12.1. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasında istehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatının tərkibində hər ədəd üçün nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarının yuxarı həddini respublikanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq müəyyən edir və bu normaların azaldılmasını tənzimləyir.
12.2. Tütün məmulatı istehsalçıları tərəfindən Azərbaycan Respublikasının ərazisində istehsal edilmiş və dövriyyəyə buraxılmış tütün məmulatının tərkibində olan nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanına məlumat təqdim edilməlidir.
12.3. Tütün məmulatının tərkibində olan nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş laboratoriyalarda istehsalçı tərəfindən və ya onun hesabına beynəlxalq metodologiya əsasında təhlil edilir və testləşdirilir.
12.4. Tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatın tərtibi və təqdim edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.