Qanunvericilik › Azərbaycan Respublikasının Vergi Məcəlləsi › Maddə 202

Maddə 202. Müəssisənin və fərdi sahibkarın əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası

Azərbaycan Respublikasının Vergi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

202.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri götürülür. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:

202.1.1. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır.

202.1.2. müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində yaradıldıqda (uçota alındıqda) və ya əmlak vergisi ödəyicisi olduqda, onun əsas vəsaitlərinin yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin və ya fərdi sahibkarın yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.

202.1.3. müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində ləğv edildikdə və ya uçotdan çıxarıldıqda, onun əsas vəsaitlərinin ilin əvvəlinə və ləğv edildiyi və ya uçotdan çıxarıldığı tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya fərdi sahibkarın uçotdan çıxarıldığı aya qədər olan ayların sayına vurulur.

202.1.4. kredit təşkilatları hesabat ili ərzində müflis elan olunduqda, onun əmlakının ilin əvvəlinə və müflis elan olunduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən kredit təşkilatının müflis elan olunduğu aya qədər olan ayların sayına vurulur.

202.2. Bu maddədə fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri müəyyən edilərkən bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən əsas vəsaitlər nəzərə alınmır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver