Məhkəmə qərarları › İş №2(001)-3388/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3388/2020

14.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3388/2020 14.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkil X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbi barəsində iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus radar və video müşahidə qurğusunu yararsız hala salmaqla vurduğu ziyana görə 7763 manat məbləğində pulun Daxili İşlər Nazirliyinin nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə saat 12.42 radələrində X1 yolunun 15.6-cı kilometrliyində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus radar və video müşahidə nöqtəsinə Cavabdeh MMC-yə məxsus “Shacman” yük markalı, **-JP-*** dövlət nömrə nişanlı avtomobil tərəfindən yol-nəqliyyat hadisəsi zamanı maddi ziyan dəymişdir. Ümumilikdə radar və video müşahidə nöqtəsinə dəyən zərərin məbləği 7763 manatdır. (ƏDV daxil deyil). Hadisə zamanı Cavabdeh MMCyə məxsus “Shacman” yük markalı, **-JP-*** dövlət nömrə nişanlı avtomobili sürücü X4 idarə etmişdir. Dəymiş ziyan cavabdeh tərəfindən ödənilməmişdir. Sürücü İXM-nin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmşdir. Ekin Texnoloji A.Ş. şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən xx.xx.2019-cu il tarixli Akt dəymiş ziyanın məbləğini təsdiq edir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçının nümayəndəsi məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etmədiyinə görə, mülki işə MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq, qanunvericiliyin normalarına əsaslanaraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2019-cu il tarixli Ekin Texnoloji A.Ş. şirkətinin Azərbaycan Respublikasındakı filialının aktından görünür ki, Tağıyev qəsəbəsi, Qızıldaş yolu 15.6 km yerləşən radar və video müşahidə nöqtəsi, yol nəqliyyat hadisəsi zamanı sıradan çıxmışdır. Hadisə zamanı radar və video müşahidə nöqtəsinə 7763 manat maddi ziyan hesablanmışdır; AD seriyalı, 131657 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 2012-ci il buraxılışlı “Shacman” yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-nin mülkiyyətindədir; İş materiallarında olan “yük avtonəqliyyatı üçün yol vərəqi”nin surətindən görünür ki, Cavabdeh MMC ona məxsus “Shacman” yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün X3 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətə yol vərəqəsi verilmişdir. TP ******* saylı, xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, onun barəsində cərimə növündə inzibati tənbeh tədbiq edilməsi qərara alınmışdır. İşin faktiki halları, məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, “Shacman” yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-nin mülkiyyətindədir. Cavabdeh MMC yük avtonəqliyyatını idarə etmək üçün X3 yol vərəqi vermişdir. xx.xx.2019-cu il tarixdə saat 12.42 radələrində X1 yolunun 15.6-cı kilometrliyində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus radar və video müşahidə nöqtəsinə Cavabdeh MMC-yə məxsus “Shacman” yük markalı, **-JP-*** dövlət nömrə nişanlı avtomobil tərəfindən yol-nəqliyyat hadisəsi zamanı maddi ziyan dəymişdir. Ümumilikdə radar və video müşahidə nöqtəsinə dəyən zərərin məbləği 7763 manatdır. Hal-hazırda iddiaçı həmin pul məbləğini Cavabdeh MMC-dən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1 maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və.i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İşin hallarından görünür ki, sürücü cavabdehin mülkiyyətində olan avtomobili idarə edərkən yol hərəkəti qaydalarının pozulması nəticəsində inzibati xəta törədərək iddiaçının əmlakına zərər vurmuşdur. Bundan başqa Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Sadalanan qanunvericilik aktı normaları baxımından məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi baş verən zaman hadisəni törətmiş cavabdeh olan sürücü Cavabdeh MMC-yə məxsus yük avtomobilini yol vərəqəsi əsasında işçi olaraq idarə etdiyindən iddiaya Mülki Məcəllənin 1099.1-ci maddəsi baxımından Cavabdeh MMC cavab verməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1114.1ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan və iddianın qismən təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən tam təmin edilməli, Cavabdeh MMC-dən 7763 manat pul tutularaq iddiaçı Daxili İşlər Nazirliyinin nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 7763 (yeddi min yeddi yüz altmış üç) manat pul tutularaq iddiaçı Daxili İşlər Nazirliyinin nəfinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar