Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-670/2024 01.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "nikahın etibarsız hesab edilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "nikahın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında 25 may 2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 25 may 2023-cü ildə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağlanmışdır və qeydiyyat şöbəsinin akt qeydləri kitabında 55 nömrə ilə qeyd aparılmışdır. Onların arasında nikah bağlansa da, toy baş tutmamışdır. Həmin vaxt nikahın bağlanmasında məqsəd cavabdehin Rusiya Federasiyasının vətəndaşı olduğu üçün Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması olmuşdur. Bu məqsədlə Cavabdeh tərəfindən 27 may 2023-cü ildə Azərbayan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət olunmuşdur və xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidməti tərəfindən cavabdehə 1 il müddətində Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsi verilmişdir. Rəsmi nikaha daxil olduqdan sonra boşanma qərarı alana qədər onun cavabdehlə ailə münasibətlərinə aid hər hansı əlaqəsi olmamışdır. Onun kağız üzərində olan nikahı faktiki olaraq baş tutmamış, qarşılıqlı hüquq və vəzifələr yaranmamışdır. Cavabdehin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək nikahın etibarsız hesab edilməsinə etirazının olmadığını, məhkəmədə iştirak etmədən işə baxılmasına və qətnamə çıxarılmasına etirazının olmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi ərizəsində qeyd etmişdir ki, o, iddia ərizəsinin nikahın bağlanmasının cavabdehin Azərbaycan Respublikasında müvəqqəti yaşamaq zərurəti yarandığından irəli gəlməsi hissəsi ilə razı deyil. Nikah həqiqətən ailə qurmaq məqsədi ilə bağlanmışdır. Bütün ənənələrə uyğun olaraq nişan keçirilmiş, qız evinə xonçalar verilmişdir. Hər iki tərəfin yaxın qohumları bu məclisdə iştirak etmişlər. Bunları əks etdirən video və fotoşəkillər mövcuddur. Cavabdehin Azərbaycan Respublikasında bir il yaşamaq hüququ olsa da, cavabdeh nikah bağlandıqdan iki ay sonra, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından getmişdir. Nikah cavabdehin ölkədə müvəqqəti yaşamaq məqsədindən irəli gəlməmişdir. Nikah dövründə ailə münasibətlərinə aid hər hansı əlaqə olmamış, qarşılıqlı hüquq və vəzifələr yaranmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, İddiaçı Cavabdeh dayısı qızı olduğunu, onların toy mərasimlərinin keçirilmədiyini, nikahın etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edilməsinin milli mentalitetdən irəli gəldiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 ərizəsinin məzmununa uyğun izahat verərək iddiaçı və cavabdehin arasında nişan və kəbin mərasiminin baş tutduğunu, lakin onların bir yerdə yaşamadıqlarını bildirmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddiaçının iddiasının əsası kimi istinad etdiyi dəlilləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: AZ-İİ seriyalı, 547530 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Həmin tarixdə bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 55 № ilə qeyd edilmişdir. Cavabdehin nümayəndəsi X2 tərəfindən təqdim edilmiş fotoşəkillərdə İddiaçı və Cavabdeh birlikdə çəkdirdiyi şəkillər, nikahın bağlanması üçün keçirilmiş mərasimlər əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Məhkəmə iclasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin “Nikah yaşı” adlanan 10-cu, “Nikahın bağlanma şərtləri” adlanan 11-ci, “Nikahın bağlanmasına mane olan hallar” adlanan 12-ci və “Nikaha daxil olan şəxslərin tibbi müayinəsi” adlanan 13-cü maddələrinin (yəni, AM-in 13.3-cü maddəsinin) şərtlərinin pozulması halı müəyyən olunmadı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız saylımasını tələb etmək hüququna malikdir. Digər tərəfdən qanunvericinin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Məhkəmə qeyd edir ki, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün bu tip mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, həmçinin ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb olacaqdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Qanunvericinin qeyd edilən mövqeyi, müvafiq icra hakimiyyəti orqanında qeydə alınmış nikahın hüquqi nəticələrinin tanımaqla bərabər, həmçinin nikaha daxil olarkən şəxslərin iradə ifadəsinin ailə qurmaq istiqamətində olması “prezumpsiyasını” yaradır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir”. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki mübahisəyə də məhz yuxarıda göstərilən aspektdən, yəni nikaha daxil olan şəxslərin iradə ifadələrinin təfsiri aspektindən yanaşılmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatlarından və işin müəyyən edilmiş hallarından aydın olur ki, tərəflər nişan mərasimi keçirmişlər və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Göründüyü kimi, nikahın bağlanılması zamanı aldadılma və məcburiyyət olmamış, tərəflər könüllü olaraq nikah bağlamaq niyyəti ilə qeydiyyat şöbəsinə müraciət etmişlər və nikahlarını bağlamışlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "nikahın etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-670/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-670/2024
01.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver