1. Azərbaycan Respublikasında valyuta əməliyyatları həyata keçirən rezident və qeyri-rezidentlər, həmçinin milli valyuta ilə və bu valyutada qiymətli kağızlarla əməliyyatlar aparan qeyri-rezidentlər aşağıdakı hüquqlara malikdirlər:
a) valyuta nəzarəti orqanları və agentləri tərəfindən aparılmış yoxlamaların nəticələri ilə tanış olmaq;
b) valyuta nəzarəti agentlərinin fəaliyyəti barədə müvafiq valyuta nəzarəti orqanlarına, valyuta nəzarəti orqanlarının fəaliyyəti barədə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada şikayət etmək;
v) bu Qanunla və Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
2. Azərbaycan Respublikasında valyuta əməliyyatları həyata keçirən rezidentlər və qeyri-rezidentlər, həmçinin milli valyuta ilə əməliyyatlar aparan qeyri-rezidentlər aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar:
a) valyuta nəzarəti orqanları və agentlərinə valyuta nəzarəti funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan informasiya və sənədləri təqdim etmək;
b) valyuta-nəzarəti orqanları və agentlərinə onlar tərəfindən yoxlamaların aparılması zamanı, eləcə də yoxlamaların nəticələri üzrə izahatlar təqdim etmək;
v) valyuta nəzarəti orqanları və agentləri tərəfindən aparılan yoxlama aktlarında göstərilmiş faktlarla razılaşmadıqda aktın imzalanmasından imtina edilməsinin səbəbləri barədə yazılı izahat təqdim etmək;
q) onlar tərəfindən həyata keçirilən valyuta əməliyyatları üzrə uçot aparmaq və hesabat hazırlamaq, onları 5 ildən az olmayan müddətə saxlamaq;
ğ) aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasına dair valyuta nəzarəti orqanlarının tələblərini (göstərişlərini) yerinə yetirmək;
d) Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.