10-1.1. Xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə həmin ərazilərin sanitariya-mühafizə zonaları müəyyən edilir.
10-1.2. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sərhədlərinin hüdud xəttindən bütün perimetri boyunca 3000 metrədək məsafədə müəyyən edilir.
10-1.3. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinə bitişik sərhədlərinin hüdud xəttindən 3000 metrədək məsafədə müəyyən edilir.
10-1.4. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonaları müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
10-1.5. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilir.
10-1.6. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında ərazinin ekosisteminə mənfi təsir göstərməyən və təbii ehtiyatların təsərrüfat istifadəsinə məhdudiyyətləri nəzərdə tutan aşağıdakı fəaliyyətlərə yol verilir:
10-1.6.1. elmi tədqiqat işləri;
10-1.6.2. ətraf mühitin monitorinqi və ekosistem dəyişikliklərinə nəzarət;
10-1.6.3. yanğından mühafizə tədbirləri və meşə massivlərinin qorunması;
10-1.6.4. torpaqdan təsərrüfat məqsədi ilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi;
10-1.6.5. bioloji və landşaft müxtəlifliyi, təbii ekosistemin bərpası tədbirlərinin keçirilməsi;
10-1.6.6. turizm və rekreasiya məqsədləri ilə istifadə;
10-1.6.7. mineral su və digər müalicəvi resurslardan istifadə;
10-1.6.8. balıq və digər su bioresurslarının idman və həvəskar ovu;
10-1.7. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında aşağıdakılar qadağandır:
10-1.7.1. yeni yaşayış məntəqələrinin salınması;
10-1.7.2. ekoloji təhlükə yaradan müəssisələrin, o cümlədən kimya, nüvə energetikası və metallurgiya sənayesi obyektlərinin yerləşdirilməsi və istismarı;
10-1.7.3. geoloji kəşfiyyat işlərinin aparılması, faydalı qazıntıların çıxarılması və emalı;
10-1.7.4. meşələrdə əsas istifadə qırıntısı;
10-1.7.5. aqrokimyəvi maddələrdən və pestisidlərdən istifadə;
10-1.7.6. yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası;
10-1.7.7. ərazinin hidroloji rejimini pozan və torpağın münbitliyinə təsir edən işlərin görülməsi.
10-1.8. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarına daxil edilmiş xüsusi mülkiyyətdə, bələdiyyə mülkiyyətində və (və ya) istifadədə olan əmlakdan servitut hüququ əsasında istifadə edilir.