;
15-8.2.3. icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlərə görə tibb müəssisəsinə sığorta ödənişini ödəmək;
15-8.2.3-1. icbari tibbi sığorta çərçivəsində buraxılmış dərman vasitələrinə görə aptek təşkilatına sığorta ödənişini ödəmək;
15-8.2.4. sığortaolunanların səhhətinə dair məlumatların, həmçinin həkim sirri təşkil edən məlumatların mühafizəsini və məxfiliyini təmin etmək;
15-8.2.5. sığortaolunanların icbari tibbi sığorta ilə bağlı hüquq və mənafelərini qorumaq;
15-8.2.6. icbari tibbi sığorta üzrə sığorta ehtiyatlarını yaratmaq və icbari tibbi sığorta vəsaitlərini idarə etmək;
15-8.2.7. sığortaolunanlara və sığortalılara icbari tibbi sığorta ilə bağlı ödənişsiz məlumat vermək.