Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1977/2023 08.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Nəsibova Çinarə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərərinin əvəzinin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı MMC Cavabdeh qarşı müəssisəyə dəymiş 48550 manat dəyərində zərərin və 240 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı MMC müxtəlif fiziki şəxs və müəssisələr ilə birgə fəaliyyət göstərərək onlara mühasibatlıq xidməti göstərməyə davam etmişdir. Cavabdeh 01 dekabr 2020-ci il tarixində etibarən müddətsiz olaraq mühasib vəzifəsinə müəssisəyə işə qəbul edilmişdir. Cavabdeh tərəfindən "xxxx" MMC, SM Distribution MMC, X1 və X3 mühasibatlıq xidmətlərini göstərmişdir. Cavabdehə qeyd edilən hüquqi və fiziki şəxslərin işlərinin görülməsi barərə 008/K saylı əmr və ərizə təqdim edilmiş və o, həmin işlərin layiqincə görüləcəyi öhdəliyini götürmüşdür. Lakin qeyd edilən şəxslərin işləri düzgün aparılmamışdır. Belə ki, cavabdeh tərəfindən "xxxx" MMC-də ƏDV bəyannaməsinin göndərildiyi, lakin əvəzləşmənin sistemə işlənilmədiyi üçün həmin gün göndərə bilmədiyini bildirmişdir. Nəticədə "xxxx" MMC-yə külli miqdarda ziyan dəymişdir. Daha sonra cavabdeh tərəfindən sözügedən müəssisələrin fəaliyyətinin davam etdirilməsi üçün müəyyən sənədlər hazırlanmış, vergi orqanına və onun işlərini görməli olan yeni mühasibə təqdim edilməmişdir. Bu isə həmin müəssisələrin, həmçinin iddiaçı hüquqi şəxsin fəaliyyətinin davam etdirilməsinə maneçilik törətmiş və müəssisənin etibarına xələl gətirmişdir. Cavabdehin işin təhvil alan əməkdaşa "xxxx" MMC-nin material hesabatı, maya dəyəri, dövrüyyə əvəzləşmə cədvəli (düzgün olmayan şəkildə) təhvil verilməmiş, fiziki şəxslər barəsində heç bir məlumat təqdim edilməmişdir. Niftalıyev Royal adlı şəxsin sahibkarlıq fəaliyyətini təxminən 01 iyul 2021-ci il tarixində dayandırıldığına baxmayaraq məlumatların səhv göndərilməsi səbəbi ilə fiziki şəxsin VOEN-ni aktivləşdirilmişdir. Niftalıyev Namidar adlı şəxsin sahibkarlıq fəaliyyətinin dayandırılması üçün tədbirlərin görülməsi tapşırığı verilsə də, cavabdeh tapşırığı yerinə yetirməmiş, fiziki şəxsin fəaliyyəti faktiki olaraq dayandırılsa da vergi organına bununla bağlı ərizə təqdim edilməmişdir. Bunların nəticəsində Cavabdeh hərəkətsizliyi, öz öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrinə səhlənkar yanaşdığına görə iddiaçı hüquqi şəxsə 48550 manat dəyərində ziyan dəymişdir. Cavabdehin etirazının dəlilləri Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahş etdi. İddiaya etirazın dəlilləri ondan ibarət olmuşdur ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərin hüquqi təhlili zamanı məlum olmuşdur ki, iddiaçı AR ƏM-in 192.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə uyğun olaraq AR ƏM-in 191.2-ci maddəsinin a bəndi üzrə sübut etmə vəzifəsini icra edə bilməmişdir. Başqa sözlə ifadə etsək, İddiaçı MMC-yə maddi ziyanın vurulmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Bu isə öz növbəsində iddianın əsassız olaraq qaldırıldığına dəlalət edir. Bildiyiniz kimi işçinin tam maddi məsuliyyətini müəyyən edən hallar AR ƏM-in 199-cu maddəsində təsbit edilmişdir. Danılmazdır ki, işçinin tam maddi məsuliyyət daşıdığı bu hallar qəti хarakter daşıyır və onların dairəsi genişləndirilə bilməz, habelə hər hansı əlavə əsas müəyyən oluna bilməz. İstinad olunan hüquq normalarından çıxış edərək bildirirəm ki, cavabdehin iş üzrə heç bir tam maddi məsuliyyət halı mövcud deyil. Diqqətə alınmalıdır ki, işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır. İşin halları - Cavabdeh "xxxx" MMC-də mühasib vəzifəsinə işə qəbul edilmiş, tərəflər arasında 01 dekabr 2020-ci il tarixində əmək müqaviləsi bağlanılmışdır. İşçi vəzifə təlimatına uyğun əmək funksiyalarını yerinə yetirmək öhdəliyini üzərinə götürmüşdür. Qeyd edilən əmək müqaviləsinə İddiaçı MMC-nin 14 iyul 2022-ci il tarixli 014/k nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasın xitam verilmişdir. İddiaçı tərəfin təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, Cavabdeh