Məhkəmə qərarları › İş №2(010)-380/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-380/2021

05.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-380/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və İddiaçının nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onunla Cavabdeh xx.xx.2019-cu il tarixində 4 saylı Bakı “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş saxta nikahlarının etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İran İslam Respublikasının vətəndaşı olan Cavabdeh ilə 2019-cu ilin əvvəllərində işlədiyi telefon dükanında tanış olmuşdur. Bundan sonra cavabdeh bir neçə dəfə dükana gələrək onunla söhbət etmiş, tanış olduqdan bir müddət sonra nikaha daxil olaraq ailə qurmaq barədə razılığıa gəlmişlər. O, toy edərək ailə qurmaq istəmiş, lakin cavabdeh Azərbaycan Respublikasından deport edilməməsi üçün ilkin olaraq nikahlarının rəsmiləşdirilməsinin, bundan sonra toy edərək ailə qurmalarının zəruri olduğunu bildirmişdir. O, cavabdehin dediklərinin həqiqət olduğunu düşünərək onu aldada biləcəyindən şübhələnməmiş, onunla razılaşmış və onların nikahı xx.xx.2019-cu il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmişdir. Bundan bir müddət sonra o, toy edərək cavabdehlə faktiki ailə qurmaq istəsə də o razılıq verməmişdir. Bunun səbəbini soruşduqda cavabdeh onunla ailə qurmaq niyyətinin olmadığını, lakin Azərbaycan Respublikasında qalaraq deport edilməməsi üçün Azərbaycan Respublikası vətəndaşı ilə rəsmi nikaha daxil olmağa ehtiyacı olduğunu və bu səbəbdən onunla nikahını rəsmiləşdirmək üçün onu aldatmağa məcbur olduğunu bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə işlədiyi telefon mağazasında tanış olmuş, cavabdeh tez-tez gedib-gəldikdən sonra aralarında münasibət yaranmış, bir müddət sonra ailə qurmağa qərar vermişlər. O, toy olmasını, bunun üçün cavabdehin ailəsini Bakıya çağırmasını istəsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr etmiş, ölkədən deportasiya edilməməsi üçün ilk növbədə rəsmi nikaha daxil olmalı olduqlarını bildirmişdir. O, cavabdehin niyyətindən şübhələnməyərək aralarında rəsmi nikahın bağlanmasına razı olmuşdur. Lakin bundan sonra cavabdeh bəhanələrini davam etdirərək toy istəməmiş, onunla görüşməyə gəlməmişdir. Sonda isə telefonla onu yığaraq hər şeyi danışmış, niyyətinin heç vaxt onunla ailə qurmaq olmadığını, sadəcə deportasiya edilməmək üçün bu yola əl atdığını bildirmişdir. Axırıncı dəfə altı ay bundan əvvəl danışdıqdan sonra telefonuna zəng çatmamışdır. Beləliklə, cavabdeh onunla ailə qurmaq niyyəti olmadan saxta nikah bağlamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddianı müdafiə edərək bildirdi ki, nikah bağlanan zaman cavabdehin nikah bağlamaq niyyəti olmadığı aşkardır. Belə ki, o, xarici ölkə vətəndaşı olduğuna görə, yalnız ölkədə qala bilmək üçün iddiaçını aldadaraq onunla nikaha daxil olmuşdur. Yəni nikah mahiyyət etibarilə saxta nikahdır və bu səbəbdən etibarsız hesab edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-T 023525 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən (təkrar) görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2376 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/343 nömrəli məktubdan görünür ki, İran İslam Respublikasının vətəndaşı, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh (pasport nömrəsi: L36922650) sonuncu dəfə etibarlılıq müddəti xx.xx.2020-ci il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilmiş və ünvan 1 A ünvanına qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X9 bildirmişdir ki, İddiaçı onun qardaşıdır. O, cavabdehi cəmi bircə dəfə - o da nikaha daxil olduqdan sonra görmüşdür. Onun kim olduğunu soruşduqda isə qardaşı rəsmi nikaha daxil olduğu qızın bu qız olduğunu bildirmişdir. Qardaşı ona toy edəcəklərini, sadəcə olaraq qız deportasiya edilməsin deyə rəsmi nikaha bir qədər əvvəl daxil olduqlarını demişdir. Lakin bir müddət sonra qız yalnız ölkədə qalmaq üçün rəsmi nikaha daxil olduğunu qardaşına bildirmiş, daha sonra isə yoxa çıxmışdır. Bundan sonra onu nə qardaşı, nə də özü görmüşdür. Miqrasiya İdarəsinə vəkilləri ilə birlikdə getdikdə isə onlara cavabdehin müvəqqəti qeydiyyatda olduğu ünvanı demişlər. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X8 bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Qardaşı Rüstəm bir gün ona İran vətəndaşı olan bir qızla tanış olduğunu və onunla ailə qurmaq istədiyini bildirmişdir. O da gedib qızla tanış olmuş, oturub söhbət etmişdir. Bir müddət sonra isə qardaşı onlara qızla nikah bağladıqlarını bildirmişdir. Bundan sonra onlar ailəlikcə Təbrizə - qızın ailəsinin yanına getmək və toy etmək barədə danışmağa başlamışlar. Lakin sonradan məlum olmuşdur ki, qız yoxa çıxıb və toy etmək niyyətində deyil. Qardaşı ilə son danışığında isə ona niyyətinin ölkədən deportasiya edilməmək olduğunu, bu səbəbdən onunla nikaha daxil olduğunu bildirmişdir. Buna qədər nə qardaşının, nə də ailəsinin qızın bu niyyətindən məlumatı olmamış, onlar toy barədə fikirləşmişlər. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X4 bildirmişdir ki, İddiaçı onun əmisi oğludur. O, saxta sənəd əsasında İran vətəndaşı olan cavabdehlə rəsmi nikaha daxil olmuşdur. Lakin onlar arasında faktiki nikah münasibətləri olmamışdır. Rüstəm onlara demişdir ki, qızla ailə quracaq, lakin deportasiya edilməməsi üçün əvvəldən nikah bağlayıblar. Bundan sonra evdəkilər Təbrizə getmək, qızın ailəsi ilə tanış olmaq və toy etmək istəmişlər. Cavabdeh isə bir müddət sonra zənglərə cavab verməmiş, Rüstəmlə heç bir əlaqə saxlamamışdır. Sonradan əsil niyyətini açıb demiş, ailə qurmaq niyyəti olmadığını, yalnız ölkədən çıxarılmamaq üçün belə bir yola əl atdığını bildirmişdir. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən iş materialları və şahid ifadələri əsasında müəyyən edildi ki, İddiaçı ilə İran İslam Respublikasının vətəndaşı olan Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində nikah bağlanmışdır. Nikah bağlanarkən İddiaçı ailə qurmaq niyyəti olsa da Cavabdeh belə bir niyyəti olmamış, onun niyyəti Azərbaycan Respublikasının vətəndaşı ilə rəsmi nikaha daxil olmaq yolu ilə Azərbaycan Respublikasında qalmağa nail olmaq olmuşdur. Nəticədə, tərəflər arasında faktiki nikah münasibətləri olmamış, rəsmi nikah bağlandıqdan, yəni cavabdeh məqsədinə nail olduqdan qısa müddət sonra əlaqələr kəsilmişdir. Bütün bu qeyd edilən halları məhkəmə iclasında ifadə verən şahidlər öz izahatları ilə təsdiq etmişdir. Eyni zamanda, cavabdehin İran İslam Respublikasının vətəndaşı olması və Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə müddətinin xx.xx.2020-ci il tarixdə bitməsi də qeyd edilənləri inandırıcı edir. Göründüyü kimi, cavabdehin nikah bağlanarkən ailə qurmaq niyyətinin olmadığı aşkardır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Konstitusiyanın 34-cü maddəsinin İİ hissəsinə əsasən, nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən, bu Məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3-cü maddəsinə əsasən, məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 26.1.3-cü maddəsinə əsasən, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. 26.1.7-ci maddəsinə əsasən, saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. 28.1-ci maddəsinə əsasən, bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Göründüyü kimi ailə qanunvericiliyi ilə nikahın məhkəmə tərəfindən etibarsız sayılması üç halda mümkündür: 1) nikahın yaşı, nikahın bağlanma şərtlərinə əməl edilməməsi (yazılı razılıq, tibbi arayış) və nikahın bağlanmasına mane olan hallara yol verilməsi (yaxın qohumlar arasında nikah, başqa şəxslə nikahda olan şəxslə nikah, fəaliyyət qabiliyyət olmayan şəxslə nikah və s.); 2) Nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi; 3) tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyətinin olmaması. Hazırkı işdən görünür ki, bu hallardan üçüncüsü mübahisə predmeti olan nikahın bağlanması zamanı baş vermişdir. Belə ki, Cavabdeh İddiaçı ilə aralarında nikah bağlanan zaman ailə qurmaq niyyəti olmamışdır. O, başqa məqsədlə - Azərbaycan Respublikası vətəndaşı ilə nikaha daxil olmaqla ölkə ərazisində yaşayışını qanuniləşdirmək üçün bu addımı atmışdır. Digər tərəfdən İddiaçı isə cavabdehlə ailə qurmaq niyyəti olmuş, cavabdehin əsas məqsədindən isə heç bir məlumatı olmamışdır. Beləliklə o, nikahı könüllü bağlasa da cavabdehlə ailə qurmaq vədi ilə aldadılmış, nəticədə nikahın bağlanması dövlət qeydiyyatına alınarkən cavabdehlə ailə quracaqlarına inanmışdır. Cavabdehin isə bu zaman ailə qurmaqla bağlı heç bir niyyəti olmamış, elə bu səbəbdən tərəflər arasında heç bir faktiki nikah münasibəti olmamış, onlar birgə yaşamamış, cavabdeh nikah bağlandıqdan qısa müddət sonra iddiaçı ilə əlaqəni tamamilə kəsmiş, bununla da öz niyyətini aşkar etmişdir. Bu qeyd edilən halları məhkəmə iclasında iştirak edən şahidlər öz ifadələri ilə təsdiq etmişdir. Eyni zamanda, cavabdehin ölkədə müvəqqəti icazə əsasında yaşaması barədə müvafiq icra hakimiyyəti orqanından verilən məlumat cavabdehin belə bir nikaha ehtiyacının olduğunu inandırıcı və ağlabatan etmişdir. Odur ki, nikah bağlandığı gündən etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin, qeyd edir ki, iş materiallarından göründüyü kimi Cavabdeh İran İslam Respublikası vətəndaşıdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mülki mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin xarici şəxslərin iştirakı ilə icraatla bağlı müddəaları da tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 439.1-ci maddəsinə görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. 439.2-ci maddəsinə əsasən, xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. 440.2-ci maddəsinə əsasən, məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. 446.0.1-ci maddəsinə əsasən, əgər ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa və ya nikah bağlanarkən Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa nikah münasibətlərindən əmələ gələn məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq səlahiyyətə malikdirlər. Eyni zamanda, Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış nikah cavabdehin ailə qurmaq niyyəti olmadan bağlanmış olduğundan və nikah bağlanan vaxt İddiaçı cavabdehin bu niyyətindən məlumatı olmadığından bağlandığı gündən etibarsız hesab edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.4.9-cu maddəsinə əsasən nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrindən 20 manat məbləğində dövlət rüsumu tutulur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı və Cavabdeh arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində xx.xx.2019-cu il tarixdə, 2376 nömrə ilə qeydə alınmış nikah bağlandığı gündən etibarsız sayılsın. Ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar