Qanunvericilik › Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Xüsusi icra məmurunun köməkçisi və digər işçiləri

Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Xüsusi icra məmurunun fəaliyyətinin təmin edilməsi məqsədilə onun bir və ya bir neçə köməkçisi ola bilər. Xüsusi icra məmuru öz köməkçisinin fəaliyyətə başlaması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ərizə ilə müraciət etməlidir. Ərizədə köməkçinin soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi barədə məlumatlar göstərilməli və aşağıdakı sənədlər əlavə olunmalıdır:

18.1.1. ali təhsili haqqında sənədin surəti;

18.1.2. sağlamlıq vəziyyətinə görə xüsusi icra məmurunun köməkçisinin işləməyə yararlı olması barədə tibbi arayış.

18.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ərizəni qəbul etdikdən 10 (on) iş günü müddətində şəxsin bu Qanunun 7.2-ci və 7.3-cü maddələrində müəyyən edilmiş tələblərə uyğun olub-olmadığını araşdırır və müvafiq məhdudiyyətlər olmadığı təqdirdə köməkçi barədə məlumatı Reyestrə daxil edir. Əks halda xüsusi icra məmuruna imtinanın əsasları barədə yazılı məlumat verilir.

18.3. Şəxs yalnız barəsində məlumat Reyestrə daxil edildikdən sonra xüsusi icra məmurunun köməkçisi kimi fəaliyyətə başlaya bilər. Xüsusi icra məmurunun köməkçisi icra hərəkətlərinin həyata keçirilməsində iştirak edərkən üzərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən təsvirə uyğun xüsusi icra məmuru köməkçisinin nişanını daşımalıdır. Nişanın üzərində köməkçinin soyadı, adı və atasının adı, “Xüsusi icra məmurunun köməkçisi” sözləri göstərilməlidir.

18.4. Xüsusi icra məmurunun köməkçisi xüsusi icra məmurunun qanuni tapşırıqlarını yerinə yetirir. O, müstəqil olaraq xüsusi icra məmurunun fəaliyyəti ilə məşğul ola, icra hərəkətlərini həyata keçirə bilməz.

18.5. İcra icraatı ilə bağlı köməkçinin aşağıdakı səlahiyyətləri vardır:

18.5.1. prosessual və digər sənədlərin layihələrini hazırlamaq;

18.5.2. çağırışları, bildirişləri və digər sənədləri çatdırmaq;

18.5.3. sənədləri qəbul etmək;

18.5.4. xüsusi icra məmurunun icraatında olan icra sənədləri üzrə tərəfləri və üçüncü şəxsləri dəvət etmək, onlarla danışıqlar aparmaq;

18.5.5. xüsusi icra məmuru ilə birlikdə qanunda nəzərdə tutulmuş hallarda və qaydada yaşayış və qeyri-yaşayış sahələrinə daxil olmaq, orada baxış keçirmək və saxlama yerlərini açmaq və baxmaq;

18.5.6. vətəndaşların qəbulunda iştirak etmək;

18.5.7. xüsusi icra məmurunun digər qanuni göstərişlərini yerinə yetirmək.

18.6. Xüsusi icra məmuru icra hərəkətlərinin icrası zamanı köməkçisinin fəaliyyətinə, o cümlədən tərəflərə və üçüncü şəxslərə köməkçinin əməlləri nəticəsində dəymiş ziyana görə mülki məsuliyyət daşıyır.

18.7. Kargüzarlıq, arxiv, maliyyə-mühasibat və digər işlərin aparılması xüsusi icra məmurunun köməkçisinə həvalə oluna və ya bu məqsədlə xüsusi icra məmuru tərəfindən digər işçilər işə götürülə bilər. Xüsusi icra məmuru ilə onun köməkçisinin, habelə digər işçilərinin əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver