20.1. Reyestrdə qeydiyyata alınmış sortların toxumlarının istehsalı toxumçuluğun prinsiplərinə riayət edilməklə həyata keçirilir.
20.2. Orijinal və elit toxumların istehsalı seleksiyaçının nəzarəti altında elmi tədqiqat və təhsil müəssisələrinin təcrübə təsərrüfatlarında, habelə toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə cavab verən ixtisaslaşmış təsərrüfatlarda, sertifikatlı toxumların istehsalı isə bu fəaliyyət növü ilə məşğul olan toxumçuluq təsərrüfatlarında həyata keçirilir. Seleksiyaçılar normativ hüquqi aktlara uyğun olaraq fərdi qaydada və ya digər seleksiyaçılarla birlikdə orijinal və elit toxumların istehsalı ilə məşğul ola bilərlər.
20.3. Calaqaltı və calaqüstü anaclıqların yaradılması üçün xəstəliklərə və ziyanvericilərə davamlı bitki materialları toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə uyğun olaraq müvafiq elmi tədqiqat müəssisələrində və ya ixtisaslaşmış tingçilik təsərrüfatında istehsal olunur.
20.4. Artırılma mərhələsindən asılı olaraq kənd təsərrüfatı bitki sortlarının toxumlarının (tinglər istisna olmaqla) aşağıdakı kateqoriyaları müəyyən edilir:
20.4.1. orijinal toxum;
20.4.2. elit toxum;
20.4.3. sertifikatlı toxum.
20.5. Artırılma mərhələsindən asılı olaraq tinglərin aşağıdakı kateqoriyaları müəyyən edilir:
20.5.1. orijinal ting;
20.5.2. əsas (baza) ting;
20.5.3. sertifikatlı ting;
20.5.4. standart ting.
20.6. Bu Qanunun 20.4-cü və 20.5-ci maddələrində qeyd edilən kateqoriyalar üzrə müxtəlif bitki sortlarının toxum və tinglərinin istehsal xüsusiyyətləri nəzərə alınaraq istehsal metodları toxumçuluq sahəsində normativ hüquqi aktların tələbləri ilə müəyyən edilir.