Məhkəmə qərarları › İş №2(001)-1731/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1731/2021

18.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1731/2021 18.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı X1 və onun nümayəndəsi,Vəkil1 oğlunun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ Üzrə Mı̇ llı̇ Observatorı̇ ya" Publı̇ k Hüquqı̇ şəxsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti cəlb edilməklə) “işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X3i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,barəsində qəbul edilmiş əmrin ləğvi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ Üzrə Mı̇ llı̇ Observatorı̇ ya" da əmək bazarının proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi, məcburi işəburaxma müddətinə görə əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən 16.762 manat maddi və mənəvi ziyanın əvəzi olaraq 5.000 manat, ümumilikdə 21762 manat pulun və qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, onun barəsində qəbul edilmiş əmrin ləğvi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” da əmək bazarının proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə işləyən mütəxəssisdir. İşlədiyi dövrdə bir çox dövlət əhəmiyyətli proqramların icrasında iştirak etmiş, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədi ilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda (SPPS və s.) emalı, təhlili və təkliflərin hazırlanması, elmi broşurların və tezislərin çap olunması və s. kimi işlərlə məşğul olmuşdur. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”-da əmək bazarının proqnazlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Yeni yaradılan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya da bu qəbildən olan işlərlə məşğul olacaqdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 479 №-li Fərmanı ilə bir sıra dövlət orqanlarının, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 480 nömrəli Fərmanının 2.2.bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətinə müvafiq tədbirlər görülməsi tapşırılmışdır. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 775 nömrəli Fərmanının və AR Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 95 nömrəli Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmış, onun nizamnaməsi, işçilərin ştat sayı və strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ETTM, Observatoriya və digər müvafiq təşkilatlar ilə əlaqədar Fərmanlarından və Nazirlər Kabinetinin müvafiq qərarlarından da göründüyü kimi, məsələnin əsas mahiyyəti əvvəlki təşkilatlarda elmi-tədqiqat sahəsində uzun müddətə formalaşmış və təcrübə toplamış mütəxəssisləri ixtisar etmək yox, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun “Məşğulluq sahəsində dövlətin vəzifələri” barədə 8ci maddəsinin 8.03-cü bəndinə uyğun olaraq “işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırlanmasından” ibarətdir. Lakin, aidiyyəti dövlət orqanlarının vəzifəli şəxslərinin qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə əməl etməməsi, səriştəsiz və yarıtmaz fəaliyyəti dövlətin apardığı məqsədyönlü struktur islahatlara kölgə salmaqdadır. AR Prezidentinin ETTM-in ləğvi ilə bağlı yuxarıda sözü keçən Fərmanın icrasının ƏƏSM Nazirliyi tərəfindən guya “gerçəkləşdirildiyi” vaxt iddiaçını xx xxxx 2020-ci il tarixdə iş yerinə dəvət edərək (pandemiya şəraiti ilə əlaqədar onlara evdə oturmağa icazə vermişdilər) ərizə yazmağa məcbur etdilər ki, öz xahişi ilə həmin tarixdən işdən azad olunsun. Elə həmin tarixdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində ”Əmək Bazan və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da işlə təmin olunmağına dair X4 adına ərizə yazdırdılar. xx xxxx 2020-ci ildən ləğv edilməkdə olan təşkilatdan öz xahişi ilə işdən azad olunmağa ərizə yazmağa məcbur edildiyi vaxt, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı xx xxxx 2020-ci il tarixli, 01/411 mömrəli sənədə əsasən xx xxxx 2020-ci il tarixindən bir ay müddətinə əmək haqqı saxlanılmaqla ETTM-in əməkdaşlarının ödənişsiz məzuniyyətə göndərilməsi barədə sərəncam verilmişdir. xx xxxx 2020-ci il tarixdə isə pandemiya şəraiti ilə əlaqədar yenə evdə olduğuna görə işə çağırıb işdən azad olunduğunu şifahi olaraq bildirdilər. İşdən azad olunduğu gün bu barədə heç bir əmrin surəti, əmək kitabçası və son haqq-hesab verilməmişdir. Belə bir kobud hüquq pozuntuları ilə əlaqədar xx xxxx 2020-ci il tarixdə nazir cənab Sahil Babayevə kollektiv müraciət etmişlər. Hazırkı vaxta qədər heç bir cavab verilməmişdir. xx xxxx 2020-ci il tarixdə isə Mehriban xanım Əliyevanın adına ünvanlanmaqla, əvvəlki məktubun və yeni məktubun surətlərini Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), ƏƏSM Nazirliyinə və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərmişlər. Sonuncu müraciətlərinə ƏƏSM Nazirliyinin Aparatının rəhbərinin imzası ilə xx xxxxxx 2020-ci il tarixli, **********3 nömrəli və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) xx xxxxxxxx 2020-ci il tarixli, 2/15627-20 nömrəli cavab məktublarını almışlar. Həmin cavab məktublarma əsasən ƏƏSM Nazirliyinin Aparatının rəhbərinin istinad etdiyi AR Əmək Məcəlləsinin maddələri də göstərir ki, məsələ Nazirlik tərəfindən mahiyyəti üzrə hüquqi baxımdan araşdırılmamış, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) AR Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə istinad edərək bütün fərdi əmək mübahisələrinə məhkəmələr tərəfindən baxıldığını bildirərək məhkəməyə müraciət edə biləcəklərini bildirmişdir. Yuxanda qeyd edildiyi kimi, bütün qanuni və hüquqi aktlara uyğun olaraq ləğv edilməsi mütləq olan təşkilatdan öz xahişləri ilə onlara məcburi ərizə yazdırıb (qanunla qorunan hüquqlarımıza təcavüz edərək pandemiya şəraitində onlara maddi və mənəvi zərbə vurmaqda) sosial müdafiəsini təmin etməli olan bir Nazirliyin məqsədi nədir görəsən? AR Nazirlər Kabinetinin Baş Nazirinin imzaladığı xx xxxx 2020-ci il tarixli, 01/411 nömrəli sənədə uyğun olaraq pandemiya şəraitində orta əmək haqlarının Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində saxlanılması və yuxarıda sözü keçən bütün normativhüquqi aktlara uyğun olaraq həmin ETTM-in ləğv edilməsinin də mütləq olduğu bir vaxtda, onlara məcburi ərizə yazdıraraq yeni yaradılan “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da e-sosial portaldan verilən çıxarışa əsasən xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək əsas iş yeri kimi 1D45V9N000401 nömrəli Əmək müqaviləsini bağlamağın adı nədir? O, ilk öncə ETTM-in əməkdaşları kimi çalışmış, daha sonra Observatoriya yarandıqdan sonra işçi “öz xahişi” ilə işdən azad edilmiş və Observatoriyada 3 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsi 3 ay müddətinə bağlanmış və həmin 3 ayın tamamında onun əmək müqaviləsinə əmək müqaviləsinin vaxtı bitdiyi 3 ayın tamamında əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda 3 ayda fəalliyət göstərməyinə baxmayaraq əmək haqqı əksik verilmiş və ya müəyyən məbləğdə kəsintilər baş vermişdir. Yuxarıda göstərilənlərə əsasən də görmək olar ki, o, peşəkar, işdə çox geniş səlahiyyətlərə malik olan, eyni zamanda yüksək staja malik şəxsdir. Onunla əmək müqaviləsinin müddətli bağlanması üçün hərhansı bir əsas mövcud olmamışdır. Bundan əlavə işçiyə təqdim olunan əmək müqaviləsi yalnız əmək müqaviləsinə xitam verildiyi gün təqdim edilmiş və işçiyə imzalatdırılmışdır. Halbuki qanunvericiliyin bu norması da işəgötürən “Observatoriya” tərəfindən öncədən pozulmuşdur. Bundan əlavə həmin əmrlərlə müvafiq sənədləşmə işləri ilə ümumiyyətlə tanış olmadığından cavabdehin hazırki addımı atmaqda olan mahiyyəti tərəfindən anlaşılan deyil. Onun hansı əsaslarla işdən azad edilməsi, hansı prosedur qaydalara riayət edilib-edilməməsi onun üçün mücərrəd olaraq qalmaqdadır. Eyni zamanda hazırki işə əlavə olunan əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən də görünür ki, işəgötürən cavabdeh əmək haqqı ödənməsində də qanunsuzluğa yol vermiş, ödənişlərin bir qismini etmədən, sadəcə formal kağız üzərində əmək haqqı müəyyən etmişdir. Bu isə hüquqların əlavə olaraq kobud pozuntusudur. Cavabdehin hazırki əməlləri nəticəsində bu gün də əmək kitabçasını əldə edə bilməmişdir. Buna görə də hazırki günə qədər başqa bir iş yeri ilə əmək müqaviləsi bağlamaq imkanı xaricindədir. Təbii ki, bu da birbaşa cavabdehin təqsiri ucbatından baş vermişdir. Əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvəlində onun cədvəlin tərtib olunduğu günə qədər olan ziyanları müəyyən edilmişdir. Nəzərə alınsa ki, hələ də əmək kitabçası təqdim edilməmişdir, ona görə də hazırki günddə qanunvericiliklə nəzərdə tutulmuş cərimə funksiyasında cavabdeh cəzalandırılmalıdır. Eyni zamanda işdən çıxdıqdan sonra sosial ödənişlərlə, işsizlik sığortası ilə bağlı müraciət etməyinə baxmayaraq cavabdehin təqsiri ucbatından bu cəhdi də uğursuz alınmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Əmək müqaviləsi onlara təqdim edilməmişdir. Tez-tələsik müqavilə imzalanmışdır. Oxumağa belə imkan verilməmişdir. Onlarda balanslaşdırma forması vardır. Məqsəd yüksək ixtisaslı kadrların əlçatanlığı və transfer olunmasının təmin edilməsidir. Araşdırma edərək yekun cədvəl müəyyən edirlər. Evvəlki qurumun ləğv edilməsinə səbəb idarəetmə strukturunun optimallaşdırılması olmuşdur. Sahil Babayev rəsmi məktub ünvanlayaraq sərbəstləşən işçilərin yeni yaradılan qurumlarda işlə təmin edilməsi barədə məlumat verir. Prezidentin özü pandemiya dövründə işçilərin əmək müqavilələrinə xitam verilməklə işdən çıxarılmasını düzgün hesab etməmişdir. İşəgötürənin səriştəsizliyi ucbatından bu hallar baş verir. Onlar həmin idarədə çalışırlar. Heç bir təqdimatı olmadan idarəyə yeni müdir Elşən Əsədov təyin edilir. Təyin olunduqdan sonra faktiki olaraq 1 ildir ki, işləyir və bir neçə mükafat almışdır. Əmək haqqından 50 % tutulma olmuşdur. Əmək Məcəlləsinin 69cu maddəsinin tələbləri kobuud şəkildə pozulub. O müqaviləni imzalayanda müddətli olmasından, müddətin 3 ay olmasından xəbərsiz olmuşdur. İnsan resurslarından əmək haqqının 1800 manat olduğu halda nəyə görə 900 manat aldığını soruşduqda, həmin kadr ona bağlanmış əmək müqaviləsindən xəbərsiz olduğunu demişdir. Əmək müqaviləsi məxvi saxlanmışdır. İşdən çıxarkən tələsik imzalanmışdır. Onlara əmək müqaviləsinin müddətinin uzadılacağı, onların daimi işçi hesab edildiyi söylənmişdir.. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, o, dövlət qulluqçusu deyil. Azərbaycan Respublikası Əmək Nazirliyi yaninda Elmi-Tədqiqat institutunda çalışmışdır. Daha sonra isə observatoriyada çalışmağa başlamışdır. Onu əmək müqaviləsi ilə ilk öncə mütəxəssis kimi fəaliyyətə başlamış, daha sonra isə baş elmi işçi və əmək bazarının prosnozlaşdırılması şöbəsinin əməkdaşı kimi çalışmışdır. İşdən azad olunması ilə bağlı əmri görməmişdir. Ona nə əmək kitabçası, nədə ki, işdən azad olunması barədə əmrin surəti ona verilməmişdir. Əmək müqaviləsi bağlanan zaman müddətli bağlanmamalı idi. Əmək müqaviləsi bağlanarkən onlara nə müqavilənin müddəti barədə, nə əmək funksiyası barədə, nədə ki əmək haqqı barədə məlumat verilməmişdir. Əmək müqaviləsinin müddətli olmasından xəbəri olmamışdır. İşdən azad edildikdən sonra muavinət belə verilməmişdir. Köhnə işçilər olduqlarından onları tutduqları vəzifədən kənarlaşdırmaq istəmişlər. Əmək haqqı 1800 manat olmasında baxmayaraq ona 3 ay ərzində 900 manat maaş verilmişdir. Tutulmalarla birlikdə 770 manat əmək haqqı almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, 70 ştat vahidi olan iş yerində 29 nəfərin 12-sini işdən çıxarıblar. Əgər yeni yaradılan observatoriya özündən əvvəlki qurumun varisidirsə, əvvəlki qurumun işçiləri ilə yenidən əmək müqaviləsinin imzalanması düzgün deyil. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək izahatında bildirdi ki, yeni yaradılan müəssisə əvvəlkinin hüquqi varisi deyildir. Verilmiş əmr tam qanuna uyğundur. Müddətli əmək müqaviləsi tərəflərin razılığı ilə imzalanmışdır. İddiaçı portalda əmək müqaviləsinin 3 aylıq olduğunu gördüyünü dəsə də, sonra deyir ki, bunu görməmişdir. Şəxs öz arzu və istəyi ilə 3 aylıq əmək müqaviləsini imzalamışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx xxxxxx 2018-ci il tarixdə sistemə daxil edilmiş Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi ilə İddiaçı arasında xx xxxxxx 2015-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, sonuncu “Əmək şəraiti və əməyin mühafizəsi” şöbəsinə şöbə müdiri təyin edilmişdir. Əmək müqaviləsi bildirişi qüvvədə deyil. xx xxxx 2020-ci il tarixdə sistemə daxil edilmiş Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Əmək və Sosial Problemlər üzrə Elmi- Tədqiqat və Tədris Mərkəzi ilə İddiaçı arasında xx xxxx 2020-ci il tarixdə müddətli əmək müqaviləsi üzrə sonuncu “əmək bazarının proqnozlaşdırılması” şöbəsinə şöbə müdiri təyin edilmişdir. Əmək müqaviləsi bildirişi qüvvədə deyil. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Mili Observatoriya” publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, “Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Mili Observatoriya” publik hüquqi şəxsin yaradılması, Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Mili Observatoriyanın işçilərinin say həddinin 70 ştat vahidinin müəyyən edilməsi və s. qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İddiaçı arasında bağlanmış xx xxxx 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın PHŞ-də Əmək bazarının proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, **********2 nömrəli əmrindən görünür ki, İddiaçı- əmək bazarının proqnozlaşdırılması şöbəsinin müdir vəzifəsindən xx xxxx 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Əsas: əmək müqaviləsinin müddətinin qurtarması, xidməti məruzə. İddiaçı üçün hesablanmış son haqq-hesab cədvəlindən görünür ki, 2020-ci ilin aprel, may və iyun ayları üçün hesablanmış cəmi məbləğ 2700 manatdır. Son hesaba düşən gün 7,5 gün, 1 günə düşən məbləğ 29,61 manat, cəmi hesablanmış son haqqhesab 222,04 manatdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik hüquqi şəxs arasında xx xxxx 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və əmək müqaviləsi bildirişi ləğv edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi bildirişi qüvvədədir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi şəxsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi xx.xx.2020-ci il tarixli, 2UYDD0U0002X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbərinin xx xxxxxx 2020-ci il tarixdə İddiaçı və digərlərinə ünvanladığı “kollektiv müraciətin cavablandırılması” barədə məktubun surətindən görünür ki, müraciət edənlər Nazirliyin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin xx xxxx 2020-ci il tarixli ********** nömrəli əmri ilə xx xxxx 2020-ci il tarixdən 3 ay müddətinə adı çəkilən publik hüquqi şəxsdə müvafiq vəzifələrə təyin olunmuşlar. Bununla əlaqədar olaraq, onlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) Nazirliyin tabeliyində publik hüquqi şəxsin müvafiq əmrləri ilə tutduqları vəzifədən azad edilmişlər. xx xxxx 2020-ci il tarixdə müvafiq işlə təmin olunmaq üçün Nazirliyin tabeliyində yeni yaradılmış Sosial Xidmətlər Agentliyinə dəvət olunmuş, lakin görüşə gəlməmişlər. Daha sonra telefonla əlaqəsi saxlanmış və görüşə gəlməkdən könüllü imtina etdikləri bildirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 qeydiyyatda olduğu rayon üzrə məşğulluq mərkəzinə işaxtaran kimi qeydiyyata alınmaq üçün müraciət etmələri tövsiyyə olunmuşdur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmiş işin mübahisələndirilməyən halları aşağıdakı kimi olmuşdur. İddiaçı Əmək və Sosial Problemlər Üzrə Elmi-Tədqiqat Mərkəzində xx.xx.2015-ci il tarixdən müddətsiz əmək müqaviləsi əsasında Əmək şəraiti və əməyin mühafizəsi şöbəsində şöbə müdiri vəzifəsində çalışmışdır. Bundan sonra həmin qurumun ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 480 nömrəli Fərmanı qəbul edilmişdir. X6 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sözügedən Mərkəzin ləğv edilməsi ilə bağlı 1 ay müddətində tədbirlər görülməsi tapşırılmışdır. Həmin Fərmanın qəbul edilməsinin məqsədi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı olmuşdur. