Məhkəmə qərarları › İş №2(004)-1169/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1169/2021

11.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1169/2021 11.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili X5, cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında DƏDRX və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə qarşı “artıq işləmiş iş vaxtına görə ödənişin edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında DƏDRX və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə qarşı “artıq işləmiş iş vaxtına görə ödənişin edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək 313 gün ərzində artıq işlədiyi 313 saatın, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 gün ərzində işlədiyi tam iş vaxtının və 50.000 manat mənəvi ziyanın ona ödənilməsi, eləcə də hazırda icra etdiyi əmək funksiyasına görə qısaldılmış iş vaxtı tədbiq edilməklə onunla bağlanmış əmək müqaviləsinə dəyişikliyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1980-ci ildən Bakı şəhər X2 mühəndis, xx.xx.2009-cu il tarixindən 2011-ci ilin may ayınadək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Daşınmaz X1 şöbəsinin texniki inventarlaşma sənədlərinin təhlili və pasportların hazırlanması sektorunda mühəndisinventarlaşdırıcı, xx.xx.2011-ci il tarixindən qeydiyyat sənədlərinin qəbulu və ilkin ekspertizası şöbəsində və xx.xx.2016-cı il tarixindən qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsində işləyir. xx.xx.2011-ci il tarixdən sonra vəzifəsi dəyişsə də, onunla həmin vəzifələrinə uyğun olaraq yeni əmək müqaviləsi bağlanmamışdır. İşlədiyi dövrdə heç bir intizam pozuntusuna yol verməmişdir. Lakin rəhbərlik tərəfindən ona qarşı olan qərəzli münasibət sağlamlığında ciddi problemlər yaratmışdır. İşlədiyi dövr ərzində tədricən səhhəti pozulmuş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli rəyinə əsasən ona İİ dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə müvafiq olaraq İİ dərəcəli əlil olması barədə həkim ekspert-komissiyasının sistemdən əldə edilmiş məlumatını iş yerinə təqdim edərək qısaldılmış iş gününün tətbiq edilməsini xahiş etsə də, cavabdeh təşkilat buna məhəl qoymamış, hamı kimi gündəlik iş vaxtının səkkiz saatını işlədikdən sonra evə buraxılmışdır. Cavabdeh qurum tərəfindən ona qarşı edilən bu qanunsuzluqla bağlı AR ƏƏSMN-ni DƏMX-nə xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixlərdə elektron məktubla, bundan sonra isə Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə şikayətlərlə müraciət etmiş, şiklayətlərin hamısı elə cavabdehin özünə göndərilmişdir. Bildiyinə görə AR ƏƏSMN-nin DƏMX tərəfindən ona qarşı edilən qanunsuzluğun aradan qaldırılması üçün məktub göndərilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən heç bir tədbir görülməmiş, əmək müqaviləsinə dəyişikliklər olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə etdiyi şikayət cavabdeh quruma göndərilmiş və cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, guya Əmək Məcəlləsinin 91 -ci maddəsinə riayət olunaraq ona 7 saatlıq iş günü tətbiq edilmiş və ona əmək müqaviləsinə dəyişikliyin edilməsi təklif olunmuş, o isə bu dəyişıklikləri qəbul etməmişdir. Bunların hamısı yalandır. İşə gəlib-getməsi vaxtı idarənin girişində quraştırılmış elektron qeydiyyatçıda (turniketdə) qeydə alınmışdır. Cavabdehin müraciətlərinə və qanunvericiliyin tələbinə məhəl qoymadan onu qanunsuz olaraq gündəlik 7 saatın əvəzinə 8 saat ışlətməsi xəstəliyinin pisləşməsinə səbəb olmuş (nevroloji amillər xəstəliyin ağırlaşmasına), təcili yardımın iş yerinə gəlib, ona yardım göstərilməsi ilə nəticələnmişdir. Bununla belə xx.xx.2019-cu il tarixində ərizə ilə müraciət edərək, xx.xx.2019-cu il tarixdən etibarən əmək məzuniyyəti verilməsini xahiş etmiş, DƏDRX-nin xx.xx.2019-cu il tarixli əmri ilə xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 25 təqvim günü (xx.xx.2018xx.xx.2019-cu ilindən qalan) əmək məzuniyyəti verilmişdir. Məzuniyyətə buraxılması barədə əmr