Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6158/2025 11.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Şirinov Əli Hafiz oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" QSC-nin nümayəndələri X2 və X5 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC tərəfindən iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli, 884/ş saylı əmrinin ləğv edilməsi, iddiaçının X10 Aerportu Mühafizə Xidmətində terminal üzrə hava gəmilərinin və mülki aviasiya obyektlərinin mühafizə xidmətində 5-ci dərəcəli inspektor vəzifəsinə işə bərpa edilməyi və ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC-də xx.xx.2017-ci il tarixdən X10 Aerportu Mühafizə Xidmətinə terminal üzrə hava gəmilərinin və mülki aviasiya obyektlərinin mühafizəsi üzrə keşikçi vəzifəsinə müddətsiz işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdən Mühafizə xidmətində 5-ci dərəcəli inspektor vəzifəsinə keçirilmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyası və ya əmək müqaviləsi üzrə yerinə yetirmədikdə) 884/ş saylı müddətsiz müqaviləyə xitam verilmişdir. İddiaçı həmin əmr ilə razı deyil. Hesab edir ki, aşağıdakı əsaslara görə həmin əmr ləğv olunmalı və iddiaçı öz işinə bərpa edilməlidir. Əmək mübahisəsinin könüllü həlli ilə əlaqədar iddiaçı Bakı 8 saylı mediasiya təşkilatına müraciət etmişdir. Lakin orada cavabdehin nümayəndəsi ilə aralarında razılıq əldə edilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşlədiyi dövr ərzində iddiaçı heç vaxt qanun pozuntusuna yol verməmiş, kollektivdə hər zaman hörmət qazanmış və əmək funksiyalarını da layiqincə yerinə yetirmişdir. Lakin cavabdeh əsassız və qanunsuz olaraq onu heç bir əsas olmadan, heç bir sübut olmadan işdən azad etmişdir. 23 oktyabr 2025-ci il tarixli 884/ş saylı əmrdə qeyd olunur ki, 24 sentyabr 2025-ci il tarixdə "xxxx" QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsi Mühafizə xidmətinin əməkdaşı tərəfindən hava gəmisinin qəbul prosesi zamanı onun giriş icazəsi olmadığı halda hava gəmisinin bortuna daxil olması, möhürlənmiş konteynerin möhürünü qraraq bort qida məhsullarını götürməsi və qanunsuz şəkildə əldə etdiyi digər bir möhürlə konteyneri yenidən möhürləməsi faktı baş vermişdir. Həmin hadisə ilə əlaqədar aparılmış xidməti araşdırma zamanı Aviasiya Təhlükəsizlik Baş İdarəsi Mühafizə xidmətinin inspektoru İddiaçı da daha əvvəl, yəni 23 avqust 2025-ci il tarixdə hava gəmisinin gəldiyi “Alfa 14” dayanacağında xidmət apararkən eyni hadisəni törətdiyi məlum olmuşdur. Araşdırma zamanı Mühafizə xidmətinə aid otaqlara baxış keçirlərkən dolablarda, naqillər üçün nəzərdə tutulmuş şaxtalarda tavan və divan altlarında hava gəmisinin bort məhsulları və “ASG SKY Catering” şirkətinə məxsus istifadə edilməmiş möhürlər aşkar edilmişdir. Məsələnin araşdırılması məqsədi ilə arxiv video görüntüləri və “X-ray” qurğularının təsvirləri izlənilmiş və müəyyən edilmişdir ki, Aviasiya Təhlükəsizlik Baş İdarəsi Mühafizə xidmətinin inspektoru İddiaçı işdən evə gedərkən hava gəmisinə məxsus olan qida və ehtiyat məhsullarını özünəməxsus çantaya yığaraq qanunsuz şəkildə apardığı aşkar edilmiş və işçi bu halı öz izahatında təsdiq etmişdir. 24 sentyabr 2025-ci il tarixdə hava gəmisinin bortuna daxil olması, möhürlənmiş konteynerin möhürünü qıraraq bort qida məhsullarını götürməsi və qanunsuz şəkildə əldə etdiyi digər bir möhürlə konteyneri yenidən möhürləməsi faktının iddiaçıya heç bir aidiyyatı yoxdur. Bu işləri həmin gün mühafizəçi Nəsirov Eldəniz etmişdir. Ondan izahat alınmış və o, etdiyi bu hərəkətləri etiraf etmişdir. Ona görə də Eldəniz Nəsirov işdən azad olunmuşdur. Həmin gün iddiaçı başqa bir ərazidə xidmətdə olmuşdur. Araşdırma zamanı Mühafizə xidmətinə aid otaqlara baxış keçirilərkən dolablarda naqillər üçün nəzərdə tutulmuş şaxtalarda, tavan və divan altlarında hava gəmisinin bort məhsulları və “ASG SKY Catering” şirkətinə məxsus istifadə edilməmiş aşkar olunan möhürlər iddiaçıya aid deyil, Eldəniz Nəsirova aid olmuşdur. İddiaçının hava gəmisi bortuna daxil olmağına və möhürlənmiş konteynerin möhürünü qıraraq bort qida məhsullarını götürməyinə dair heç bir sübut və videogörüntü yoxdur. Əmrdə göstərilənlər həqiqətə uyğun deyildir. 23 avqust 2025-ci il tarixdə hava gəmisinin gəldiyi “Alfa-14” dayanacağında xidmət apararkən eyni hadisənin törədilməsinə dair xidmət rəhbəri araşdırma aparmış, bu hal öz təsdiqini tapmamış və hadisənin həqiqətə uyğun olmadığı təsdiqləndiyindən iddiaçıdan izahat tələb olunmadı və heç bir intizam tənbehi tətbiq olunmadı. Belə bir hal təsdiq olunmadığı halda cavabdeh tərəfindən bunu əmrdə göstərməsi və guya ki, iddiaçının həmin hadisədə günahkar kimi qeyd olunması yolverilməzdir. Əmrdə qeyd olunur ki, guya ki, hava gəmisinə iddiaçının giriş icazəsi yoxdur. Halbuki, mühafizəçilərin hava gəmisinə girişini təsdiq edən buraxılış vərəqəsi vardır. Həmin vəsiqələrdə icazə “T” hərfi ilə qeyd olunmuşdur. Cavabdeh əmrdə qeyd edir ki, Aviasiya Təhlükəsizlik Baş İdarəsi Mühafizə xidmətinin inspektoru İddiaçı işdən evə gedərkən hava gəmisinə məxsus olan qida və ehtiyat məhsullarını özünəməxsus çantaya yığaraq qanunsuz şəkildə apardığı aşkar edilmiş və işçi bu halı öz izahatında təsdiq etmişdir. İddiaçı bununla razı deyil. İddiaçının qida məhsullarının öz çantasına yığaraq getməyinə dair hər hansı bir sübut yoxdur. Araşdırma zamanı iddiaçıdan alınan izahatda bildirmişdir ki, çantasında qida məhsulları deyil, öz şəxsi əşyası - üst geyimi olmuşdur. Ona görə də çantası dolu görünmüşdür. Aviasiya Təhlükəsizlik Baş İdarəsinin təmin etdiyi geyim forması öz keyfiyyətini itirdiyi üçün və yenisi ilə təmin olunmadığı üçün onlara qara rəngli mülki üst geyim geyinmək icazəsi verilmişdir. Cavabdeh tərəfindən tərtib edilən əmr formal surət daşıyır, iddiaçının bu hadisə ilə bağlı heç bir günahı təsdiq olunmadığı halda cavabdeh onu əsassız olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad etmişdir. Qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddinin imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir.
3. Cavabdeh "xxxx" QSC iddia ərizəsinə etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizliyi Baş İdarəsi Mühafizə xidmətinin əməkdaşı tərəfindən hava gəmisinin qəbul prosesi zamanı onun giriş icazəsi olmadığı halda, hava gəmisinin bortuna daxil olması, möhürlənmiş konteynerin möhürünü qıraraq bort qida məhsullarını götürməsi və qanunsuz şəkildə əldə etdiyi digər bir möhürlə konteyneri yenidən möhürləməsi faktı baş vermişdir. Araşdırma zamanı Mühafizə xidməti aid otaqlara baxış keçirilərkən dolablarda, naqillər üçün nəzərdə tutulmuş şaxlatarda, tavan və divan altlarında hava gəmisinin bort məhsulları və “ASG SKY Catering” şirkətinə məxsus istifadə olunmamış möhürlər aşkar olunmuş və bununla bağlı akt tərtib edilmişdir. Məsələnin araşdırılması məqsədilə arxiv videogörüntüləri izlənilmiş və müəyyən edilmişdir ki, Aviasiya Təhlükəsizlik Baş İdarəsi Mühafizə xidmətinin inspektoru İddiaçı işdən evə gedərkən hava gəmisinə məxsus olan qida və ehtiyat məhsullarını özünə məxsus çantaya yığaraq qanunsuz şəkildə aparmışdır ki, işçi özü də bu halları öz izahatında təsdiq etmişdir. A. Novruzov tərəfindən Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Mühafizə Xidmətinin inspektorunun vəzifə təlimatının 3.1-ci (Postu özbaşına tərk etmək, postda yatmaq, yazmaq (xidmətdə aid qeydiyyat sənədlərinin və jurnalların işlənməsi halları istisna olmaqla), bədii qiraət etmək, mahnı oxumaq, yemək (xidmət yerlərində qida qəbulu üçün xüsusi yerlərin olmadığı postlar istisna olmaqla), içmək, siqaret çəkmək (nəzarət tutulan yerlər istisna olmaqla), kimdənsə nəsə almaq, kiməsə nəsə ötürmək, mobil telefonla məşğul olaraq fikrini yayındırmaq, xidməti telefonla xidmətdən kənar danışıqlar aparmaq, zərurət olmadıqda patronu patron yuvasına otürmək), 6.2-ci (Əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına görə fərdi məsuliyyət daşıyır), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 6 dekabr tarixli 337 nömrəli Qərarı ilə təsdiq edilmiş “Buraxılış və obyektdaxili rejimlərin təşkili Qaydası”nın 3.7-ci (Personal, həqiqətən öz vəzifə borclarını yerinə yetirmək üçün mühafizə edilən məhdud girişli zonalara daxil olmaq zərurəti yaranmış olduğu halda, bu zonaya keçməyə icazə verilir) bəndlərinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 dekabr tarixli 389-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Havada və yerdə olan hava gəmilərinin təhlükəsizliyi üzrə tədbirlərin həyata keçirilməsi Qaydası”nın 4.2.4-cü (hava gəmisinə yaxınlaşan və ya daxil olmaq istəyən şəxslərin, o cümlədən hava gəmisinə xidmət göstərən personalın şəxsiyyəti aydınlaşdırılır, onların hava gəmisinə buraxılmasının zəruriliyi dəqiqləşdirilir və onlar baxışdan keçirildikdən sonra hava gəmisinə buraxılırlar), Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 6 dekabr tarixli 337 nömrəli Qərarı ilə təsdiq edilmiş “Buraxılış və obyektdaxili rejimlərin təşkili Qaydası”nın 18.1.6-cı (konteynerlərin plomblarının kilidlərini zədələmək, plombları qırmaq, ayrı-ayrı yük və onların qutularını, paketlərini, habelə hava nəqliyyatında yükdaşıma ilə əlaqədər işlər üçün istifadə edilən anbarların hasarlarını zədələmək) yarım bəndlərinin, 15.1-ci (Mülki aviasiya subyektlərinə mənsub olan maddi qiymətlərin daşınması (çıxarılması) yalnız müvafiq müəssisələr tərəfindən rəsmiləşdirilən material buraxılışı vərəqələri əsasında həyata keçirilir. Material buraxılışı vərəqəsi malın (avadanlığın) alınmasına dair qaimədir) bəndinin, Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Mühafizə Xidmətinin inspektorunun vəzifə təlimatının 2.10-cu (Hava gəmilərinin mühafizəsini təmin etmək) həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 yanvar tarixli 9 nömrəli Qərarı il təsdiq edilmiş “Hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində İntizam Nizamnaməsi”nin 2-ci hissəsinin (Mülki Aviasiya işçilərinin vəzifə borcları) “ç” (Azərbaycan Respublikasının qanunvericiliyinə və Mülki Aviasiyada qüvvədə olan digər normativ hüquqi aktların tələblərinə riayət etmək), “e” ( aviasiya müəssisələrinin mülkiyyətini qorumaq, yüklərin ünvanına vaxtında və itkisiz çatdırılmasını təmin etmək) və “g” (düzgün və sədaqətli olmaq, işdə özünü ləyaqətli aparmaq, başqalarını intizam qaydalarını pozmaqdan çəkindirmək) bəndlərinin tələbini pozmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Beləliklə İddiaçıla bağlanmış əmək müqaviləsi onun tərəfdən “Hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində İntizam Nizamnaməsi”nin eləcə də aviasiya təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini, vəzifə təlimatını və əmək müqaviləsi ilə müəyyən olunmuş əmək funksiyasını və vəzifəsini pozduğundan, həmçinin, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda) xitam verilmişdir. Eyni zamanda qeyd edirik ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən müəyyən edilmiş müddətdə məcəllənin 70-ci maddəsinin “ç” bənd ilə Aviasiya Təhlükəsizlik Baş İdarəsi Mühafizə xidmətinin inspektoru İddiaçı əmək müqaviləsinə xitam verilməsinə həmkarlar itiffaqı təşkilatında qanunvericiliyə uyğun olaraq razılıq alınmışdır.
a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasında İddiaçı və vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdaifə etdiklərini bildirib, təmin edilməsini xahiş etdilər.
6. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X6 etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi.
7. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X9 2022-ci ildən aparıcı mühəndis-inspektor vəzifəsində işlədiyini, əvvəllər belə hal baş vermədiyini, istifadə olunmayan məhsulların geri qaytarıldığını bildirmişdir.
8. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
9. "xxxx" QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli 18 nömrəli məktubunun 1.1-ci bəndindən görünür ki, Həmkarlar İttifaqı Komitəsi ”Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Mühafizə Xidmətinin 2 saylı növbənin inspektoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinin (işçi özünün əmək funksiyasını va ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) şərtlərinə əsasən işəgötürən tərəfindən birtərəfli şəkildə ləğv edilməsinə razılıq verir.
10. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli 884/ş nömrəli əmrindən görünür ki, "xxxx" QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsi Mühafizə Xidmətinin inspektoru İddiaçı (t№ 4752) əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə yerinə yetirmədikdə) ilə xx.xx.2025-ci il tarixindən xitam verilməsi, Əmrin birinci bəndində qeyd edilmiş işçinin əmək müqaviləsinə xitam verildiyi gün (son iş günü) son haqq-hesabı (ödənilməli olan əməkhaqqısı, xx.xx.2024-xx.xx.2025-ci iş ili üçün artıq istifadə etdiyi əsas məzuniyyət günlərinə 2 təqvim günü məzuniyyət pulunun tutulması) Maliyyə və Mühasibat uçotu idarəsinə həvalə edilməsi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr işçinin elektron informasiya sistemində yaradılmış kabinetə yerləşdirilməsi və ya kağız daşıyıcıda ona təqdim edilməsi əmr edilmişdir.
11. İddiaçı ilə cavabdeh "xxxx" QSC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı Aviasiya Təhlükəsizlik Baş İdarəsi Mühafizə Xidmətinin inspektoru vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir.
12. "xxxx" QSC-nin prezidentinə iddiaçı tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, hava gəmisində istifadə olunan bort ehtiyatlarının, qida və qeyri-qida məhsullarını uçuşdan gələn ekipaj üzvləri bortdan düşəndə iddiaçıya su içmək üçün veriblər. Cola, Spirite və bir də butavay xidməti onlara stəkan, salfetka veriblər istifadə etmək üçün. Xidməti otaqlarına gətirmişdir, Alfa 1 otağa. Əlavə olaraq qeyd olunan məhsulları özünə məxsus çantasında hava limanının ərazisindən çıxarmışdır. Sual – Qeyd etdiyiniz məhsulları sizə kimlər vermişdir? Həmin şəxslərin adlarını qeyd edin. Cavab – şəxslərin adlarını bilmir, amma həmin məhsulları AZALın reysdən gələn Astana-Dubay, Samara-Moskva, Milan və s. bəzi ekipajlardan əldə edirlər. 5 aydır ki, bu məhsulları istifadə edir. Sual – Sizin hansı hallarda hava gəmisinə daxil olmağınıza icazə verilir? Cavab – Trapı açıb-bağlayanda, komandir onları çağıranda, ekipaj heyəti çağıranda, texnikə bortu təhvil verəndə, birdə onlara şübhəli nəsə görünəndə. Sual – xx.xx.2025-ci il tarixdə SKY cetring Şirkətindən ATBİ-nə müraciət daxil olmuş həmin müraciətdə xx.xx.2025-ci il tarixdə 011 nömrəli Dubay-Bakı uçuşunu həyata keçirən hava gəmisi endikdən sonra tərəfinizdən təhlükəsizlik plomblarını qırmısınız. Qanunsuz hərəkətlərinizin qarşısını almaq istəyən Natiq İsgəndərova qarşı hədə-qorxu gələrək ona xəsarət yetirmək istədiyiniz göstərilmişdir. Bu barədə nə deyə bilərsiniz? Cavab – Deyilənlər heç biri həqiqətə uyğun deyil. Qərəzli yanaşmadır, əsassızdır. Ona verilən su, salfetka və stəkan idmət rəhbərliyinin heç bir xəbəri olmayıb. Sual - əvvəlki və indiki istifadə etdiyiniz istirahət otaqlarınızdan çıxan bort ehtiyatlarından və qida məhsullarından xəbəriniz var bu məhsulları kimin otaqlara gətirdiklərini kimlər olduğunu bilirsizmi? Cavab – xəbəri var. İddiaçı özü də xidməti otağa stəkan gətirmişdir istifadələri üçün. Digərlərinin kim tərəfindən gətirildiyini bilmir. Sual – Daxil olan məlumata əsasən Natiq adlı şəxsin H-G bortunda olan plombun sizin tərəfinizdən sındırmağa cəhd etməyiniz qeyd olunub? Xahiş olunur cavab verin. Cavab – Natiq yaxşı bilir ki, onların təyyarədən nəsə götürməsinin onlara problemi yoxdur. Bu səbəbdən o bu cür məlumat verib. Sual – ümumilikdə bu məhsulları hava limanının ərazisindən çıxarmağınız hansı müddətə təsadüf edir? Cavab – 4 ay ərzində ona verilən sulardan, cola, spirite ayda bir-iki dəfə çıxarmışdır. Sual – tərəfinizdən aparılan videogörüntülərdən görünür ki, sentyabr ayı ərzində demək olar ki, siz hər növbədən çıxan zaman növbəyə boş çanta ilə gəlib, çıxanda isə dolu çanta ilə çıxırsınız. Hazırkı izahatınızda isə ay ərzində belə halın 1-2 dəfə baş verdiyini bildirirsiniz. Göstərilənləri necə izah edə bilərsiniz? Cavab – onun xidməti otaqlarında şkaflarında dəyişik paltarlar gətirir. Hər smen formanı yudurdur. Özü ilə dəyişik paltarlar gətirib-aparır. Bir də duty freedən özü üçün içki, araq alır, sumkasına qoyub aparır. Aerportdan çıxarkən çantanız dolu olub. Paltar ilə yanaşı başqa nələr olub çantada? Cavab – paltarla yanaşı Hava gəmisinə məxsus port məhsulları (meyvə şirəsi, cola, spirite, salfetka) olub. İzahatı özü yazmışdır.
13. Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Mühafizə Xidmətinə məxsus xidməti otaqlarda aparılmış yoxlamaya dair Aktdan görünür ki, 2 saylı növbəyə məxsus dolablarda olan əşyalar siyahısında aşağıdakılar qeyd edilmişdir: Boyun üçün yastıq – 3 ədəd, uşaqlar üçün pazl və rəsm dəsti – 3 dəst, tərlik – 9 dəst, salfetka – 10 paçka, vitamin tamat şirəsi – 3 ədəd, maye əl sabunu Apotneke – 4 ədəd, coca-cola 330 ml – 6 ədəd, spirite 330 ml – 5 ədəd, Schweppes 330 ml – 5 ədəd, hava gəmisinə məxsus yemək konteyneri – 1 ədəd, uşaq gigiyenik ləvazimatlar dəsti çantası ilə – 4 ədəd, Biznes aviasion SKY Cateringə məxsus Plomb (№ ********) – 1 ədəd, Bıçaq tiyəsinin uzunluğu 19 sm – 1 ədəd, Sirab suyu 1.5 L – 4 ədəd, kağız stəkan – 225 ədəd, vitamin 1.2 L – 3 ədəd, Salfetka – 3 ədəd, tərlik – 3 dəst, Plastik çəngəl-bıçaq – 6 dəst, Şüşə qabda Nescafe – 2 ədəd, vitamin meyvə şirəsi 200 ml – 5 ədəd, Aeroflot şirkətinə məxsus uşaq çantası – 1 ədəd, Kalyaska üçün salafan – 2 ədəd, DutyFree polietilen paketləri – 5 ədəd, Nəlbəki – 2 ədəd, Paketli çay – 82 ədəd, Kabin sprey 60 qr – 1 ədəd.
14. Bakı 8 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/8/2025-02491 nömrəli X3 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı 50 manat İMS və 10 manat poçt-kargüzarlıq xərcini ödəmişdir.
15. İş materiallarına iddiaçının əmək kitabçasının surəti, iddiaçının xidməti vəsiqəsinin surəti, CD Disk, işçilər X7, X8, X1, Ələsgərov Natiqin, Nağdəliyev Elşadın, X4, İsgəndərov Natiqin izahatları, iddiaçının etirazı, Avisaiya Təhlükəsizlik Baş İdarəsinin Mühafizə Xidmətinin inspektorunun vəzifə təlimatı əlavə edilmişdir.
b) Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddə, 3. hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 11-ci maddə, “a”, “b”, “c”, “d” bəndləri. bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. 68-ci maddə, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddə, 2-ci hissə, “b” bəndi. tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddə, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddə, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddə, “e” bəndi. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 186-cı maddə, 1-ci hissə. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddə, 2-ci hissə, “a,” “b” və “ç” bəndləri. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət verə, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. 186-cı maddə, 3-cü hissə. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 297-ci maddə. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1, 76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
19. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 100, 3-cü hissə. Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
c) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:
20. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi əsasında yaranmış əmək münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh müəssisədə Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Mühafizə Xidmətinin inspektoru vəzifəsində işləmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi cavabdeh müəssisənin xx.xx.2025-ci il tarixli 884/ş nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin tarixdən ləğv edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Mühafizə Xidmətinin əməkdaşı tərəfindən hava gəmisinin qəbul prosesi zamanı giriş icazəsi olmadığı halda, hava gəmisinin bortuna daxil olması, möhürlənmiş konteynerin möhürünü qıraraq bort qida məhsullarını götürməsi və qanunsuz şəkildə əldə etdiyi digər bir möhürlə konteyneri yenidən möhürləməsi faktı baş vermişdir. Qeyd olunan fakt üzrə araşdırma aparılmış və iddiaçının xx.xx.2025-ci il tarixdə eyni hadisəni törətdiyi məlum olmuşdur. Bundan başqa, araşdırma zamanı Mühafizə xidmətinə aid otaqlara baxış keçirilmiş, dolablarda, naqillər üçün nəzərdə tutulmuş şaxtalarda, tavan və divan altlarında hava gəmisinin bort məhsulları və “ASG SKY Catering” şirkətinə məxsus istifadə edilməmiş möhürlər aşkar edilmişdir. Həmçinin, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı işdən evə gedərkən hava gəmisinə məxsus olan qida və ehtiyat məhsullarını özünə məxsus çantaya yığaraq qanunsuz şəkildə aparmışdır. İşçi bu halı öz izahatında təsdiq etmişdir.
21. İddiaçının məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli izahatından görünür ki, AZAL-ın müxtəlif reyslərindən gələn ekipaj üzvləri iddiaçıya su, stəkan, salfetka vermişdir. 5 aydır ki, iddiaçı həmin məhsulları istifadə edir. Ona verilən su, stəkan, salfetkadan rəhbərliyin məlumatı yoxdur. Onların təyyarədən nəsə götürmələrinin problemi yoxdur. O, aerportdan çıxarkən çantasında paltarla yanaşı hava gəmisinə məxsus port məhsullarını, meyvə şirəsi, cola, sprite, salfetka aparmışdır.
22. Məhkəmə qeyd edir ki, iddiaçı öz izahatında özünə məxsus olmayan müxtəlif məhsulları götürdüyünü və çantasında apardığını etiraf etmişdir. İddiaçı məhkəmə iclasında təlimatda qadağaların olduğunu, lakin açıq hava şəraitində işlədiklərini, uçuş heyətinin özlərinin onlara su və s. məhsulları istifadə etmək üçün verdiklərini bildirmişdir. İddiaçının vəkili-nümayəndəsi də pozuntunu qəbul etdiklərini, lakin iddiaçıya töhmət verilə biləcəyinin mümkün olduğunu bildirmişdir.
23. Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Mühafizə Xidmətinin inspektorunun vəzifə təlimatından görünür ki, inspektora postu özbaşına tərk etməsi, kimdənsə nəsə alması, kiməsə nəsə ötürməsi qadağandır (3.1).
24. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı pozuntu etdiyini bilmiş, lakin buna baxmayaraq həmin pozuntuları dəfələrlə təkrarlamışdır. Yəni iddiaçı müəssisəyə məxsus müxtəlif məhsulları istifadə etməməli olduğu halda istifadə etmiş, başqa şəxslərdən (ekipaj üzvlərindən) təhvil almamalı olduğu halda təhvil almış, onları müəssisədən kənara çıxarmışdır. Bu halda müəssisəyə maddi ziyanın dəyməsi də istisna olunmur. Öz izahatında etdiklərini təsdiq etmişdir. İddiaçı öz etdiklərinin normal hal olduğunu, pozuntu olmadığını, bununla bağlı ondan hər hansı izahat alınmadığını bildirir. Məhkəmə hesab edir ki, iddiaçının dəlilləri əsassızdır. Mühafizə Xidmətinin növbə rəisi də öz izahatında iddiaçıya və digərlərinə müvafiq qadağalar barədə məlumat verdiyini, hətta rəhbərliyə də məlumat verdiyini bildirmişdir. Ümumiyyətlə, işçinin başqasının mülkiyyətində olan əşyaları müəssisədən qanunsuz daşımağı, buna şərait yaradılması və ya icazə verilməsinin əmək münasibətlərinə ziyan vurduğu, bu cür hərəkətlərin edilməsinin pozuntu olduğu hər kəsə bəlli olan hallardır.
25. Belə ki, iş materiallarında iddiaçının xx.xx.2025-ci il tarixli yazılı izahatı, xidməti otaqlarda aşkar edilmiş əşyalara dair akt, digər işçilərin izahatları, həmkarlar ittifaqının qabaqcadan razılığı və xitam əmri mövcuddur. Xüsusilə iddiaçının öz yazılı izahatında hava gəmisinə məxsus məhsulları götürdüyünü və müəssisənin ərazisindən çıxardığını etiraf etməsi cavabdehin istinad etdiyi pozuntunun mövcudluğunu təsdiq edən birbaşa sübut kimi qiymətləndirilir. İddiaçı isə bu yazılı sübutların mötəbərliyini aradan qaldıran, yaxud onların həqiqətə uyğun olmadığını göstərən yetərli və inandırıcı sübutlar təqdim etməmişdir.
26. Məhkəmə qeyd edilməsini zəruri hesab edir ki, iddiaçının vəzifə təlimatında qadağalar barədə iddiaçının məlumatlı olması iş üzrə mübahisəsiz haldır. İddiaçı həmin qadağalara qəsdən əməl etməmiş və düşünmüşdür ki, “etdiyi əməllərə görə ona töhmət və ya irad verilə bilər, işdən azad edilə bilməz”. Məhkəmə hesab edir ki, işçinin öz vəzifə təlimatına qeyd olunmuş qadağalara əməl etməməsi onun müəssisədaxili qaydaları pozduğu və beləcə əmək müqaviləsi üzrə öz öhdəliklərinə əməl etməməsi, vəzifə (əmək) funksiyalarını pozması, əmək funksiyalarını düzgün yerinə yetirməməsi mənasına gəlir. Qeyd olunan hallar isə işçinin əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinə əsasdır. Məhkəmə qeyd edir ki, işçiyə hansı intizam tənbehini verməsi işəgötürənin hüququdur. Təbii ki, işəgötürən həmin intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. İş materiallarından görünür ki, işçinin kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi müsbət deyil, mənfi qiymətləndirilir. Törətdiyi intizam xətası isə daimi xarakter almışdır. Nəzərə alınmalıdır ki, iddiaçı ilə birlikdə digər işçilərin də əmək müqaviləsi oxşar əməllərə görə işəgötürənin təşəbbüsü ilə ləğv edilmişdir. Məhkəmə nəzərə alır ki, aviasiya və digər nəqliyyat sahəsində xidməti həyata həyata keçirən müəssisələrdəki əmək münasibətləri ilə daha təhlükəsiz sektorlarda əmək münasibətləri ilə eyni formada tənzimlənmir. Qeyd olunan ictimai əhəmiyyətli müəssisələrdə əmək münasibətləri üçüncü şəxslərin hüquqlarının qorunması baxımından daha sərt qaydalar ilə həyata keçirilməlidir. Məhkəmə göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün kifayət qədər sübut məhkəməyə təqdim edilməmiş, iddiaçının əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarının pozuntusu aşkar edilməmişdir. Buna görə də iddia tələbi təmin edilməməlidir.
27. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
28. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddiası təmin edilməməli, iş üzrə çəkilmiş mediasiya xərcləri iddiaçıya aid edilməlidir.
Nəticə:
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə çəkilmiş mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova