Yanğın təhlükəsizliyi sahəsində işlər və xidmətlər yanğın təhlükəsizliyi tələblərinin həyata keçirilməsi, habelə yanğınların qarşısının alınmasının və söndürülməsinin təmin edilməsi məqsədilə yerinə yetirilir. Yanğın təhlükəsizliyi sahəsində işlərə və xidmətlərə aşağıdakılar aiddir:
1) müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğınlardan qorunması;
2) yanğınsöndürmə texnikası məhsulunun istehsalı və alınması, sınaqların keçirilməsi;
3) layihə-axtarış işlərinin yerinə yetirilməsi;
4) elmi-texniki məsləhət verilməsi və ekspertiza keçirilməsi;
5) maddələrin, materialların, məmulatın, avadanlığın və konstruksiyaların yanğın təhlükəsizliyinin sınaqdan keçirilməsi;
6) əhaliyə yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsi;
7) yanğına qarşı təbliğat aparılması, xüsusi ədəbiyyatın və reklam məhsulunun nəşri;
8) yanğından qoruma və boru-soba işləri;
9) yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri;
10) yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası;
11) yanğından mühafizə binalarının, qurğularının, otaqlarının tikilməsi, yenidən qurulması və təmiri.
Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.