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 775 nömrəli Fərmanına əsasən qərara alınmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabineti əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nı (bundan sonra – Observatoriya) iki ay müddətində yaratsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 95 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmışdır. Bundan sonra iddiaçı əvvəl işlədiyi Əmək və Sosial Problemlər Üzrə Elmi- Tədqiqat Mərkəzindən öz ərizəsi ilə işdən azad edilərək yeni yaradılan “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞ-də “Əmək bazarının proqnozlaşdırılması” şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir. Bununla bağlı xx xxxx 2020-ci ildə Əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin müddəti 3 ay müəyyən edilmiş və işçinin xx xxxx 2020-ci il tarixdən işə başlaması göstərilmişdir. 3 aydan sonra, yəni xx xxxx 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin B bəndinə əsasən işçi əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Tərəflər arasında yaranmış mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx xxxx 2020-ci il tarixli əmək müqaviləsinin müddətli bağlanmış olmasını qanunsuz hesab edir və bundan irəli gələn hüquqi nəticələrin ləğv edilməsini xahiş edir. İddiasını onunla əsaslandırır ki, onun əmək funksiyası əmək müqailəsinin müddətli bağlanan hallarına aid deyildir.Bundan başqa işdən azad ediliyi tarixdən təqribən 7 ay sonra iddia verməsini əmrin təqdim edilməməsi və pandemiya ilə əsaslandırır. Cavabdeh iddia tələbini ona görə əsassız hesab edir ki, hüquqlarını müdafiə etdiyi hüquqi şəxs Əmək və Sosial Problemlər Üzrə Elmi-Tədqiqat Mərkəzinin hüquqi varisi deyildir və tərəflər qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsi bağlamışlar. Müddət bitdiyindən əmək münasibətlərinə haqlı olaraq xitam verilmişdir. Mübahisə ilə bağlı məhkəmə, ilk öncə tərəflər arasında xx xxxx 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin etibarlılığına qiymət verilməli olduğunu zəruri hesab edir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, işçinin əmək funksiyası aşağıdakılardan ibarət olmuşdur: -əmək bazarının təhlil edilməsi və proqnozlaşdırılmasına aid elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbərlik etmək; -Əmək bazarı və Sosial müdafiə məsələləri üzrə Milli Observatoriyanın mövzular planında şöbə üçün nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilməsini təşkil etmək və müvafiq bilik səviyyəsi üzrə onların inkişaf perspektivlərini müəyyənləşdirmək, tədqiqat və araşdırmaların aparılmasının metod və vasitələrini, şöbə qarşısında duran elmi-texniki və analitik vəzifələrin həlli yollarını seçmək və.s. Göründüyü kimi işçinin əmək funksiyası davam edən əmək bazarı münasibətlərində müxtəlif mövzular barədə elmi-tədqiqat işləri, əmək bazarında təhlil və proqnozlaşdırma ilə bağlı davamlı araşdırma aparmaqdan ibarət olmuşdur. Yəni işçinin əmək funksiyası hər hansı müddətlə məhdudlaşmamaqla, dinamik sahə olan əmək münasibətlərində mütəmadi təhlillər və proqnozlar verməkdən və.s ibarət olmuşdur.Odur ki, işçinin əmək funksiyası daimi xarakterə malik olduğu qabaqcadan bəlli olan iş kateqoriyalarına aiddir. Lakin onunla bağlanmış əmək müqaviləsi müddətli bağlanmışdır. Bununla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müddətli bağlanılmasının mümkün olduğu hallar göstərilmişdir. Lakin mübahisə predmetini təşkil edən əmək müqaviləsində müəyyən edilmiş işçinin əmək funksiyasına aid tələblər həmin hallara aid edilməmişdir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, işçi ilə əmək müqaviləsi müddətli bağlanıla bilməzdi və əmək müqaviləsinin 3 ay müddətə bağlanılması ilə bağlı olan şərt, yəni xx xxxx 2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndi etibarsız hesab edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Eyni zamanda yeni yaradılan publik hüquqi şəxs iddiaçının əvvəl işlədiyi Mərkəzin hüquqi varisi olmasa da, fəaliyyət sferası və işçinin əmək funksiyası baxımından faktiki olaraq onların fəaliyyəti eynilik təşkil edir. Mərkəzin ləğv edilməsi və yeni Publik hüquqi şəxsin yaradılması isə Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən Fərmanları əsasında həyata keçirilmiş və iki halın bir birinin davamı olması isə aşıq aşkardır. İddiaçı isə Mərkəzdə 5 ildən artıq fəaliyyət göstərmiş və onunla yeni bağlanılan əmək müqaviləsi isə bu baxımdan da müddətsiz bağlanmalı idi. Lakin iddia ərizəsindən görünür ki, iddiaçı əmək müqaviləsinin müddəti ilə bağlı olan şərtin etibarsız hesab edilməsi barədə tələbini irəli sürməmiş, əmək müqaviləsinin müddətsiz hesab edilməsini məhkəmədən xahiş etmişdir. Buna baxmayaraq iddia tələbinin əsaslandırılmasında əmək müqaviləsinin müddətli bağlanmasının əsassız olması göstərilmişdir. Bununla bağlı məhkəmə əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin müvafiq maddələrinə istinad edilməsini qanunauyğun hesab edir. Mülki Məcəllənin 337.3-cü maddəsində qeyd edilmişdir ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bu baxımdan məhkəmə əqdin əhəmiyyətsizliyi ilə bağlı etibarsızlığının tələbə bağlı olmamasını nəzərə alaraq hesab edir ki, əmək müqaviləsinin 3 ay müddətə bağlanılması ilə bağlı olan şərt, yəni xx xxxx 2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndi etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbində göstərilmiş əmək müqaviləsinin müddətsiz hesab edilməsi ilə bağlı tələbə münasibətdə isə aşağıdakıları qeyd edir. Əmək Məcəlləsinin 46-cı maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. İddiaçının hazırki tələbdə əmək müqaviləsinin müddətsiz hesab edilməsi ilə bağlı tələbi hüquqi nəticə doğurmur. Belə ki, Əmək Məcəlləsinin 46-cı maddəsində qeyd edildiyi kimi əmək müqaviləsində müddətin göstərilmədiyi, geniş şərh edildikdə isə səhv göstərildiyi, əsassız göstərildiyi halda tərəflərdən biri əmək müqaviləsinin və ya hər hansı hissəsinin etibarsız sayılması tələbini və ya əmək müqaviləsinin yenidən tərtib edilməsini tələb edə bilər. Bunun davamı olaraq tərəflər həmin şərtin hansı tarixdən etibarlı hesab edilməsi barədə razılığa gələ bilərlər.Eyni zamanda əmək müqaviləsinə hər hansı dəyişiklik əmək müqaviləsinə daxil edilməlidir. Odur ki, iddiaçı əmək müqaviləsinin müddətlə bağlı şərtinin və ya əmək müqaviləsinin tamamilə yenidən tərtib edilməsi tələbini irəli sürməmiş, yalnız hüquqi nəticə doğurmayan və əmək qanunvericiliyi proseduruna uyğun olmayan tələb irəli sürmüşdür. Eyni zamanda həmin tələblə qəbul edilmiş qətnamənin icrası işəgötürənin səlahiyyətlərinin mənimsənilməsi ilə nəticələnəcəyindən mümkün olmayacaqdır. Bu baxımdan göstərilən tələb təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə tərəfindən əmək müqaviləsinin müddətli bağlanması ilə bağlı şərti etibarsız hesab edildiyindən, həmin müqavilə özlüyündə müddəti müəyyən edilmədən bağlanmış hesab edilməklə, dolayısı ilə müddətsiz hesab edilir. Bundan başqa məhkəmə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi əmək müqaviləsinin müddətli bağlanılması ilə bağlı olan şərt etibarsız hesab edilmişdir və cavabdeh müddətli bağlamalı olmadığı əmək müqaviləsinə görə Əmək Məcəlləsinin 68.2ci maddəsinin b bəndi ilə əmək müqaviləsinə xitam verməkdə haqlı olmamışdır. Bu səbəbdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin İddiaçı işdən azad edilməsi ilə bağlı olan xx xxxx 2020-ci il tarixli, **********2 nömrəli əmri ləğv edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsində “Əmək bazarının proqnozlaşdırılması” şöbəsinin müdiri vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin İddiaçı işdən azad edilməsi ilə bağlı olan xx xxxx 2020-ci il tarixli, **********2 nömrəli əmri ləğv edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsində “Əmək bazarının proqnozlaşdırılması” şöbəsinin müdiri vəzifəsinə bərpa edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin İddiaçı işdən azad edilməsi ilə bağlı olan xx xxxx 2020-ci il tarixli, **********2 nömrəli əmri ləğv edilsin və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsində “Əmək bazarının proqnozlaşdırılması” şöbəsinin müdiri vəzifəsinə bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar