Məhkəmə qərarları › İş №2(002)-1755/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1755/2020

30.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1755/2020 30.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi ilə, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Nəzərli (Məmmədzadə)Aytac Mahir qızının Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsinə dair tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nəzərli (Məmmədzadə) Aytac Mahir qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Sumqayıt “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində xx xxxx 2020-ci ildə qeydə alınmış 632 saylı Akt qeydinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx xxxx 2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Ər-arvad münasibətində olmamışlar. Rəsmi nikahdan övladları yoxdur. Nikahları formal xarekter daşıyır. Nikah görünüş üçün bağlanmışdır. Belə ki, o cavabdehi nikaha girərkən tanımamışdır, valideynlərinin təkidi ilə nikaha girmişlər. Nikaha girdikdən sonra cavabdehi tanımağı başlamışdır. Cavabdeh ona qarşı kobud rəftar daşıyır, ünvanına təhqiredici sözlər işlədir. Nikaha valideynlərinin təkidi ilə girmişdir. Ailə qurmaq niyyəti olmamışdır. Nikahın məhkəmədən kənar nikahın etibarsız hesab edilməsi üçün Sumqayıt “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsinə şifahi olaraq müraciət etmişdir. Sumqayıt “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsi ona şifahi olaraq bildirmişdir ki, onun belə bir səlahiyyəti yoxdur. Buna görə də nikahın etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan halların nəzrərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxraılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, cavabdehlə ailəsinin vasitəsilə tanış olduğunu, niyyətlərinin evlənmək olduğunu, lakin niaşnlandıqları gündən cavabdehlə münasibətlərinin yaxşı olmadığını, cavabdehin onunla dalaşdığını, daim onu təhqir etdiyini, yola getmədiklərini, hətta nişan üzüyünü də bir dəfə geri qaytardığını, ayrılmaq istədiyini, lakin anası və cavabdehin anasının ona etdiyi xahişdən sonra yenidən razı olduğunu, mart ayının 17-də toylarının olacağaını, hətta dəvətnamələrinin də paylanıldığını, oa görə də toydan əvvəl rəsmi nikaha daxil olduqlarını, rəsmi nikaha ASAN xidmət mərkəzində qeydiyyata alındığını, ora yalnız cavabdehlə özünün getdiyini, hətta həmin vaxtı da dalaşdıqlarını, faktiki ailə kimi olmadıqlarını bildirərək, öz şəxsi işində boşanmış kimi qeyd olunmasını istəmədəyini, ona gödə də nikahın etibarsız hesab olunmasını istədiyini bildirərək, bu halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş.etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddiaçının izahatının dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, tərəflərin tanış vasitəsilə tanış olduqlarını, iddiaçının valideynlərinin israrı ilə evləndiyini, iddiaçının könüllü razılığının olmadığını, tərəflər arasında ər-arvad münasibətlərinin olmadığını, buna görə də nikahın etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh ərizə yazaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə baxış iclasında bildirmişdir ki, iddiaçı ilə evlənmək niyyətləri olmuşdur ki, toyları xx xxxx 2020ci il tarixə təyin olunmuşdur, lakin ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar toyları təxirə salınmışdır. İddiaçı ilə hal-hazırda bir evdə yaşamırlar, xasiyyətləri uyğun deyildir, iddia tələbini qəbul edərək nikahın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahid ifadələrini dinləyib, habelə mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında ifadə verən şahid X3 ifadəsində bildirmişdir ki, o, iddiaçının babasıdır, iddiaçı valideynlərinin istəyi ilə rəsmi nikaha girmişdir, hər ikisinin niyyəti evlənmək olmuşdur, lakin xasiyyətləri düz gəlməmişdir, ona görə də toy baş tutmamışdır, dəvətnamələr paylanılsa da, toy üçün 17 mart tarixinə yer tutulsa da, toyları olmamamışdır. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 2942/05/70 nömrəli nikah qeydindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah xx xxxx 2020-ci il tarixdı 632 nömrəli akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədzadə, arvada Məmmədzadə soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. Dövlətin ailə və nikah siyasətinin əsas məqsədi ailə həyatının keyfiyyətinin yüksəldilməsi, onun əsas funksiyalarının həyata keçirilməsi üçün zəruri şəraitin təmin edilməsi və bütün vasitələrlə ailənin müdafiəsindən ibarətdir. Bu baxımdan, nikah hüququ fərdin ayrılmaz və təbii hüququ kimi Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında yer almışdır. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Konstitusiyada və beynəlxalq hüquqi aktlarda əks olunmuş nikah və ailə münasibətləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – Ailə Məcəlləsi) ilə tənzimlənir. Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Ailə Məcəlləsinin 1.2 və 1.3-cü maddələrinə görə ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Bununla yanaşı, Ailə Məcəlləsinin 2.2-ci maddəsində qeyd olunur ki, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” x xxxxxx 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur. Belə ki, Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə qanunvericiliyində təsbit olunan bu prinsiplərin təmin edilməsi məqsədilə Ailə Məcəlləsi nikahın bağlanmasına mane olan bir sıra halları müəyyən etmişdir. Məcəllənin 12.0.3-cü maddəsinə görə ər və arvaddan biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 11.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Ailə qanunvericiliyi ilə nikahın etibarsız sayılmasının şərtləri və nikahın etibarsız sayılmasının nəticələri müəyyən edilmişdir. Ailə Məcəlləsinin 25-ci maddəsinə görə bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Nəzərli (Məmmədzadə) Aytac Mahir qızı ilə Cavabdeh xx xxxx 2020-ci il tarixində Sumqayıt “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 632 saylı akt qeydi tərtib edilmiş, ərə Məmmədzadə və arvada Məmmədzadə soyadı verilmişdir. Həmçinin, məhkəmə iclasında tərəflrəin verdiyi izahatından, habelə şahid ifadələrinin məzmunundan aydın olur ki, hər iki tərəf rəsmi nikah daxil olarkən ailə qurmaq niyyətində olmuşlar. Həmçinin, məhkəmə iclasında iddiaçının izahatı və şahid ifadələrinin məzmunundan aydın olur ki, tərəflər toy edilməsi üçün hazırlıqlar görmüş, hətta dəvətnamə belə paylamışlar. Göründüyü kimi, hər iki tərəfin niyyəti məhz ailə qurmaq olmuşdur. Belə ki, bu faktı həm məhkəmə iclasında verilmiş şahid ifadəsi, həm də tərəflərin veridyi izahatları təsdiq edir. Bununla yanaşı, iddiaçı nikahın etibarsız hesab edilməsi tələbinin əsası kimi cavabdehin onu təhqir etməsi, onunla kobud rəftar etməsi, xasiyyətlərinin uyğun gəlməməsi, valideynlərinin istəyi ilə ailə qurması, özünün istəyinin olmaması, cavabdehi sonradan tanıması kimi hallarına istinad etmişdir. Göründüyü kimi, iddiaçı özünün əsl niyyətinin ailə qurmaq olmadığını, valideynlərinin təkidi ilə ailə qurduğunu bildirsə də, bu halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir, hətta onun özünün izahatı və özünün sübut qismində təqdim etdiyi şahid ifadəsi də onların ailə qurmaq niyyətində olduqlarını bildirmişlər. Bununla da, məhkəmə araşdırması zamanı, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar, habelə iddiaçının özünün razılığı olmadan, valideynlərinin təkidi ilə nikahın bağlanması, iddiaçının ailə qurmaq niyyətinin olmamamsı kimi hallar öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, ailə qanunvericiliyi nikahın etibarsız hesab edilməsinin əsasları və şərtlərini dəqiq şəkildə müəyyən edir ki, hazırki iş üzrə nikahın etibarsız hesab edilməsi üçün əsas olan ailə qanunvericiliyində nəzərdə tutulmuş həmin hallar aşkar edilməmişdir. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Nəzərli (Məmmədzadə) Aytac Mahir qızının Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar