Məhkəmə qərarları › İş №2(001)-6298/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6298/2023

03.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6298/2023 03.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, maraqlı şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə ərizəçi İddiaçı “əmək müqaviləsinin qüvvədən düşməsi faktının müəyyən edilməsi” barədə iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv olunması ilə əlaqədar adı çəkilən cəmiyyətlə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin qüvvədən düşməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəfindən təsis edilmiş va qanuni təmsilçisi (direktoru) olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) 11 may 2023cü il tarixda ləğv edilmiş və Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Hazırda başqa bir müəssisə ilə əmək münasibətlərinə daxil olmaq istəsə də, "Əmək və məşğulluq" altsistemində hələ də onun əsas iş yeri olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilir va bu səbəbdən əmək münasibətlərinə daxil olmaq istədiyi müəssisə ilə əsas iş yeri üzrə əmək müqaviləsi bağlanması mümkün olmur. Halbuki adı çəkilən Cəmiyyət artıq ləğv olunmuş va bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 11 may 2023-cü il tarixli, **********267500 saylı "Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında" **********69 saylı Bildiriş təqdim olunmuşdur. Yuxarıda adı çəkilən bildiriş ilə birlikdə tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin artıq ləğv olunduğu bildirilmiş və aktiv olaraq göstərilən əmək müqaviləsinin ləğv edilməsinin təmin edilməsi X2 Xidmətindən xahiş olunmuşdur. X2 Xidməti 12 sentyabr 2023-cü il tarixli, 3-17-5/2-Q-34992/2023 saylı məktubla ona bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin "Əmək və məşğulluq" altsisteminə daxil edilməsi X1 səlahiyyətləri xaricindədir və məsələ ilə bağlı rayon (şəhər) məhkəməsinə müraciət edilməli, X2 Xidməti üçüncü şəxs qismində işə cəlb edilməlidir. Lakin bu məsələ ilə bağlı cavabdeh mövcud deyildir. Belə ki, direktoru olduğu "xxxx" MMC ləğv edildiyi və hüquqi mövcudluğuna son verildiyi üçün - əmək müqaviləsinin qüvvədən düşməsi və ya ləğv edilmiş hesab edilməsinə dair iddia tələbi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək mümkün olmamaqdadır. Müəssisənin direktoruna münasibətdə işəgötürən qismində "xxxx" MMC (və ya onun təsisçisi) çıxış edəcəyi üçün onların mövcud olmaması səbəbindən hal-hazırda mövcud əmək müqaviləsinə xitam verilə bilməməkdədir. Qeyd edilən xüsusat AR Əmək Məcəlləsinin 70-ci maddəsində də öz əksini tapmaqdadır. Belə ki, AR Əmək Məcəlləsinin 70/a bəndinin tələblərinə Əsasən müəssisə ləğv edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Eyni zamanda vurğulanmalıdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ASAN İmza ləğv olunduğundan və ASAN İmzanın bərpası mümkün də olmadığından (Müəssisəyə məxsus ASAN İmzanın bərpa edilməsi üçün təsis sənədlərinin təqdim olunması tələb olunur, hazırki halda isə müəssisə lağv olunduğuna görə təsis sənədlərinin təqdim edilməsi mümkün deyildir) tərəfindən "Əmək və məşğulluq" altsisteminə daxil olunaraq əmək müqaviləsinə xitam verilməsinin təmin edilməsi mümkün deyildir. Odur ki, ləğv olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış əmək müqaviləsinin "Əmək və məşğulluq" altsistemində aktiv olaraq göstərilməsi tamamilə əsassızdır və bu halın davam etməsi onun əmək hüquqlarının kobud pozuntusu ilə nəticələnəcəkdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olubolmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. İddia ərizəsinin mahiyyətindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı təsisçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2021-ci il tarixdən direktor vəzifəsində çalışmışdır. MMC-nin təsisçisinin(İddiaçı) xx.xx.2021-ci il tarixli qərarı ilə Cəmiyyətin lğv edilməsi, İddiaçı təsviyyəçi təyin edilməsi, Cəmiyyətin ləğvi ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət edilməsi, cəmiyyətin ləğv ilə bağlı mətbuatda elanın dərc edilməsi, kreditorların tələblərinin irəli sürülməsi üçün müddətin müəyyən edilməsi qərara alınmışdır. Bunun davamı olaraq MMC xx.xx.2023-cü il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Lakin İddiaçı əmək müqaviləsi bildirişi elektron informasiya sistemindən silinməmişdir. Bununla bağlı İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etmiş və ona xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Həmin cavabda göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X2 Xidmətinə həvalə edilməlidir. Bundan sonra ərizəçi X2 Xidmətinin həmin məktubuna əsaslanaraq, hazırki ərizə ilə müraciət etmişdir. Ərizəçi hesab etmişdir ki, iddiaya cavab verməli olan MMC artıq ləğv edilərək, kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyatdan çıxarıldığından ona qarşı hər hansı tələb irəli sürməsi mümkün deyildir və bu səbəbdən məhkəməyə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi kimi müraciət edilməlidir. Yaranmış mübahisənin xarakterini və hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin əsaslarını nəzərə alaraq hesab edirəm ki, əmək müqaviləsinin qüvvədən düşmüs hesab edilməsi hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilə bilməz. Belə ki, məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə müəyyən edilir. Halbuki işin hallarından görünür ki, işəgötürən olan hüquqi şəxs ləğv olunmuşdur və arzu olunan hüquqi nəticə “Əmək və Məşğulluq” altsistemindən formal qeydiyyatın inzibati orqan tərəfindən silinməsidir. Yəni əmək münasibətlərinə xitam verilmiş olması, qüvvədə olan əmək müqaviləsinin olmaması mübahisə doğurmur. Məsələ sadəcə Əmək Məcəlləsinin 74.1-1-ci maddəsi ilə yalnız fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə münasibətdə inzibati orqanın səlahiyyətlərinin təsbit edilmiş olmasıdır. Lakin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsi inzibati orqanın üzərinə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırma aparmaq öhdəliyi qoymuşdur. Bununla yanaşı həmin qanunun 15-ci maddəsində formal tələblərdən sui-istifadə inzibati orqanlara qadağan edilmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün olmadığından onun icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə inzibati orqanın imtinasından inzibati məhkəmə icraatı qaydasında müvafiq tələblə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Maraqlı şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə ərizəçi İddiaçı “əmək müqaviləsinin qüvvədən düşməsi faktının müəyyən edilməsi” barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunu ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə inzibatin orqanın imtinasından müvafiq tələblə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar