Nəqliyyat vasitələrində aşağıdakı tanınma nişanlarından istifadə olunur (7 saylı Əlavə):
1) “Avtoqatar” — qoşqulu yük avtomobillərində və təkərli traktorlarda (1,4 ton və daha artıq yük götürən), habelə birləşdirilmiş avtobus və trolleybuslarda — kabinənin damında bir-birindən 150—300 mm aralı, üfiqi yerləşdirilmiş narıncı rəngli üç fənər şəklində;
2) “Tikanlı şinlər” — tikanlı şinlər qoyulmuş mexaniki nəqliyyat vasitələrinin arxasında — bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış içərisində qara rənglə şin təsviri olan üçbucaq şəklində (üçbucağın tərəfləri azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər);
3) “Uşaqların daşınması” — avtobusda dəstə ilə uşaq apararkən, bu nəqliyyat vasitələrinin qabağında və arxasında — qırmızı haşiyəyə alınmış və içərisində qara rənglə 1.21 yol nişanının simvolu təsvir edilmiş sarı rəngli kvadrat şəklində (kvadratın tərəfləri azı 250 mm, haşiyənin eni kvadratın tərəfinin onda biri qədər);
4) “Eşitmə qabiliyyəti tam məhdud olan sürücü” — nitq-eşitmə və ya eşitmə qabiliyyəti tam məhdud olan sürücülərin idarə etdiyi mexaniki nəqliyyat vasitələrinin qabağında və arxasında-diametri 160 mm olan, içərisində təpəsi aşağı yönəldilmiş bərabərtərəfli xəyali üçbucağın künclərində 40 mm diametrli üç qara dairəcik çəkilmiş sarı rəngli dairə şəklində;
5) “Əlilliyi olan şəxs” — orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar tərəfindən idarə olunan və qeydiyyat şəhadətnaməsində bu barədə müvafiq qeyd olan nəqliyyat vasitələrinin qabaq və arxasında — tərəfləri 150 mm ölçülü, daxilində 7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində;
6) “Həkim” — sürücü-həkimlərin idarə etdiyi nəqliyyat vasitələrinin qabağında və arxasında — tərəflərinin ölçüsü 140 mm olan, içərisinə ağ dairədə (diametri 125 mm) qızıl xaç (ştrixin hündürlüyü 90 mm, eni 25 mm) təsviri vurulmuş, göy rəngli kvadrat şəklində;
7) “Təlim nəqliyyat vasitəsi” — sürücülük öyrətmək üçün istifadə olunan mexaniki nəqliyyat vasitəsinin qabağında və arxasında — bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış (üçbucağın tərəfləri azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər) və içərisində qara rəngdə “təlim” sözü yazılmış üçbucaq şəklində (minik avtomobilinin damında ikitərəfli nişan qoyulmasına yol verilir);
8) “Nəqliyyat vasitəsinin qabaritindən kənara çıxan yük” — 400´400 mm ölçüdə, diaqonal boyu 50 mm enində, növbə ilə qırmızı və ağ zolaqlar çəkilmiş, işıqqaytarıcı səthə malik lövhəcik şəklində;
9) “Təhlükəli yük” — belə yüklər daşıyan nəqliyyat vasitələrinin qabağında və arxasında — 690´300 mm ölçüdə, onun 400´300 mm ölçüdə sağ hissəsi narıncı, sol hissəsi isə 15 mm enində qara haşiyəyə alınmış ağ rəngdə olan düzbucaq şəklində (nişanda yükün təhlükəli xassələrini xarakterizə edən işarələr çəkilir);
10) “Uzunölçülü nəqliyyat vasitəsi” — yüklü və ya yüksüz iki və daha çox qoşqusu olan uzunluğu 24 metrdən artıq olan avtoqatarların arxasında — 40 mm enində qırmızı haşiyəsi olan sarı rəngli, azı 1200´200 mm ölçülü, işıqqaytarıcı səthə malik düzbucaq şəklində (göstərilən ölçüdə nişanı yerləşdirmək mümkün olmadıqda, azı 600´200 mm ölçüdə iki eyni nişanı nəqliyyat vasitəsinin oxuna simmetrik yerləşdirməyə yol verilir) tanınma nişanları quraşdırılır;
11) “Qəza dayanma nişanı” — yolun hərəkət hissəsində nəqliyyat vasitəsi məcburi dayandığı hallarda quraşdırılır;
12) “AZ” fərqlənmə nişanı — beynəlxalq yol hərəkətlərində iştirak edən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına mənsubiyyətini bildirmək məqsədilə quraşdırılır;
13) “Təcrübəsiz sürücü” — nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük vərdişlərinə mükəmməl malik olmadığı barədə yol hərəkətinin başqa iştirakçılarını xəbərdar etmək məqsədilə quraşdırılır;
14) “Avtonom nəqliyyat vasitəsinin tanınma nişanı” – avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz edilmiş nəqliyyat vasitələrinin arxasında eni 200 mm ölçüdə, hündürlüyü 250 mm ölçüdə ağ haşiyəyə alınmış göy rəngli düzbucaq şəklində tanınma nişanı quraşdırılır, yol hərəkətinin digər iştirakçılarını xəbərdar etmək məqsədilə lövhənin yuxarı hissəsində simsiz ötürülmə dalğaları təsvir edilmiş avtomobil simvolu, aşağı hissəsində isə ağ rənglə “AVTONOM NƏQLİYYAT VASİTƏSİ” sözləri yazılır.
Qeyd: “Əlilliyi olan şəxs” tanınma nişanı orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınarkən və ya onların müraciəti və müvafiq orqanizmin funksiyalarının pozulması faizini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən ödənişsiz təqdim olunur. “Əlilliyi olan şəxs” tanınma nişanı yerləşdirilmiş nəqliyyat vasitəsini idarə edən şəxs orqanizmin funksiyalarının pozulması faizini təsdiq edən sənədi özündə saxlamalı və müvafiq icra hakimiyyəti orqanı əməkdaşının tələbi ilə yoxlanılması üçün ona təqdim etməlidir.