10.1. Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:
10.1.1. təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;
10.1.2. tibb müəssisələrində və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;
10.1.3. idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;
10.1.4. restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;
10.1.5. ticarət obyektlərində;
10.1.6. məişət obyektlərində;
10.1.7. sosial xidmət müəssisələrində;
10.1.8. yerləşdirmə vasitələrində;
10.1.9. teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;
10.1.10. uşaq meydançalarında;
10.1.11. yerüstü qapalı və yeraltı piyada keçidlərində;
10.1.12. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;
10.1.13. metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;
10.1.14. hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində;
10.1.15. hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;
10.1.16. liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;
10.1.17. taksafonlarda;
10.1.18. yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində;
10.1.19. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində.
10.2. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri bu Qanunun 10.1-ci maddəsində göstərilən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.
10.3. Bu Qanunun 10.1.3-cü, 10.1.4-cü, 10.1.5-ci, 10.1.8-ci, 10.1.14-cü (su və dəmiryolu nəqliyyatında), 10.1.15-ci və 10.1.19-cu maddələrində göstərilən yerlərdə tütün çəkmək üçün havalandırma sistemi ilə təmin olunan və ya açıq havada olan xüsusi yerlər təşkil edilə bilər.
10.4. Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchiz edilməlidir.