Məhkəmə qərarları › İş №2(010)-1142/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1142/2025

30.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1142/2025 30.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 200 manat məbləğində pulun, həmçinin hüquqi yardımın göstərilməsi üçün vəkil məsləhəti 20 manat, iddia ərizəsinin tərtib edilməsi üçün 70 manat, cavabdehin eyniləşdirmə məlumatları haqqında arayışın alınması üçün AR-sı DİN BPQMİ Maps şöbəsinə vəkil sorğusu üçün 50 manat, məhkəmə üçün dövlət rüsumu 30 manat pulun, ümumilikdə 370 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qonşusu olan Şahid vasitəsi ilə tanış olduğu Cavabdeh (bundan sonra cavabdeh) ona yaşadığı fərdi yaşayış evinə 1200 manat pul vəsaiti qarşılığında elektrik çəkilişlərinin aparılmasını 2024-cü ilin may ayında təklif etmişdir. Tərəfindən İlkin olaraq cavabdehə 2024-cü ilin may ayında istifadəsində olan bank kartı vasitəsilə 500 manat pulu cavabdehin ona təqdim etdiyi bank kartına göndərmişdir. Bir müddət sonra cavabdeh onunla əlaqə saxlayaraq, yenidən 150 manat, bir müddət sonra isə 50 manat istəmiş, o isə cavabdehə inanaraq cavabdehin bank kartına toplam olaraq 700 manat pul vəsaitini cavabdehin bank kartına göndərmişdir. Cavabdehlə ona məlum olan 077 306 15 38 mobil nömrə ilə əlaqə saxlayaraq işlərin nə yerdə olması ilə bağlı əlaqə saxlamaq cəhdi hər dəfəsində uğursuz alınmışdır. Lakin bir müddətdən sonra cavabdehin mobil telefonu aktivləşdiyindən “whatsapla”, zəng ilə əlaqə saxlayaraq işlərin nə yerdə olması ilə bağlı məlumat aldığında cavabdehin danışığında qeyri dəqiqliyi hiss etdiyindən cavabdehin onu aldatdlığını hiss etmiş və cavabdehə tərəfindən ödənilmiş 700 manat pulun qaytarılmasını bildirmişdir. Cavabdehə öz kəskin iradlarını bildirdikdən sonra cavabdeh ona 500 azn pulu geri qaytarmış, lakin 200 manat pulu qaytarılması ilə cavabdehin bir çox vədlər verməsinə baxmayaraq bu günə kimi qaytarmamışdır. Tərəfindən cavabdehin hərəkətləri ilə bağlı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci polis şöbəsinə şikayət etsə də, xx.xx.2024-cü il tarixində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar verilmiş və mülki icraaat qaydasında məhkəməyə müraciət etməyi izah edilmişdir. Nəticədə cavabdeh tərəfindən öhdəlik icra olunmamış və hesab edir ki, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanmadır. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin göstərilən məsələ ilə bağlı hüquqi yardımın göstərilməsi üçün vəkil məsləhəti 20 manat, iddia ərizəsinin tərtib edilməsi üçün 70 manat, cabadehin eyniləşdirmə məlumatları haqqında arayışın alınması üçün AR-sı DİN BPQMİ Maps şöbəsinə vəkil sorğusu üçün 50 manat, məhkəmə üçün dövlət rüsumu 30 manat pul vəsaiti ödənilmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdehi qonşusu olan Şahid vasitəsi ilə tanımışdır. Belə ki, elektrik naqillərinin çəkilişlərinin aparılması üçün Şahid müraciət etmiş, o isə bu işin aparılması üçün Cavabdeh təklif etmişdir. Cavabdeh 2024-cü il may-sentyabr ayları ərzində hissə-hissə olmaqla 700 manat məbləğində pul verilmişdir. Belə ki, 500 manat məbləğində pulu cavabdehə vermək üçün qonşusu Şahid vermiş, 200 manat məbləğində pulu isə Şahid kart hesabına köçürmüşdür. Cavabdeh tərəfindən 500 manat məbləğində pul qaytarılsa da, 200 manat pul qaytarılmamışdır. Bununla bağlı olaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə şikayət etmişdir. Cavabdeh Polis Şöbəsinə gəlməmiş, ona mülki icraat qaydasında məhkəməyə müraciət etməyi izah edilmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Şahid ifadəsi

5. Şahid məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, İddiaçı qonşusudur və 10 ildir ki, onu tanıyır. Eləcə də, cavabdeh Bülbülə qəsəbəsində yaşayır və onu da 10 ildir ki, tanıyır. O, Bülbülə qəsəbəsində ev alqı-satqı işi ilə məşğuldur. İddiaçı onun yanına gələrək, işıq sayğacı qoydurmaq istədiyini bildirmişdir. O isə bu işi həyata keçirmək üçün Cavabdeh təklif etmişdir. Cavabdeh işin görülməsi üçün iddiaçıdan 800 manat, ümumilikdə isə 1100 manat məbləğində pul tələb etmişdir. Belə ki, iddiçı 500 manat məbləğini onun kart hesabına köçürmüş, 200 manat məbləğində pulu isə nağd olaraq vermişdir. İşıq sayğacının qoyulması üçün müəyyən edilmiş vaxtdan bir müddət keçməsinə baxmayaraq, sayğac qoyulmamış və cavabdeh tərəfindən həmin puldan 500 manat məbləği qaytarılmışdır. Lakin qalan 200 manat məbləğində pul isə geri qaytarılmamışdır.

İş materialları.

6. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, Balandin 42 ünvanda qeydiyyatdadır. 7.Hesabdan çıxarışdan müəyyən olunur ki, İddiaçı məxsus kart hesabından xx.xx.2024-cü il tarixdə 151 manat pul köçürülmüşdür. 8.Hesabdan çıxarışdan müəyyən olunur ki, İddiaçı məxsus kart hesabından xx.xx.2024-cü il tarixdə 300 manat pul köçürülmüşdür.

9. xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

10. "xxxx" ASC tərəfindən Bakı şəhər Suraxanı rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, 5167-5133-3484-9031 nömrəli kartdan xx.xx.2024-cü tarixdə 151 manat pul "xxxx" ASC tərəfindən emissiya edilmiş 5239-1517-0427-0977 nömrəli karta köçürülmüşdür. Qeyd edilən kart "ABB“ ASC-yə məxsus olmadığından pulun köçürüldüyü hesab barədə məlumatların verilməsi mümkün deyildir. Köçürmə əməliyyatlarına dair müvafiq çıxarışları və "xxxx" ASC tərəfindən emissiya edilmiş kartların sahiblərinə dair anket məlumatlarını təqdim edir və qeyd edilənləri nəzərə alaraq 5239-1517-0427-0977 nömrəli kart barədə məlumatların əldə edilməsi üçün "xxxx" ASC-yə müraciət edilməsi xahiş edilmişdir.

11. xx.xx.2024-cü il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən X1 hesabına 20 manat məbləğində pul ödənilmişdir.

12. xx.xx.2024-cü il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən X1 hesabına 50 manat məbləğində pul ödənilmişdir.

13. xx.xx.2024-cü il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən X1 hesabına 70 manat məbləğində pul ödənilmişdir.

İşin faktiki halları.

14. Tərəflər iddiaçıya məxsus olan fərdi yaşayış evinə elektrik naqillərinin çəkilişlərinin aparılması üçün razılığa gəlmişlər. İddiaçı bununla bağlı Cavabdeh 700 manat məbləğində pulu hissə-hissə olmaqla ödəniş etmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməyərək işi icra etməmişdir. Cavabdeh ona ödənilmiş 700 manat pul vəsaitindən 500 manat məbləğini qaytarılmış, 200 manat məbləğində pulu isə qaytarmamışdır. Bununla bağlı olaraq İddiaçı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə şikayət etmişdir. xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 755. İşi şəxsən yerinə yetirmək vəzifəsi Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Maddə 759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı.

Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat

Məhkəmənin mövqeyi.

19. İşin faktiki hallarından görünür ki, tərəflər fərdi yaşayış evinə elektrik naqillərinin çəkilməsi barədə şifahi qaydada razılığa gəlmişlər. İddiaçı bununla bağlı cavabdeh tərəfə 700 manat ödəniş etmiş, həmin ödənişdən 500 manat geri qaytarılmış, qalan məbləğ isə iddiaçıya qaytarılmamışdır.

20. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranan münasibətlər xarakterinə görə podrat müqaviləsindən irəli gələn münasibətlərə uyğun gəlir. Podrat müqaviləsinin predmetini podratçı tərəfindən müqavilədə nəzərdə tutulan işin icra olunması təşkil edir. Həmin müqavilənin bağlanması forması həm şifahi, həm də yazılı şəkildə ola bilər. Hazırki mübahisə üzrə tərəflər arasındakı podrat müqaviləsi şifahi formada icra edilmişdir. Belə ki, iddiaçı tərəf fərdi yaşayış evinə elektrik naqillərinin çəkilməsi ilə bağlı cavabdehə sifariş verdiyini və həmin podrat müqaviləsinin tərəflər arasında şifahi qaydada bağlandığını qeyd etmiş və cavabdehin həmin sifarişi aldıqdan sonra işin icrasına başlamadığını və işin ona təhvil verilmədiyini bildirmişdir.

21. Məhkəmə hesab edir ki, tərəflər arasında şifahi qaydada podrat müqaviləsi bağlanmış və şifarişi həyata keçirməyi öhdəsinə götürən şəxs sifariş verilən xidməti icra etməyi öhdəsinə götürsə də, icra etməmiş və həmin xidməti həyata keçirməyərək əvvəlcədən xidmət haqqı tələb etmişdir. Cavabdeh aldığı xidmət haqqının bir hissəsini geri qaytarsa da, qalan hissəni geri qaytarmamışdır.

Məhkəmə xərcləri.

22. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

23. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi-30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 200 manat məbləğində pul, hüquqi yardımın göstərilməsi üçün vəkil məsləhəti 20 manat, iddia ərizəsinin tərtib edilməsi üçün 70 manat, cavabdehin eyniləşdirmə məlumatları haqqında arayışın alınması üçün AR DİN-in BPQMİ-nin MAPS şöbəsinə vəkil sorğusu üçün 50 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. 25.Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 200 (iki yüz) manat məbləğində pul, hüquqi yardımın göstərilməsi üçün vəkil məsləhəti 20 (iyirmi) manat, iddia ərizəsinin tərtib edilməsi üçün 70 (yetmiş) manat, cavabdehin eyniləşdirmə məlumatları haqqında arayışın alınması üçün AR DİN-in BPQMİnin MAPS şöbəsinə vəkil sorğusu üçün 50 (əlli) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar