Məhkəmə qərarları › İş №2(001)-2212/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2212/2024

04.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2212/2024 04.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, əmək haqqı və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, əmək haqqı və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatda ehtiyat sürücü vəzifəsində işə qəbul olunarkən ona bildirmişlər ki, şirkətin iş rejimi 6 günlük iş həftəsidir, zərurət olduğu halda bazar günləri də işə çağrılacaqdır. Onun gündəlik iş vaxtı 8 saat, aylıq əmək haqqı isə 700-800 manat olacaq və hər ay gecikdirilmədən vaxtlı-vaxtında ödəniləcəkdir. Lakin sonradan ona məlum olmuşdur ki, maaş kartına cəmi 163 manat məbləğində pul köçürülür, qalan məbləğ isə xeyli gecikmə ilə kassadan hissə-hissə nağd şəkildə ödənilir. Əmək haqqı vaxtında ödənilmədiyindən həddindən artıq maddi çətinliklərlə üzləşir. O, problemləri ilə bağlı xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə elektron qaydada və xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə yazılı ərizə ilə Cavabdeh MMC-nin prezidentinə müraciət etmiş, lakin heç bir nəticə əldə edə bilməmişdir. Bu səbəbdən də, xx.xx.2022-ci il tarixdə 52 yaşında xərçəng xəstəliyindən vəfat etmiş həyat yoldaşının məzar daşını düzəltdirməyə və il mərasimini keçirməyə maddi imkanı olmamışdır. Hər dəfə maaş almaq üçün şirkətin kassirinə müraciət etdikdə ona bildirilmişdir ki, rəhbərlik işçilərin maaşı üçün pul ayırmır, deyir pul yoxdur, kimin xoşu gəlmirsə işdən çıxsın. Şirkətin avtomobil xidmətinin rəisi Samir Kərimov da hər gün mütəmadi olaraq onu məcbur edirdi ki, ərizə yazıb işdən çıxsın. Deyirdi “rəhbərlik sənə görə məni çox incidir, ya öz xoşunla ərizə yazıb işdən çıx, ya da özüm səni işdən qovduracağam”. Nəhayət, xx.xx.2023-cü il tarixdə mühafizəçi onu işə buraxmamış və bildirmişdir ki, kadrlar bölməsinin rəisi onlara göstəriş verib ki, onu şirkətin ərazisinə buraxmasınlar. Kadrlar bölməsinin rəisi Orxan müəllimlə telefon əlaqəsi saxlamış və o, ona bildirmişdir ki, “sən artıq işdən qovulmusan. Gələn həftənin bazar ertəsi günü saat 15:00-dan sonra gəlib bayırda gözləyərsən, əmrin surətini və son haqq-hesabı gətirib sənə verəcəklər”. xx.xx.2023-cü il tarixdə ona yalnız “Əmək müqaviləsinə xitam verilməsi barədə" xx.xx.2023-cü il tarixli A/04-12-23/46 nömrəli əmrin kserosurəti təqdim edilmişdir. Həmin əmrin məzmunundan açıq-aydın görünür ki, onunla əmək müqaviləsinə xitam verilməsi üçün heç bir əsas mövcud olmamışdır və işəgötürənin məqsədi onu işdən kənarlaşdırmaqla şirkətdə törədilən ciddi qanun pozuntularını gizlətmək olmuşdur. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə əmrin surətini alıb evə qayıtdıqdan sonra poçt vasitəsi ilə Cavabdeh MMC tərəfindən onun yaşadığı ünvana göndərilən 44 №-li xx.xx.2023-cü il tarixli məktubu almışdır. Həmin məktubda isə qeyd edilmişdir ki, “21-25 noyabr 2023-cü il tarixlərində və 27 noyabr 2023-cü il tarixindən bu günə kimi işə gəlmirsiniz. Bu barədə sizinlə istifadə etdiyiniz ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlanılıb, siz zənglərə cavab verməmisiniz, işə gəlməməyinizin səbəbini izah edən rəsmi sənədi Şirkətə (xəstəlik vərəqəsi) təqdim etməmisiniz. Qeyd olunanları nəzərə alaraq, əmək intizamını kobud surətdə pozduğunuza görə 08 dekabr 2023-cü il tarixdə sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən xitam veriləcək.” Əvvəla olaraq onu bildirmişdir ki, 23 noyabr 2023-cü il tarixdə mərhum həyat yoldaşının il mərasimi keçirilməli idi və rəhbərliyin bu barədə məlumatı var idi. Yasa gələn qonaqları heç olmasa əli boş da olsa qəbul edib qarşılarına heç olmasa bir stəkan çay qoymaq vəzifəsi isə birbaşa olaraq hüzr sahibinin üzərinə düşür. Digər tərəfdən, xx.xx.2023-cü il tarixdən başlayaraq şirkətin rəhbərinə dəfələrlə etdiyi müraciətlərin heç bir nəticəsi olmadığı üçün Konstitusiyanın 36-cı və Əmək Məcəlləsinin 295-ci maddəsində nəzərdə tutulmuş tətil hüququndan istifadə edə bilər. xx.xx.2023-cü il tarixdə 4 saylı Bakı DOST Mərkəzindən ona təqdim edilən Sosial Arayışdan görünür ki, 25 aprel 2023-cü il tarixdə Cavabdeh MMC ilə onun arasında xxxxxxx000400 nömrəli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə aylıq əmək haqqı 345 manat müəyyən edilmiş, lakin digər hissələrdə işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü (əmək müqaviləsinin məzmunu), 44cü (əmək müqaviləsinin forması) maddələrinin tələblərinə riayət edilməmiş, iş rejimi qeyrimüəyyən olaraq “digər” göstərilmiş, iş saatları, nahar fasiləsinin vaxtı və başqa zəruri məlumatlar ümumiyyətlə göstərilməmişdir. Həmin tarixdə Paşa Bankdan ona təqdim edilən çıxarışdan isə görünür ki, onun maaş kartına xx.xx.2023-cü il tarixdə aprel ayının əmək haqqı üçün 57.5 manat əvəzinə 27.86 manat az, cəmi 29.64 manat məbləğində, xx.xx.2023-cü il tarixdə may ayının əmək haqqı üçün, xx.xx.2023-cü il tarixdə iyun ayının əmək haqqı üçün, xx.xx.2023-cü il tarixdə iyul ayının əmək haqqı üçün, xx.xx.2023-cü il tarixdə avqust ayının əmək haqqı üçün, xx.xx.2023-cü il tarixdə sentyabr ayının əmək haqqı üçün, xx.xx.2023-cü il tarixdə oktyabr ayının əmək haqqı üçün, xx.xx.2023-cü il tarixdə noyabr ayının əmək haqqı üçün 345 manat əvəzinə, hər ay 181.99 manat az, cəmi 163.01 manat məbləğində, xx.xx.2023-cü il tarixdə işəgötürənin son haqq-hesabı düzgün hesablanmamış, 223 manat əvəzinə, 151 manat az, cəmi 72 manat məbləğində pul köçürülmüş və bunların nəticəsində cavabdeh tərəfindən ona 1452 manat məbləğində maddi zərər vurulmuşdur. Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Prezident Administrasiyasına ünvanladığı müraciətlərə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq oradan ona poçt vasitəsi ilə göndərilən xx.xx.2024-cü il tarixli 3-17-5/2-T- 2649/7/2024 №-li məktubda qeyd edilmişdir ki, “...Həmçinin, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş iş vaxtının uçotu cədvəlindən Sizin xx.xx.2023-cü il tarixində iş günü hesab edilməyən bayram günü işə cəlb edildiyiniz və buna görə əmək haqqınızın ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinin tələblərinin pozulduğu, ödənilmədiyi məlum olmuşdur. Bildiririk ki, təqdim etdiyiniz əmək haqqı bank hesabından çıxarışda 2023-cü ilin may ayının əmək haqqının xx.xx.2023-cü il tarixində, 2023-cü ilin iyun ayının əmək haqqının xx.xx.2023-cü il tarixində, 2023-cü ilin iyul ayının əmək haqqının xx.xx.2023-cü il tarixində, 2023-cü ilin avqust ayının əmək haqqının isə xx.xx.2023-cü il tarixində gecikdirilərək ödənildiyi, nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin və əmək müqaviləsinin 4.6-cı bəndinin tələblərinin pozulduğu, həmçinin, ”TAC” MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş iş vaxtının uçotu cədvəlindən Sizin xx.xx.2023-cü il tarixdə iş günü hesab edilməyən bayram günü işə cəlb edildiyiniz və buna görə əmək haqqının ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun hesablanıb ödənilmədiyi səbəbindən, Cavabdeh MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.5-ci maddələrinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmçinin, cəmiyyətin rəhbərliyinə son haqq-hesabın qanunvericiliyə uyğun hesablanıb ödənilməsinin təmin edilməsi ilə bağlı məktub göndərilmişdir. Nəzərinizə çatdırırıq ki, əmək haqlarınızın ödənilməsinə dair sənədlər təqdim edilmədiyindən son haqq hesabınızın əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqına uyğun hesablanıb-hesablanmamasını müəyyən etmək mümkün olmamışdır." Bundan başqa. Cavabdeh MMC ilə aralarında yaranmış əmək mübahisəsinin həll edilməsi üçün Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmiş, ilkin mediasiya sessiyası xx.xx.2024-cü il tarixinə təyin edilmiş, lakin qarşı tərəf sessiyada iştirak etməkdən imtina etmişdir və 50 manat məbləğində İMS xərci onun tərəfindən ödənilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.2023-cü il tarixli A/04-12-23/46 nömrəli əmrin ləğv edilərək onun öz əvvəlki işinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, xx.xx.2023-cü il tarixdə iş günü hesab edilməyən bayram günü işə cəlb edildiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək haqqı ödənilməsi, həmin gün üçün, eləcə də, 2023-cü ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr aylarına görə əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsi, vurulmuş maddi zərərə görə 1452 manat məbləğində, mediasiya təşkilatının hesabına ödənilmiş 50 manat məbləğində və dövlət rüsumuna görə ödənilmiş 35 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndələri hər biri ayrıayrılıqda cavabdeh təşkilata qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı həmin MMC-də əsas iş yeri kimi logistika şöbəsində sürücü vəzifəsinə təyin edilmişdir. Əmək haqqının məbləği hər ay 345 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh direktoru X3 tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli, A/04-12-23/146 nömrəli “əmək müqaviləsinə xitam verilməsi” barədə əmrin surətindən görünür ki, “Logistika şöbəsi” bölməsində “Sürücü” vəzifəsində işləyən İddiaçı Talıb oğlu ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin “ç” – işçi özünün əmək fünksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilməsi, işçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 13 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi barədə əmr edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 29 noyabr 2023-cü il tarixli 44 nömrəli məktubdan məlum olur ki, şirkət tərəfindən İddiaçı məktub ünvanlanmış, həmin məktubda “21-25 noyabr 2023-cü il tarixlərində və 27 noyabr 2023-cü il tarixindən bu günə kimi işə gəlmirsiniz. Bu barədə sizinlə istifadə etdiyiniz ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlanılıb, siz zənglərə cavab verməmisiniz, işə gəlməməyinizin səbəbini izah edən rəsmi sənədi Şirkətə (xəstəlik vərəqəsi) təqdim etməmisiniz. Qeyd olunanları nəzərə alaraq, əmək intizamını kobud surətdə pozduğunuza görə 08 dekabr 2023-cü il tarixdə sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən xitam veriləcək.” barədə məlumat verilmişdir. İş materiallarinda olan Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 316943 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 23 noyabr 2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış 18 yanvar 2024-cü il tarixli 3-17-5/2-T-2649/7/2024 saylı məktubdan görünür ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciətlərə Azərbaycan Respublikası Əmək və və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar ətraflı izahat verməsi və əmək haqqına dair bank hesabından çıxarışı təqdim etməsi məqsədi ilə bağlı ünvanına məktub göndərilmiş və onun tərəfindən araşdırmaya müvafiq qaydada izahat və əmək haqqı bank hesabından çıxarışı təqdim edilmişdir. Müraciəti ilə əlaqədar, "TAC” MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” alt sisteminə tərəflərindən baxış keçirilərkən onunla "TAC” MMC-nin rəhbəri arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda) əsasən, xitam verildiyi məlum olmuşdur. Təqdim olunmuş əmək haqqı bank hesabından çıxarışdan isə onun hesabına xx.xx.2023-cü il tarixdə təyinatı noyabr əmək haqqı və son haqq hesab olmaqla 163.01 manat və 72 manat vəsaitlərin köçürülməsi məlum olmuşdur. "TAC” MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli aktda onun xx.xx.2023-cü il tarixdə spirtli içki qəbul edərək işə gəldiyi və tibbi müayinə keçməkdən və yazılı izahat verməkdən imtina etdiyi qeyd olunmuşdur. Daha sonra isə, təqdim olunmuş xx.xx.2023-cü il tarixli aktda onun 21, 22, 23, 24, 28, 29 və 30 noyabr 2023-cü il tarixlərində və xx.xx.2023-cü il tarixində üzrlü səbəb olmadan işə gəlmədiyi və bununla bağlı izahat yazmaqdan imtina etdiyi qeyd edilmişdir. Eyni zamanda təqdim olunan məktubda şirkətin rəhbərliyi tərəfindən əməkdaşların qəbulunun mütəmadi olaraq keçirildiyi, əməkdaşların əmək və sosial şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlərin görüldüyü bildirilmişdir. Həmçinin, "TAC” MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş iş vaxtının uçotu cədvəllərindən onun xx.xx.2023-cü il tarixində iş günü hesab edilməyən bayram günü işə cəlb edildiyi və buna görə əmək haqqının ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinin tələblərinin pozulduğu, ödənilmədiyi məlum olmuşdur. . Bundan başqa, məktubda bildirilmişdir ki, təqdim etdiyi əmək haqqı bank hesabından çıxarışda 2023-cü ilin may ayının əmək haqqının xx.xx.2023-cü il tarixində, 2023-cü ilin iyun ayının əmək haqqının xx.xx.2023-cü il tarixində, 2023-cü ilin iyul ayının əmək haqqının xx.xx.2023-cü il tarixində, 2023-cü il avqust ayının əmək haqqının isə xx.xx.2023-cü il tarixində gecikdirilərək ödənildiyi, nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin və əmək müqaviləsinin 4.6-cı bəndinin tələblərinin pozulduğu, həmçinin, "TAC” MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş iş vaxtının uçotu cədvəllərindən Sizin xx.xx.2023-cü il tarixində iş günü hesab edilməyən bayram günü işə cəlb edildiyi və buna görə əmək haqqının ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun hesablanıb ödənilməməsi səbəbindən, "TAC” MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.5ci maddələrinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN1933621 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokollara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmçinin, cəmiyyətin rəhbərinə son haqq-hesabların qanunvericiliyə uyğun hesablanıb ödənilməsinin təmin edilməsi ilə bağlı məktub göndərilmişdir. Həmçinin onun nəzərinə əmək haqlarının hesablanmasına dair sənədlər təqdim edilmədiyindən son haqq hesabın əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqına uyğun hesablanıbhesablanmamasını müəyyən etməyin mümkün olmaması çatdırılmış və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edildiyindən yenidən işə qəbul edilməsi məqsədilə "TAC” MMC-nin rəhbərliyinə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. Məlumat üçün bildirilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayahdırıldığından müraciətdə qeyd etdiyi məsələlərin yerində araşdırılması mümkün olmamış, müraciətdə qeyd edilmiş məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. İş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 08 fevral 2024-cü il tarixli, MŞB/2- 00053 saylı arayışdan görünür ki, 08 fevral 2024-cü il tarixdə, saat 15:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin kadrlar şöbəsinin rəisi X4, Avto-nəqliyyat şöbəsinin rəisi X5 və Avto-nəqliyyat şöbəsinin mexaniki X2 tərəfindən tərtib edilmiş 02 dekabr 2023-cü il tarixli aktdan görünür ki, sürücü İddiaçı 21,22,23,24,28,29,30 noyabr və 01 dekabr 2023-cü il tarixlərində üzürlü səbəb olmadan işə gəlməmiş, işə gəlməməsi barədə izahat yazmaqdan imtina etmişdir. İş materiallarında olan Cavabdeh direktoru X3 tərəfindən qəbul edilmiş 04 noyabr 2023-cü il tarixli, C/04-11-23/58 nömrəli əmrin təqsdi edilmiş surətindən görünür ki, 8 və 9 noyabr 2023-cü il tarixləri Şirkətdə qeyri-iş günü hesab edilmiş, zərurət yarandıqda əməkdaşların razılıqları əsasında işə çağrıla biləcəkləri, işə çağrılan işçilərin əmək haqqının müvafiq qaydada hesablanmış, əmrin şəxsi heyətə elan edilməsi əmr edilmişdir. İş materiallarında olan poçt xidməti tərəfindən verilmiş çatdırma vərəqəsinin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 29 noyabr 2023-cü il tarixli 44 nömrəli məktub 04 dekabr 2023-cü il tarixdə İddiaçı çatdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli internet çıxarışından görünür ki, Cavabdeh MMC-də sürücü vəzifəsində işləyən sürücülər etiraz edərək işə çıxmaqdan imtina etmişlər. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli, 27 №-li arayışdan görünür ki, arayışda İddiaçı ilə 25 aprel 2023-cü il tarixli əmək müqaviləsinin bağlanılması, əmək müqaviləsinə əsasən 30 gün sonra ona əmək haqqının verilməsi qeyd edilmişdir. Eyni zamanda arayışda 2023-cü ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları üçün aylıq əmək haqqı “163 manat”, müvafiq olaraq verilmə tarixləri aylara uyğun ardıcıl olmaqla “xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024”, iyun ayı üçün 9 gün gecikmə, noyabr ayı üçün 28 gün gecikmə, oktyabr ayı üçün 3 gün gecikmə qeyd edilməklə müvafiq olaraq iyun ayı üçün 14.67 manat, noyabr ayı üçün 34.92 manat və noyabr ayı üçün 4.89 manat olmaqla, cəmi 54.48 manat veriləcək məbləğ hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. (7-ci maddə). Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. (11-ci maddə) Əmək Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsinə əsasən Bu məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin üçüncü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 83-cü maddəsinin birinci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83-cü maddəsinin ikinci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Bundan başqa, Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununu müəyyən edən Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin üçüncü hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Əmək Məcəlləsinin 74-cü maddəsinin ikinci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Əmək haqqının verilməsi müddətlərini müəyyən edən Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən:

1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.

3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.

4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilmişdir. Həmçinin Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Əmək Məcəlləsinin 300-cü maddəsinin birinci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Beləliklə, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh MMC-nin 25 aprel 2023-cü il tarixli əmri ilə həmin tarixdən sürücü vəzifəsinə işə qəbul edilmiş, 21-25 noyabr 2023-cü il tarixlərində və 27 noyabr 2023-cü il tarixində İddiaçı işə gəlməmiş, işə gəlməməsinin səbəbi kimi bir il öncə 23 noyabr 2022-ci il tarixdə vəfat etmiş arvadının ildönümü mərasiminin təşkil edilməsi ilə əsaslandırmış, cavabdeh təşkilat tərəfindən onun işə gəlməməsinin səbəbi üzrsüz kimi qiymətləndirilmiş və 04 dekabr 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara istinad edilməklə, 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilmişdir. İlk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi barədə 04 dekabr 2023-cü il tarixli əmr əsaslandırılmamışdır, iddiaçının izahatı alınmamış, əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər əmrdə qeyd edilməmiş, əmrə əlavə edilməmişdir. Cavabdeh tərəf iddiaçının izahatının alınmamasını bu barədə tərtib edilmiş aktı təqdim edərək, iddiaçını izahat verməkdən imtina etməsi ilə əsasandırsa da, məhkəmə bu dəlili ağlabatan hesab etmir. Digər tərəfdən müəyyən olunur ki, iddiaçı tərəfin 21-25 noyabr 2023-cü il tarixlərində və 27 noyabr 2023-cü il tarixdə İddiaçı işə çıxmaması üzrlü səbəblə, yəni 23 noyabr 2022ci il tarixdə vəfat etmiş arvadının ildönümü mərasiminin təşkil edilməsi ilə bağlı olmuşdur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh təşkilat tərəfindən qeyd edilmiş halın üzrlü səbəb kimi qiymətləndirilməməsi, iddiaçı tərəfin izahatının alınmaması, məhz bu əsasa görə əmək qanunvericiliyində nəzərdə tutulmuş intizam tədbirlərindən ən sərt olanının işəgötürən tərəfindən seçilməsi və işçi üzərində tətbiq edilməsi ədalətsiz və qanunsuz olmaqla işçinin mənafelərinə zidd olmuşdur. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı öz razılığı ilə xx.xx.2023-cü il tarixdə, yəni iş günü hesab edilməyən bayram günündə (ZƏFƏR GÜNÜ) işə cəlb edilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq ona əmək haqqı ödənilməmişdir. Bu hal özü mülki işdə olan sübutlarla, yəni İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciətləri əsasında Azərbaycan Respublikası Əmək və və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsində aparılmış araşdırma zamanı da öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış 18 yanvar 2024-cü il tarixli 3-17-5/2-T-2649/7/2024 saylı məktubda "TAC” MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş iş vaxtının uçotu cədvəllərindən onun xx.xx.2023-cü il tarixində iş günü hesab edilməyən bayram günü işə cəlb edildiyi və buna görə əmək haqqının ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun hesablanıb ödənilməməsi müəyyən edilmiş və "TAC” MMCnin direktoru X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.5-ci maddələrinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN1933621 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokollara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçının həmin hissə də tələbi əsaslı olduğundan onun qeyri-iş günü işə cəlb edilməsi ilə bağlı əmək haqqı cavabdeh təşkilat tərəfindən ona ödənilməlidir. Əmək haqqının verilməsinin gecikdirilməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbində 2023-cü ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr aylarına görə əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsini məhkəmədən xahiş etsə də, həmin aylar üçün əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Lakin işəgötürən tərəfindən məhkəməyə təqdim edilmiş 02 aprel 2024-cü il tarixli, 27 №-li arayışla təsdiq edilmişdir ki, həqiqətən əmək haqqının verilməsində iyun ayı üçün 9 gün gecikmə, sentyabr ayı üçün 28 gün gecikmə, oktyabr ayı üçün 3 gün gecikmələr olmuş və həmin gecikmələr nəticəsində 14.67 manat, 34.92 manat və 4.89 manat olmaqla, cəmi 54.48 manat məbləğində işçiyə ziyan dəymişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçının həmin hissədə də tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş maddi zərərə görə 1452 manat məbləğində vəsaitin cavabdeh təşkilatdan tutulması hissəsində sübutlarla təsdiq edilmədiyindən təmin olunmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunu ilə də, iddiaçı tərəfindən bir daha təsdiq edilmişdir ki, əmək haqqısı aylıq 345 manat olmaqla, həmin məbləğin 163 manatı onun kart hesabına, digər məbləğ isə hissə-hissə ödənilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli, A/04-12-23/146 nömrəli əmr ləğv edilməli, İddiaçı öz vəzifəsinə, yəni logistika şöbəsində sürücü vəzifəsinə işə bərpa edilməli, ona məcburi iş buraxmaya görə işə 04 dekabr 2023-cü il tarixdən faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı ödənilməli, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq bir gün üçün əmək haqqı ödənilməli, cavabdeh təşkilatdan əmək haqqının verilməsinin gecikdirilməsi səbəbindən 54.48 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli, A/04-12-23/146 nömrəli əmr ləğv edilsin. İddiaçı öz vəzifəsinə, yəni Cavabdeh MMC-nin logistika şöbəsində sürücü vəzifəsinə işə bərpa edilsin və ona məcburi iş buraxmaya görə 04 dekabr 2023-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı ödənilsin. İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq bir gün üçün əmək haqqı ödənilsin. Cavabdeh MMC-dən əmək haqqının verilməsinin gecikdirilməsi səbəbindən 54.48 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün 35 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin 50%, yəni 42.5 manat Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun, qalan 50%, yəni 42.5 manat iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar