Qanunvericilik › Tütün və tütün məmulatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Tütünün və tütün məmulatının idxalı və ixracı

Tütün və tütün məmulatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Xarici dövlətlərdən Azərbaycan Respublikasına dövlət reyestrində qeydiyyata alınmış, müəyyən edilmiş qaydada verilmiş uyğunluq sertifikatı və ya onun tanınması barədə şəhadətnaməsi olan və bu Qanunla müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən tütün və tütün məmulatı idxal oluna bilər.

14.2. Fiziki şəxslər tərəfindən öz şəxsi istehlakı üçün Azərbaycan Respublikasına gətirilməsinə icazə verilən tütün məmulatının miqdarı müvafiq qanunvericiliklə müəyyən edilir.

14.2-1. Tütün məmulatının idxalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün qeydiyyat şərtləri aşağıdakılardır:

14.2-1.1. Azərbaycan Respublikasının ərazisində azı 1 (bir) il olmaqla tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi;

14.2-1.2. Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması, habelə barəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;

14.2-1.3. vergi orqanlarında uçota alınmış təsərrüfat fəaliyyətinin həyata keçirildiyi obyektə dair mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin olması (sahibkarlıq subyektinin fəaliyyəti təsərrüfat subyekti (obyekti) ilə bağlıdırsa).

14.2-2. Bu Qanunun 14.2-1.1-ci maddəsi yalnız siqaret idxalına şamil olunur.

14.3. Hüquqi və fiziki şəxslər tərəfindən tütünün və tütün məmulatının idxalına aşağıdakı hallarda yol verilmir:

14.3.1. bu Qanuna uyğun olaraq tütün məmulatının idxalının həyata keçirilməsi üçün qeydiyyata alınmadıqda;

14.3.2. tütünün və tütün məmulatının hər partiyası üçün qanunvericiliklə müəyyən edilən sertifikatları olmadıqda;

14.3.3. tütün məmulatı aksiz markası ilə markalanmadıqda;

14.3.4. tütün məmulatının qutusu üzərində tütün çəkməyin sağlamlığa zərərli təsiri barədə xəbərdarlıq, nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı haqqında yazıları Azərbaycan dilində olmadıqda;

14.3.4-1. tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda;

14.3.5. qanunvericiliyə uyğun olmayan digər hallarda.

14.3-1. Bu Qanunun 14.2-1-ci maddəsində müəyyən edilən qeydiyyat şərtləri (Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması şərti istisna olmaqla) pozulduqda, habelə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində göstərilən hallarda tütün məmulatının idxalı fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin qeydiyyatı ləğv edilir.

14.4. Tütünün və tütün məmulatın ixracı Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver