Sertifikatlaşdırma — “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, malın (xidmətin, işin), prosesin və idarəetmə sisteminin (bundan sonra - məhsulun və xidmətlərin) müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun təsdiq edilməsi sahəsində göstərilən fəaliyyətdir. Sertifikatlaşdırmanın qaydalarına uyğun olaraq sertifikatlaşdırılmış məhsulun və xidmətin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq etmək üçün uyğunluq sertifikatı verilir.
Məcburi qaydada sertifikatlaşdırılan məhsulun və xidmətlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
Sertifikatlaşdırmanın təşkili və aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan sertifikatlaşdırma işlərinin haqqını məhsulu hazırlayan (satan) və xidmətləri göstərən ödəyir, həm də sertifikasiya məsrəfləri məhsulun və xidmətlərin maya dəyərinə aid edilir.