Tullantıların müvafiq növ nəqliyyat vasitəsində daşınması qaydası, yükləmə və boşaltma işlərinin yerinə yetirilməsinə və ekoloji təhlükəsizliyin təmin olunmasına tələblər (norma və qaydalar) müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyən edilir.
Nəqliyyat vasitəsinə yükləndiyi andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana qədər tullantının daşınmasını həyata keçirənlər ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar.
Təhlükəli tullantıların, o cümlədən təhlükəli tibbi tullantıların nəqliyyat vasitələrində daşınması qaydası bu sahədə mövcud olan dövlət standartları və normativləri əsasında müəyyən olunur.
Təhlükəli tullantıların daşınması aşağıdakı şərtlərlə həyata keçirilməlidir:
təhlükəli tullantıların daşınmasına dair bildiriş;
təhlükəli tullantıların pasportunun olması;
xüsusi avadanlıqlar və işarələrlə təchiz olunmuş nəqliyyat vasitəsinin olması;
təhlükəli tullantıların nəqliyyat vasitəsində daşınması ilə bağlı təhlükəsizlik tələblərinə əməl olunması;
təhlükəli tullantıların miqdarını, onların daşınma məqsədini və təyinat yerini göstərən sənədlərin olması.