17.1. Xüsusi icra məmurunun fəaliyyəti üzrə kargüzarlığın aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
17.2. Xüsusi icra məmuru tərəfindən kargüzarlığın aparılması qaydalarına riayət edilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.
17.3. İcra işinin materialları və xüsusi icra məmurunun arxivi dövlətin mülkiyyəti olmaqla icra sənədlərinin icrası ilə əlaqədar xüsusi icra məmurunun istifadəsindədir.
17.4. Xüsusi icra məmurunun fəaliyyəti ilə bağlı arxiv sənədlərinin mühafizəsi, istifadəsi və dövlət mühafizəsinə verilməsi “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
17.5. Qanunla nəzərdə tutulmuş hallar və əsaslar istisna olmaqla, xüsusi icra məmurunun razılığı olmadan heç kəs onun arxivinə daxil ola bilməz. Xüsusi icra məmurunun arxivinə girişinə razılıq verilmiş şəxslər peşə sirrini qorumalı və arxivdə aparılan əməliyyatlarla bağlı xüsusi icra məmuruna məlumat verməlidirlər.
17.6. Xüsusi icra məmuru “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabat tərtib və təqdim edir, həmçinin fəaliyyəti barədə Palataya hesabat verir.
17.7. Xüsusi icra məmuru “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.