xx.xx.2019-cu il tarixdə verilməsinə baxmayaraq qurumun Ərazi İdarəsinin rəhbərliyi sözügedən əmrlə onu qərəzli olaraq tanış etməyərək xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində qanunsuz olaraq məcburi işlətmişlər. Məzuniyyət pulu gecikdirilərək ona xx.xx.2019-cu il tarixdə verilmişdir. Bu hal da təsdiq edir ki, məzuniyyət barədə əmri sonradan rəsmiləşdirilmiş, xx.xx.2019-cu il tarixdə, iş vaxtı isə ona məlumat verilmişdir ki, anıq xx.xx.2019-cu il tarixdən məzuniyyətdədir. Əmrlə tanış olmaq istəmiş, verməmişlər. Şifahi verilən məlumata əsasən artıq üçüncü gündür ki, qanunsuz olaraq işlədiyini onlara irad tutmuş, verilən cavab aralarında narazılığa səbəb olmuşdur. Nəticədə səhhətində nasazlıq baş vermiş, halı pisləşmiş, iş yoldaşları durumu görərək təcili yardım çağırmışlar. İlkin tibbi yardım aldıqdan sonra 5 nömrəli şəhər xəstəxanasına yerləşdirilmişdir. Qan təzyiqinin normalalşması və nəfəs darlığı aradan qalxdığından ərizə yazaraq, həkimin razılığı ilə ev şəraitində müalicə olunmaq üçün evə buraxılmışdır. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək sahə həkiminin nəzarəti altında evdə müalicəni davam etdirmişdir. Ümumiyyətlə, cavabdeh qurum xəstə olmasını ciddiyə almamış, hər vasitə ilə bunu şübhəyə alıb yersiz hərkətləri ilə onu əsabləşdirmişdir. Məsələn 2017-ci iln may ayında xəstəliyi ilə bağlı cavabdehə bülletenin təqdim olunmasına baxmayaraq, cavabdehin bir neçə əməkdaşı evinə gələrək evdə müalicə alması barədə xx.xx.2017-ci il tarixli akt tərtib etmişlər. Cavabdeh qurumun rəhbərliyinin onun əmək qanunvericiliyi ilə müəyyən edilmiş qısaldılmış iş vaxtının, məzuniyyətə çıxmaq, səhhətinin qeyd9inə qalması hüuqularına məhəl qoymamaqda məqsədi onu bezdirərək işdən çıxmasına nail olmaq olmuşdur ki, bu onun həm artıq işlədiyi 313 saatın, məzuniyyətdə ola-ola 3 gün işlədiyi iş saatına görə ödənişin və bu əməlin səhhətinə mənfi təsir göstərdiyi üçün vurulmuş mənəvi ziyanı tələb etmək hüququnu verir. Beləliklə, xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək tabeldə 313 gün, bayram günləri qabağı 6 gün olmuşdur. Göründüyü kimi sözügedən müddət 313 saat əlavə, qanunsuz olaraq işlədilmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələri ilə əmək məzuniyyətinin verilməməsi və bir tərəfli qaydada əmək məzuniyyətinin başqa vaxta keçirilməsi yolverilməzdir. Cavabdeh qurumun rəhbərliyi iş yoldaşları arasında onu demaqogiyada günahlandıraraq barəsində xoşagəlməz məlumatların yayılmasında maraqlı olubdur. Sadalanan qanunvericilik aktlarına əsasən hesab edir ki, cavabdeh şirkətir rəhbərliyinin ona qarşı qərəzli münasibəti, kollektiv arasında həqiqətə uyğun olmayan və onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığına görə cavabdeh ondan üzr istəməli, mənəvi zərərə görə ona 50.000 manat məbləğində təzminat verməlidir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırlmasına dair ərizə verərək, göstərmişdir ki, əmək qanunvericilinə uyğun olaraq ona 36 gün məzuniyyət verildiyi halda, 2012, 2013 və 2014-cü illərdə 22 gününü, 2015 və 2016-cı illərdə isə 36 məzuniyyət gününün 15 gününü işdə olmağa məcbur edilmiş, 2016-cı ildə məzuniyyətdə olduğu, lakin işlədiyi günlərin əmək haqqını tələb etdiyinə görə cavabdeh qurumun rəhbərliyinin ona münasuibəti dəyişmiş və təqibə məruz qalmışdır. Göstərilənləri nəzərə alaraq, 2012-2014cü illərdə məzuniyyətdə olduğu vaxt işlədiyi 66 gün, 2015-2016-cı illərdə məzuniyyətdə olduğu vaxt işlədiyi 30 gün üçün əmək haqqının cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, illərdi onu qanunsuz olaraq qanunla müəyyən edilmiş iş saatından artıq işlədirlər. Onun dəfələrlə müraciət etməsinə baxmayaraq onunla qısaldılmış iş saatının tədbiq edilməsinə dair yeni əmək müqaviləsi imzalanmamışdır. Düzdür o, iş saatının bir saat azaldılmasına dair razılaşmanı imzalamaqdan imtina etmişdir. Çünki birincisi güzəştli iş saatının tədbiq edilməsi onunla razılaşdırılmamış, yəni bir saat tez gəlmək istəməsi və ya bir saat tez getmək istəməsi onun seçiminə görə müəyyən edilməli olduğu halda bu barədə onunla öncədən razılaşdırılmadan yalnız özlərinin müəyyən etdikləri iş qrafiki üzrə kağızı imzalaması təklif edilmiş, ikincisi isə əlavə şəklində hər hansısa razılaşmanın imzalanması qanunsuzdur. Hesab edir ki, o sadəcə kağız parçasıdır. Belə ki, yeni dəyişikliklər də, göstərilmədən onunla yeni əmək müqaviləsi imzalanmalı idi. Ümumiyyətlə bu illər ərzində cavabdeh qurum tərəfindən o daima təqibə və təsirə məruz qalmışdır ki, bu da onun səhətində problemlərin yaranmasına səbəb olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı onun nümayəndəsi və eyni zamanda vəkili X8 iddia ərizəsinin və iddia tələbinin həcminin artırılmasına dair ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Həmin Məcəllənin 91-ci maddəsinin 2-ci hissəsinə əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci dərəcə əlilliyi olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Göründüyü kimi maddənin ikinci bəndi həmin maddəni imperativ norma edir. Yəni işə götürən mütləq şəkildə qanunun tələbinə əsasən qanunla müəyyən edilmiş iş saatlarını iddiaçıya münasibətdə də, tədbiq etməlidir. Gösdərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək məhkəməyə verdiyi izahatında göstərmişdir ki, iddia tələbi tamamilə əsasızdır. Belə ki, məhkəmədə iddia qaldırmamışdan öncə İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində işlədiyi dövr üçün növbəti əmək məzuniyyətinin verilməsi və əlillik dərəcəsinə görə qısaldılmış iş rejiminin tətbiq edilməməsi barədə İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzi vasitəsilə xx.xx.2020-ci il traixdə şikayəti daxil olmuş və həmin şikayətə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aidiyyəti üzrə baxılmış və cavab məktubu göndərilmişdir. Şikayətdə göstərilən məsələlərin araşdırılması zamanı 2018-2019-cu iş ili üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 119-cu maddəsinin 2-ci hissəsinə əsasən iddiaçıya 42 təqvim günü müddətinə əmək məzuniyyətinin verildiyi, 08.06.20. tarixində həftəlik qısaldılmış iş vaxtı ilə bağlı tərtib edilmiş əmək müqaviləsini əlavəni imzalamadığı müəyyən edilmişdir. Həmçinin, aparılmış araşdırmanın nəticələrinə əsasən İddiaçı məzuniyyətdə olduğu müddətdə işlədiyi günlər üçün əmək haqqının ödənilməsi və ya əlavə istirahət günlərinin təqdim edilməsi, eləcə də istəyinə uyğun olaraq qısaldılmış iş vaxtının tətbiqi ilə bağlı əmək müqaviləsinə dəyişiklik edilməsi məsələsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq baxılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq göstəriş verilmişdir. İddiaçı əlilliyi olan şəxs kateqoriyasına aid olduğundan qısaldılmış iş vaxtının tətbiqi üçün əmək müqaviləsinə müvafiq dəyişikliyin imzalanması tövsiyə olunmuşdur. Lakin İddiaçı qısaldılmış iş rejiminə keçməsi üçün müvafiq müqaviləni imzlamaq üçün ərizə verməkdən imtina etmiş, ona dəfələrlə qısaldılmış iş rejiminə, yəni 1 saat az işləməsi üçün müvafiq ərizəni yazıb təqdim etməyi təklif edilsə də, həmin ərizəni bü günədək təqdim etməmişdir. Bundan başqa, iddiaçının istinad etdiyi Əmək Məcəlləsinin 91-ci maddəsi imperativ norma deyil. İşçinin qısaldılmış iş rejiminə keçirilməsi işəgötürənin hüququdur. Heç kim belə bir öhdəliyi işğgötürənin üzərinə qoya bilməz. İddiaçının məzuniyyətdə olduğu dövrdə işə çıxması barədə məlumat yoxdur. İddiaçı məzuniyyət dövründə rəsmi işə çağırılmayıb. Ola bilsin, iddiaçının öz işi olduğu üçün işə çıxıb. Lakin təşkilatda bu barədə məlumat yoxdur. İddiaçı öz hüququnu çox yaxşı bilir. Əgər istəsəydi, əvvəlki illərdə bu iddianı qaldıra bilərdi. Bu formal qalıdırılmış iddiadır və iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə buraxılmışdır. Bundan başqa iddiaçıya əmək müqaviləsinə əlavəni imzalamaq təklif olunsa da, o, bunu imzalamaqdan imtina etmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbinin əsasız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə baxışı zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İT-İ seriyalı ******* saylı əmək kitabçasına əsasən İddiaçı xx.xx.1980-ci il tarixdə Bakı şəhər X2 texnik-inventarizator vəzifəsinə işə qəbul edilmiş, həmin tarixdən qeyd olunan təşkilatda və onun hüquqi varisi olan təşkilatlarda müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2016-cı il tarixindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsində işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2017-ci il tarixli məlumatdan görünür ki, İddiaçı “Digər xroniki obstruktiv ağciyər xəstəliyi, Xroniki obstruktiv ağaciyər xəstəliyi, Ağciyərin xroniki obstruktiv xəstəliyinin aşağı tənəffüs yollarının kəskin respirator infeksiyası ilə birgə müşahidə olunması. Ağciyərin xroniki obstruktiv xəstəliyi (AXOX) İİİ mərhələ ağır gedişli. Ağ ciyərin emfizeması, Xroniki respirator çatmamazlıq. T.Ç-İİ dərəcə.Pon retinopatiyaları və retinal damar dəyişiklikləri. OU hipertonik anglopatiya.Hıpertenziv ensefalopatiya. Dissirkulyatar emsefalopatiya. Ürəyin xroniki İşemik xəstəliyi” diaqnozu ilə xx.xx.2017-ci il tarixdən İİ dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi kimi ümumi xəstəlik qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin xx.xx.2020-ci, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli məktublarından görünür ki, iddiaçının işlədiyi dövr üçün növbəti əmək məzuniyyətinin verilməsi və həftəlik iş vaxtının mövcud qanunvericiliyə uyğun olaraq müəyyən edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli müraciətinə baxılmış, Bununla əlaqədar bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli əmri ilə ərizəsi əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 25 təqvim günü (xx.xx.2018-xx.xx.2019-cu iş ilindən qalan) əmək məzuniyyəti verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təqdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 12-ci bəndinə əsasən məzuniyyət dövründə, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək xəstə olması ilə bağlı təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqəsinə uyğun olaraq həmin dövr üçün (14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına) müavinətin ödənilməsi təmin edilir. Eyni zamanda bildirilmişdir ki, 2-ci qrup əlil olduğuna görə iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsinə əsasən həftə ərzində qısaldılmış iş vaxtı tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının işlədiyi dövr üçün növbəti əmək məzuniyyətinin verilməsi və əlillik dərəcəsinə görə qısaldılmış iş rejiminin tətbiq edilməməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanladığı müraciətə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq əmrləri ilə ona 2-ci qrup əlil olduğuna görə 2018/2019-cu iş ili üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 119-cu maddəsinin 2-ci hissəsinə əsasən 42 təqvim günü müddətinə əmək məzuniyyəti verilmişdir. Eyni zamanda bildirilmişdir ki, 2-ci qrup əlil olduğuna görə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsinə əsasən həftəlik qısaldılmış iş vaxtı tətbiq edilməsi ilə bağlı əmək müqaviləsinə edilmiş dəyişiklikləri imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəsinə cavab olaraq aşağıdakılar bildirilmişdir:

1. İddiaçı Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında əlilliyin qiymətləndirilməsi barədə sonuncu müayinəyə dair xx.xx.2017-ci il tarixli 0108003AAC2A nömrəli məlumatın surətini xx.xx.2017-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmişdir. İİ qrup əlil kimi qısaldılmış iş vaxtının tətbiq olunması barədə ərizə ilə xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciəti həmin gün Xidmətin Kadrlar şöbəsinə göndərilmiş, xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən onun əmək müqaviləsinə qısaldılmış iş vaxtının tətbiq olunması barədə dəyişikliklər və əlavələr edilməsi barədə məlumat göndərilmiş, iddiaçı həmin əlavəni imzalamaqdan imtina edərək, müqavilənin tam şəkildə dəyişdirilib göndərilməsini və yalnız bundan sonra həmin müqaviləni imzalayacağını bildirmişdir.

2. xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tabeldə iddiaçının gündəlik iş saatı 8 saat, bayram günləri qabağı iş saatı 7 saat göstərilmişdir. Həmin müddətdə işlədiyi günlərin sayı 313, bayram günləri qabağı 6 gün olmuşdur.

3. İddiaçının 2018-2019-cu iş ilindən qalan məzuniyyətin verilməsi üçün xx.xx.2019cu il tarixli ərizəsi həmin gün Xidmətin Kadrlar şöbəsinə göndərilmiş, Xidmət rəisinin xx.xx.2019-cu il tarixli 1003/Ş nömrəli əmrinə əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən məzuniyyət verilmiş, müvafiq olaraq 9, 10, xx xxxxxx 2019-cu il tarixli günlər tabeldə məzuniyyət günləri kimi göstərilmişdir. İş materiallarında olan Bakı Şəhər Ərazi idarəsinin Kadrlar şöbəsinin müdiri X.Hüseynova, Kadrlar şöbəsinin kadrlar üzrə mütəxəssisi U.Bolotnikova və Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkiii şöbəsinin Vətəndaşlara xidmət sektorunun hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçısı A.Abbaszadə tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli aktın məzmunundan görünür ki, həqiqətən Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkil şöbəsinin Sənədlərin qəbulu sektorunun hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti İddiaçı xx.xx.2017-ci il tarixindən işə gəlməmişdir. Kadrlar şöbəsinin əməkdaşları tərəfindən ona zəng olunduğunda ağciyərlərin xroniki obstruktiv xəstəliyi ilə əlaqədar otaraq xəstəxanaya yerləşdirildiyini, təkrar zəng zamanı evdə müalicəsini davam etdirdiyini bildirmişdir. xx.xx.2017-ci il tarixində Kadrlar şöbəsi tərəfindən təşkil edilmiş komissiya İddiaçı ünvanında (ünvan 1 olmuşdur. Baxış zamanı Z.Əlskbərovun həqiqətən də, evdə xəstə olduğu, danışarkən nəfəs ala bilmədiyi, xırıltılı bəlğəmli öskürdüyü müşahidə olunmuşdur. Xəstə müalicəsini davam etdirdiyinə görrə hələlik işə çıxa bilməyəcəyini söyləmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 17-ci maddəsinin 1-ci hissəsinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Həmin Məcəllənin 46-cı maddəsinin 5-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Həmin Məcəllənin 91-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.. Həmin Məcəllənin 91-ci maddəsinin 2-ci hissəsinə əsasən, Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci dərəcə əlilliyi olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Həmin Məcəllənin 94-cü maddəsinin tələblərinə əsasən:

1. Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı — natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər.

2. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın — ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir.

3. İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələrilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinin h) bəndinə görə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. Həmin Məcəllənin 288-ci maddəsinin 1-ci bəndinə görə işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə görə isə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinə görə fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi, işçinin işəgötürənə və işəgötürənin işçiyə qarşı pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci il tarixli Qərarında göstərmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X7 Məhkəməsi “X3” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki İddiaçı “artıq işləmiş iş vaxtına görə ödənişin edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-dən qarşı xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək 313 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 gün, 2012-2014-cü illərdə məzuniyyətdə olduğu vaxt 66 gün, 2015-2016-cı illərdə məzuniyyətdə olduğu vaxt 30 gün artıq işlədiyini iddia etsə də, iddia ərizəsinə qeyd olunan halları təsdiq edən heç bir mötəbər sübut əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, İddiaçı hazırki tələblə bağlı iddia vermək hüququndan vaxtında istifadə etməməsi, bu hüququn məhkəmə vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olmuşdur. Eyni zamanda, məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə dəyişikliklərin yalnız tərəflərin razılığı ilə edilməsi nəzərdə tutulduğundan, iddia tələbi “qısaldılmış iş vaxtı tədbiq edilməklə onunla bağlanmış əmək müqaviləsinə dəyişikliyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində də əsasızdır və təmin olunmamalıdır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi tamamilə əsassız və qanunsuz olduğundan, həmçinin, məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməklə, rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında DƏDRX və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə qarşı “artıq işləmiş iş vaxtına görə ödənişin edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar