16.1. İnformasiya məhsulunun istehsalçısı və (və ya) yayıcısı ekspert rəyinə uyğun olaraq aşağıdakı qərarlardan birini qəbul edir:
16.1.1. ekspert rəyinə uyğun olaraq informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarələnməsi və ya əvvəlki yaş kateqoriyası işarəsinin digər yaş kateqoriyası işarəsi ilə əvəz edilməsi;
16.1.2. uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar tərəfindən əldə olunmasının qarşısını almaq məqsədi ilə bu Qanunda nəzərdə tutulmuş inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiqi;
16.1.3. uşaqlar arasında dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan informasiya məhsulunun bu Qanunda nəzərdə tutulmuş inzibati, texniki proqram və avadanlıq vasitələri tətbiq etmədən uşaqlar arasında, o cümlədən uşaqlar üçün münasib vaxtda və onların ola biləcəyi ictimai yerlərdə yayılmasının dayandırılması və ya tamamilə dövriyyədən çıxarılması.
16.2. Bu Qanunun 14.2-ci maddəsinə əsasən müvafiq dövlət orqanlarının təşəbbüsü ilə aparılan ekspertiza üzrə ekspert rəyi yol verilmiş pozuntu hallarının təxirə salınmadan aradan qaldırılması barədə həmin orqan tərəfindən pozuntu törədən şəxsə yazılı xəbərdarlıq edilməsi üçün əsasdır.
16.3. İnformasiya məhsulunun istehsalçısı və (və ya) yayıcısı xəbərdarlıqda göstərilən müddətdə pozuntu hallarını aradan qaldırmadıqda müvafiq dövlət orqanları informasiya məhsulunun uşaqlar arasında yayılmasının qarşısının alınması və bu Qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görür.