Qanunvericilik › Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13-2

Maddə 13-2. Lisenziyanın verilməsi

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13-2.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qanunun 13-1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və lisenziyanın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar (bu Qanunun 13-1.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar, eyni zamanda, ərizəçiyə bildirilməlidir.

13-2.2. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman lisenziyanın verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət lisenziyanın verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciəti Azərbaycan Respublikasının Mərkəzi Banka daxil olduqdan sonra müddətin axımı bərpa olunur.

13-2.3. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qanunun 13-2.2-ci maddəsində göstərilən müddətdə aradan qaldırmadıqda Azərbaycan Respublikasının Mərkəzi Bankı ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

13-2.4. Bu Qanunun 13-2.3-cü maddəsində nəzərdə tutulmuş halda ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra lisenziyanın alınması üçün təkrar ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Banka müraciət edə bilər. Həmin müraciətə bu Qanunun 13-1-ci və 13-2-ci maddələri üzrə yenidən baxılır.

13-2.5. Azərbaycan Respublikasının Mərkəzi Bankı təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 20 iş günündən gec olmayaraq lisenziyanın verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul edir.

13-2.6. Azərbaycan Respublikasının Mərkəzi Bankı bu Qanunun 13-2.5-ci maddəsində müəyyən edilmiş müddətdən gec olmayaraq lisenziyanın verilməsi haqqında qərarı ərizəçiyə göndərir. Həmin qərar ərizəçiyə daxil olduqdan sonra lisenziyanın verilməsi üçün dövlət rüsumu 5 iş günü müddətində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Mərkəzi Bankı təqdim edilir. Lisenziyanın verilməsindən imtina haqqında qərar qəbul olunduğu tarixdən 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

13-2.7. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Azərbaycan Respublikasının Mərkəzi Banka ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Azərbaycan Respublikasının Mərkəzi Banka təqdim edilmədikdə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziya ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

13-2.8. Lisenziyada aşağıdakılar göstərilir:

13-2.8.1. lisenziyanın verilmə tarixi və qeydiyyat nömrəsi;

13-2.8.2. lisenziya verən orqanın adı və ünvanı;

13-2.8.3. lisenziyanın sahibi barədə məlumatlar (rezident hüquqi şəxsin, yaxud qeyri-rezident hüquqi şəxsin filialının adı və hüquqi ünvanı, lisenziya verilmiş obyektin yerləşdiyi ünvan, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi);

13-2.8.4. lisenziya verilən fəaliyyət növü.

13-2.9. Valyuta mübadiləsi fəaliyyətini həyata keçirən şəxsə verilən lisenziya müddətsizdir.

13-2.10. Lisenziya Azərbaycan Respublikasının Mərkəzi Bankın səlahiyyətli şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

13-2.11. Lisenziya Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış şəxs tərəfindən istifadə edilə bilər. Lisenziya üçüncü şəxslərə ötürülə bilməz. Lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçi (iştirakçı) olduğu hüquqi şəxslərə, habelə lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirildiyi obyektdə valyuta mübadiləsi fəaliyyətindən başqa, digər xidmətlərin həyata keçirilməsi qadağandır.

13-2.12. Valyuta mübadiləsi fəaliyyəti ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda lisenziyanın əlavəsi verilir.

13-2.13. Lisenziyanın əlavəsinin başlığında “lisenziyanın əlavəsi” sözləri yazılır. Həmin əlavədə valyuta mübadiləsi fəaliyyətinin həyata keçirildiyi obyektin ünvanı göstərilir. Fəaliyyətin həyata keçirildiyi hər bir obyekt üçün lisenziyanın ayrıca əlavəsi təqdim olunur.

13-2.14. Lisenziyanın əlavəsini almaq üçün lisenziya sahibi lisenziya verildikdən sonra Azərbaycan Respublikasının Mərkəzi Bankına ərizə ilə müraciət edə bilər. Həmin ərizəyə yalnız bu Qanunun 13-1.2.4-cü, 13-1.2.8-ci, 13-1.2.8-2-ci və 13-1.2.9-cu maddələrində göstərilən sənədlər (bu Qanunun 13-1.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), habelə bu Qanunun 13-10.9-cu maddəsinə uyğun olaraq nizamnamə (şərikli) kapitalının artırılmasını təsdiq edən sənədlər əlavə olunur.

13-2.15. Lisenziyanın əlavəsi bu Qanunun 13-2.10-cu maddəsində nəzərdə tutulmuş qaydada imzalanır və təsdiq edilir.

13-2.16. Lisenziyanın yenidən rəsmiləşdirilməsinin, dublikatının verilməsinin, dayandırılmasının və ləğvinin hüquqi nəticələri lisenziyanın əlavəsinə də şamil edilir.

13-2.17. Bu Qanunla lisenziyanın dayandırılması və ya ləğv edilməsi üçün əsaslar lisenziyanın əlavəsinin də dayandırılması və ya ləğv edilməsi üçün əsasdır. Lisenziyanın əlavəsinin dayandırılmasının və ləğvinin hüquqi nəticələri lisenziyaya şamil edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver