Məhkəmə qərarları › İş №2(011)-1465/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1465/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1465/2023 14.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəf Cavabdeh 10000 manat borclu olduğu pul vəsaitinin, Milli bankın uçot dərəcəsinə uyğun olaraq əldən çıxmış fayda kimi 1000 manatın və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə ortaq dostları vasitəsilə tanış olmuş, ailəvi dostluq münasibətləri olmuşdur, uzunmüddətili dostluq münasibətləri olmuş, ona həm dost, həm hüquqşünas kimi dəstək olmuşdur, 2022-ci ilin may-iyul ayları arası cavabdeh tərəf ona müraciət edərək 12000 manat pul vəsaiti almış, 1 həftə ərzində geri qaytaracağına dair öhdəlik göstərmişdir, cavabdeh pul vəsaitini alaraq getmiş amma vədinə əməl etməmişdir, borcu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır, bu barədə yazışmalar da mövcuddur, cavabdeh borclu olduğu 12000 manatdan 2000 manatı cavabdehin qardaşı tərəfindən ödənilmişdir, geriyə 10000 manat borc qalmışdır, bununla yanaşı əldən çıxmış fayda olaraq 1000 manat ödənilməlidir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun qısa izahat verərək bildirmişdir ki, iddiaçı onu da, qardaşını da tanıyır, iddiaçıdan 12000 manat pul almışdır, həmin puldan təxminən 2000 manatı ödənilmişdir, tutulduğu üçün geriyə qalan pulu ödəməmişdir, lakin iddiaçıya borcu vardır, bunu danmır, hazırda İddiaçı ona qarşı pul tələbi üzrə iddia tələbini bütünlüklə qəbul edir və iddianın təmin edilməsinə dair qətnamənin elan edilməsinə etiraz etmir. Məhkəmə, iddiaçının izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən 123 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı ümumilikdə 12000 manat pul almışdır, həmin pul məbləğindən 2000 manat qaytarılmış, 10000 manat isə qaytarılmamışdır, cavabdeh iddia tələbini tam qəbul edir. Bununla belə, cavabdehin mülki hüququ məsuliyyətini istisna edən və cavabdehin etirafının işin həqiqi hallarının gizlədilməsinə yönəlməsi, cavabdehin etirafının aldatma, zor, hədə təsiri altında və ya yanılma təsiri nəticəsində baş verməsinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya şamil edilir. Həmin Məcəllənin 1092.1.2-ci maddəyə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Həmçinin həmin Qərarda formalaşdırılan hüuquq mövqeyə əsasən, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10000 manat borc pul, 1000 manat əldə çıxmış fayda olmaqla, ümumilikdə 11000 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, təmin edilmiş iddianın qiymətinin 10000 manatdan çox olması nəzərə alınmalı dövlət rüsumuna görə ödənilmiş 123 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həddində dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 10000 manat və 1000 manat əldə çıxmış fayda olmaqla, ümumilikdə 11000 (on bir min) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 123 (yüz iyirmi üç) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar