13.1. Azərbaycan Respublikasının ərazisində istehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatı qutularının tərtibatı beynəlxalq standartların tələblərinə cavab verməlidir. Yazılar Azərbaycan dilində çap edilməlidir.
13.2. Tütün məmulatının istehlakının insanların səhhətinə zərəri haqqında xəbərdarlıq yazısının mətni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və tütün məmulatı qutusunun yan tərəflərinin birində aydın, seçilən (kontrast), qalın hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmalı, hər hansı nəşr materialı və ya təsvirlə örtülməsinə, gizlədilməsinə, qutunun açılması zamanı zədələnməsinə və ya arası kəsilməsinə yol verilməməlidir.
13.3. İstehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatının hər qutusunun üstündə nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı, habelə məhsulun istehsal olunduğu tarix və onların 18 yaşına çatmamış şəxslərə satılmasının qadağan edilməsi göstərilməlidir.
13.4. İxrac edilən tütün məmulatı qutularının tərtibatı müqavilə şərtlərinə uyğun olaraq başqa dildə də aparıla bilər.