Qanunvericilik › Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13-13

Maddə 13-13. Nizamnamə (şərikli) kapitalında mühüm iştirak payının əldə edilməsi

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13-13.1. Hər hansı bir şəxs valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış hüquqi şəxsin nizamnamə (şərikli) kapitalında mühüm iştirak payını, o cümlədən mühüm iştirak payını artıraraq səsvermə hüququ olan səhmlərin və ya nizamnamə kapitalının 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə gətirib çıxaran iştirak payını bu Qanunla müəyyən edilmiş qaydada əldə edə bilər.

13-13.2. Bu Qanunun 13-13.1-ci maddəsində nəzərdə tutulan payın əldə edilməsi üçün lisenziya sahibinin səlahiyyətli idarəetmə orqanı müraciəti və qərarı ilə birlikdə aşağıdakı sənədləri və məlumatları Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir:

13-13.2.1. iştirak payını əldə etmək istəyən hüquqi şəxs olduqda:

13-13.2.1.1. hüquqi şəxsin adı, ünvanı, kommersiya fəaliyyətinin növü haqqında məlumatlar, azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illərini və ya ilini) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyləri, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsinə icazə verən səlahiyyətli idarəetmə orqanının qərarının təsdiqlənmiş surəti;

13-13.2.1.2. həmin hüquqi şəxsin icra orqanının rəhbərinin vətəndaş qüsursuzluğu barədə məlumat (rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış);

13-13.2.1.3. xarici hüquqi şəxslər tərəfindən yuxarıda göstərilən sənədlərdən başqa qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış nizamnamə (əsasnamə), onun yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiqləyən sənəd, ən azı sonuncu üç maliyyə ili (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;

13-13.2.2. iştirak payını əldə etmək istəyən fiziki şəxs olduqda:

13-13.2.2.1. soyadını, adını, atasının adını və vətəndaşlığını, şəxsiyyətini təsdiq edən sənədin məlumatlarını, məşğuliyyət növünü göstərən məlumat və sənədlər, habelə vətəndaş qüsursuzluğu barədə məlumat;

13-13.2.2.2. fiziki şəxs əcnəbi olduqda, yuxarıda göstərilən məlumat və sənədlərdən başqa rezidenti olduğu ölkənin bir və ya bir neçə maliyyə təşkilatının müsbət tövsiyələri və/və ya bank hesablarından çıxarışlar (daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilərə münasibətdə istisna olmaqla) və rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

13-13.2.2-1. iştirak payını əldə etmək istəyən şəxs xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda, bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə) xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adı və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat;

13-13.2.3. iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumat və sənədlər.

13-13.3. Azərbaycan Respublikasının Mərkəzi Bankı bu Qanunun 13-13.2-ci maddəsinə uyğun verilmiş ərizəyə ən geci 20 iş günü müddətində baxır və icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:

13-13.3.1. bu Qanunun 13-13.2-ci maddəsində nəzərdə tutulan sənədlər tam təqdim olunmadıqda (bu Qanunun 13-13.7-ci maddəsinin tələbləri nəzərə alınmaqla);

13-13.3.2. iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi məlum olmadıqda və ya bu Qanunun 13-3.1.4-cü maddəsində göstərilən faktlar müəyyən edildikdə;

13-13.3.3. iştirak payını əldə etmək istəyən şəxslər (hüquqi şəxs olduqda icra orqanının rəhbəri) vətəndaş qüsursuzluğu tələblərinə cavab vermədikdə;

13-13.3.4. iştirak payını əldə etmək istəyən şəxsin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda.

13-13.4. İştirak payının əldə edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankının verdiyi icazədə iştirak payının alınmasının son müddəti göstərilir. Bu müddət bitdikdən sonra və ya Azərbaycan Respublikası Mərkəzi Bankının icazəsi olmadan iştirak payının əldə edilməsini təmin edən əqdlər bağlanıldıqda, həmin əqdlər bağlanıldığı andan etibarsız hesab edilir.

13-13.5. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış hüquqi şəxsin kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus səs hüquqlarını və ya nizamnamə (şərikli) kapitalındakı payını 50 faizdən aşağı səviyyəyə endirməzdən əvvəl bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına yazılı məlumat verməlidir.

13-13.6. Azərbaycan Respublikasının Mərkəzi Bankı bu Qanunun 13-13.3.2-ci və 13-13.3.3-cü maddələrində göstərilən halları aşkar etdikdə, iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən geri alınması (əldə edilməsi) barədə məhkəməyə ərizə ilə müraciət edir.

13-13.7. Bu Qanunun 13-13.2-ci maddəsində qeyd edilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iştirak payını əldə etmək istəyən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver