19.1. Sortluq və səpin keyfiyyətləri təsdiq edilmiş toxumlar sertifikatının müddəti bitdikdə və ya keyfiyyətinin itirilməsinə əsaslı şübhələr olduqda, təkrar sertifikatlaşdırılır.
19.2. Toxumların təkrar sertifikatlaşdırılması toxum əməliyyatçılarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciəti əsasında həyata keçirilir. Bu Qanunun 19.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, müraciətə aşağıdakı sənədlər əlavə edilir:
19.2.1. tarla nəzarətinin nəticələrini əks etdirən akt (idxal olunmuş toxumlara münasibətdə, olduğu halda);
19.2.2. sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikat.
19.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 19.2-ci maddəsində nəzərdə tutulan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsinin mümkün olmadığı hallarda, onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Həmin sənədlər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 32.4-cü maddəsinə uyğun olaraq yazılı, o cümlədən elektron sənəd formasında təqdim edilir.
19.4. Təkrar sertifikatlaşdırma məqsədilə toxumdan (toxum partiyasından) nümunələr tarla müfəttişləri tərəfindən götürülür.
19.5. Toxumların təkrar sertifikatlaşdırılması bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.