Qanunvericilik › Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 73

Maddə 73. Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən səs siqnalları və xarici işıq cihazlarından istifadə edilməsi

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat vasitələrinin sürücüləri fara işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq göstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə edirlər.

II. Yuxarıda göstərilən vasitələrlə səs və işıq siqnallarının verilməsi, nəqliyyat vasitələrinin sürücülərini sürəti azaltmaq və yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün bütün digər zəruri tədbirləri görmək vəzifəsindən azad etmir.

III. Sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində, habelə tunellərdə hərəkətdə olan nəqliyyat vasitələrində və qoşqularda işıq cihazları və işıq siqnalları aşağıdakı qaydada yandırılmalıdır:

1) təchizatından asılı olaraq nəqliyyat vasitələrində — faraların yaxın və ya uzaq işıqları və arxa qabarit işıqları, velosipedlərdə və kiçik elektrik nəqliyyat vasitələrində - faralar və ya fənərlər, at arabalarında - fənərlər;

2) qoşqularda və yedəyə alınan nəqliyyat vasitələrində — qabarit işıqları.

IV. Uzaq işıq yaxın işığa:

1) yaşayış məntəqələrində yol kifayət qədər işıqlandırıldıqda və yaşayış məntəqələrindən kənarda, əgər yolun hərəkət hissəsi yol boyu işıqlanmışdırsa və əgər həmin işıqlandırma sürücüyə kifayət qədər məsafədə görmək imkanı verirsə;

2) sürücünün gözlərini qamaşdırmamaq məqsədi ilə qarşıdan gələn nəqliyyat vasitəsinə azı 150 metr qalmışsa;

3) yol hərəkətinin digər iştirakçılarının gözlərini qamaşdıra bilən hər hansı digər hallarda keçirilməlidir. Gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalıdır;

4) irəlidə hərəkət edən nəqliyyat vasitəsindən yaxın məsafədə hərəkət etdikdə, ötməzdən əvvəl qısa müddətə faraların uzaq işığını yandırmaqla xəbərdarlıq işıq siqnalı vermək olar.

V. Sutkanın işıqlı vaxtında hərəkət edən nəqliyyat vasitəsini göstərmək məqsədilə aşağıdakı nəqliyyat vasitələrində faranın yaxın işıqları yandırılmalıdır:

1) motosiklet və mopedlərdə;

2) uşaq dəstələrini daşıyan avtobus və mikroavtobuslarda;

3) mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən nəqliyyat vasitələrində;

4) digər nəqliyyat vasitələrini yedəyə alan nəqliyyat vasitələrində;

5) təhlükəli, ağır çəkili və iri qabaritli yük daşıyan nəqliyyat vasitələrində;

6) xüsusi olaraq ayrılmış zolaqla nəqliyyat vasitələrinin axınına qarşı hərəkət edən ümumi istifadədə olan nəqliyyat vasitələrində.

V-I. Duman faralarından aşağıdakı hallarda istifadə oluna bilər:

1) məhdudiyyətli görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq işıqları ilə birlikdə;

2) sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində - faraların yaxın və uzaq işıqları ilə birlikdə;

3) bu Qanunun 73-cü maddəsinin V hissəsində nəzərdə tutulmuş hallarda müvafiq nəqliyyat vasitələrində faranın yaxın işıqlarının əvəzinə.

Qeyd: Duman faralarından aşağıdakı hallarda istifadə oluna bilər: 1) məhdud görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq işıqları ilə birlikdə; 2) sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində — faraların yaxın və uzaq işıqları ilə birlikdə.

VI. Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, habelə məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən nəqliyyat vasitəsində və avtoqatarda qabarit və ya dayanacaq işıqları yandırılmalıdır. Əgər qabarit işıqları nasazdırsa, nəqliyyat vasitəsi yoldan kənara çıxarılmalı, bu mümkün olmadıqda isə o, qəza dayanma nişanı ilə bu Qanunun tələbinə uyğun işarələnməlidir.

VII. Qatı duman şəraitində, güclü qar və yağış yağanda, yaxud buna uyğun digər şəraitdə, həmçinin faranın yaxın işıqları və ya duman faraları və dumana qarşı fənərlər yandırala bilər.

Qeyd: Yuxarıda göstərilən hallar istisna olmaqla, nəqliyyat vasitələri işıq və səs siqnalları söndürülmüş vəziyyətdə aşağıdakı hallarda duracaqda dayana bilər: 1) işıqlandırılmış yollarda nəqliyyat vasitəsi kifayət qədər məsafədən aydın göründükdə; 2) yolun hərəkət hissəsinin kənarından aralı saxlandıqda; 3) akkumulyatorla təchiz olunmamış motosikletlər və mopedlər yaşayış məntəqəsində yolun hərəkət hissəsinin qırağında saxlandıqda; 4) yaşayış məntəqələrində hərəkət gərginliyi az olan küçələrdə.

VIII. Projektor-faradan və axtarıcı-faradan yalnız yaşayış məntəqələrindən kənarda, qarşıdan nəqliyyat vasitələri gəlmədikdə istifadə etməyə icazə verilir. Yaşayış məntəqələrində belə faralardan yalnız operativ və xüsusi xidmət nəqliyyat vasitələrinin sürücüləri xidməti tapşırığı yerinə yetirərkən istifadə edə bilərlər.

IX. Arxa duman fənərlərindən yalnız məhdudiyyətli görünmə şəraitində istifadə edilə bilər. Arxa duman fənərlərini stop-siqnallara qoşmaq qadağandır.

X. “Avtoqatar” tanınma nişanı avtoqatar hərəkət etdiyi, sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində isə, həm də dayandığı və ya durduğu müddətdə yanmalıdır.

XI. Səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər:

1) yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda;

2) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün.

XII. Ötmə barədə xəbərdarlıq etmək üçün səs siqnalı əvəzinə (və ya onunla birlikdə) işıq siqnalı verilə bilər. Bu işıq siqnalı sutkanın işıqlı vaxtı — faraların işıqlarını qısamüddətli yandırıb-söndürməkdən, sutkanın qaranlıq vaxtı isə faraların yaxın işığını dəfələrlə uzaq işığa keçirməkdən ibarətdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver