8.1. Alınmanın həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət və şikayətlərə baxılması müvafiq icra hakimiyyəti orqanı (bundan sonra — nəzarət orqanı) tərəfindən həyata keçirilir.
8.2. Nəzarət orqanı aşağıdakı funksiyaları yerinə yetirir:
8.2.1. tələb olunduğu hallarda torpağın alınması prosesi ilə bağlı təkliflərə dair rəy hazırlamaq;
8.2.2. alan orqanın həyata keçirdiyi alınma prosedurlarına nəzarət etmək;
8.2.3. qiymətləndirmənin düzgün aparılmasını müəyyən etmək məqsədilə torpağın alınması prosedurlarını davamlı şəkildə yoxlamaq və səmərəliliyi artırmaq istiqamətində dəyişikliklər təklif etmək;
8.2.4. alınma haqqında təkliflər və proseslərlə bağlı ictimai iclaslara nəzarət etmək və həmin iclaslarda edilən etirazlara və təqdimatlara dair hesabatlar hazırlamaq;
8.2.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin alınması başlayana qədər bu Qanuna əsasən kompensasiyanın ödənilməsinin və ya köçürülmənin həyata keçirilməsinin təmin edildiyinə əmin olmaq;
8.2.6 alınmanın təsirinə məruz qalan şəxs tərəfindən şəxsən və ya qanunvericiliklə vəkalət verdiyi şəxs vasitəsilə alınma prosesinin istənilən məsələsi ilə bağlı verilmiş hər hansı şikayətə baxmaq və araşdırmaq, habelə həmin şikayətlə bağlı alan orqana tövsiyələrlə birgə rəy təqdim etmək;
8.2.7. alınma ilə bağlı hesabatlar hazırlamaq.
8.3. Nəzarət orqanı zəruri hallarda torpaqların alınması ilə bağlı ortaya çıxan məsələlərin araşdırılması məqsədilə müvafiq sahə üzrə ekspert və ya mütəxəssis xidmətlərindən istifadə edə bilər.
8.4. Nəzarət orqanı alınma prosedurları ilə əlaqədar hazırladığı təklif və hesabatları müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
8.5. Nəzarət orqanı öz mülahizəsinə görə alınmanın bu Qanunla müəyyən edilmiş tələblərə riayət edilməməklə həyata keçirildiyini hesab etdiyi hallarda, alınma prosesinin istənilən mərhələsində alan orqan tərəfindən torpaq üzərində hüquqların alınması, alınmanın təsirinə məruz qalan şəxslərin köçürülməsi, torpaqda mövcud tikililərin sökülməsi, tikinti işlərinin aparılması da daxil olmaqla, hər hansı işlərin və hərəkətlərin dərhal dayandırılması haqqında sonuncuya icrası məcburi olan göstərişlər verə bilər. Bu göstərişin yerinə yetirilməsinin təmin edilməməsi nəticəsində maraqlı şəxsə dəymiş ziyan alan orqan tərəfindən ödənilir.
II fəsil. Torpaqların dövlət ehtiyacları üçün alınmasına qədər olan icraat