Pottery” MMC, SM Distribution MMC, X1 və X2 mühasibatlıq işlərinin aparılması həvalə edilmişdir. - Məhkəməyə təqdim edilmiş “X12” MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən on həvalə edilmiş işlər əmr və əmək müqaviləsi ilə müəyyən edilmiş tələblərə uyğun yerinə yetirilmədiyinə görə “X8” MMC-ə bu işləri yenidən düzgün tamamlamaq üçün, həmçinin xidməti müqaviləyə əsasən işini düzgün yerinə yetirmədiyi müəssisəyə ümumilikdə 55638,95 manat əlavə xərc yaranmış və müəssisəyə zərər vurulmuşdur. Rəydə qeyd edilmişdir ki, Cavabdeh "xxxx" MMC-nin hesabatlarında verilən dövr ərzində vergi orqanı tərəfindən aşkarlanmış uyğunsuzluqlar aradan qaldırılmadığına görə kameral hesablamalar aparılmış, toplamda 40681,74 manat məbləğində vergi borcu MMC-nin şəxsi hesab vərəqəsində qeyd edilmişdir. Qalan ziyan məbləğini X9, X5 və X6 ödənilmiş 12350 manat əmək haqqı və 2427,21 manat əlavə tutulmaları görə ödənişlər təşkil edir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş izahatlar əsasında müəyyən edilmişdir ki, "xxxx" MMC-yə hesablanmış əlavə vergi borcları və cərimələri ilə bağlı məhkəmə mübahisələri davam etdiyinə görə, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə vurulmuş ziyanla bağlı hər hansı ödəniş edilməmiş, rəydə adı çəkilən əməkdaşlar “İddiaçı MMC-nin işçiləri olduğuna görə onlara Cavabdeh həvalə edilmiş işlərin yenidən görülməsi üçün əlavə əmək haqqı ödənişləri edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri
1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəflərin izahatları və mülki iş üzrə sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, İddiaçı MMC Cavabdeh tərəfindən ona həvalə edilmiş əmək vəzifələrinin layiqincə yerinə yetirilmədiyini və işinə səhlankar yanaşdığına görə iddiaçı hüquqi şəxsə 48550 manat məbləğində zərərin vurulduğunu iddia etsə də, məhkəmə araşdırması zamanı bu öz təsdiqini tapmamışdır. İddiaçının tələb etdiyi zərər iki hissədən ibarət olmuşdur: - cavabdeh tərəfindən İddiaçı MMC-nin müştərisi olan "xxxx" MMC-nin mühasibatlılıq və vergi işlərinin düzgün aparılmamısı nəticəsində "xxxx" MMC-yə hesablanmış 40861,75 manat məbləğində əlavə vergi borcu; - cavabdehə həvalə edilmiş işlərin yenidən görülməsi üçün işçilərə ödənilmiş əlavə 12350 manat məbləğində əmək haqqı və 2427,21 manat məbləğində tutulmalar. Birincisi məhkəmə qeyd edir ki, "xxxx" MMC-yə əlavə vergi borcunun hesablanması İddiaçı MMC-yə maddi ziyanın vurulması anlamına gəlmir. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə bununla bağlı hər hansı əlavə ödənişlərin edildiyi də məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, hətta iddiaçının nümayəndəsi və vəkili tərəfindən inkar da edilmişdir. Digər tərəfdən məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş izahatlardan müəyyən edilir ki, mütəxəssis rəyində adı çəkilən əməkdaşlar İddiaçı MMC-nin işçiləridir və onlara Cavabdeh həvalə edilmiş işlərin görülməsi üçün əlavə əmək haqqı ödənilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MMC cavabdehin təqsirli hüquqa zidd hərəkətləri nəticəsində ona 48550 manat məbləğində maddi zərərin vurulduğunu iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. Belə ki, qanunvericiliyin tələblərinə görə maddi zərər dedikdə, iddiaçıya vurulmuş real zərər nəzərdə tutulur. Lakin, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının əlavə xərcləri çəkdiyi, əmlakına hər hansı zərərin yetirildiyi və ya gəlirlərdən məhrum olduğu müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, formal mülahizələrə əsaslanan maddi zərərin ödənilməsi ilə bağlı hazırkı iddia əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iddiaçıya ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 240 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək, belə qənaətə gəlir ki, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçının maddi zərərin ödənilməsi ilə bağlı əsas iddia tələbi təmin edilmədiyinə görə, dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı MMC Cavabdeh qarşı müəssisəyə dəymiş 48550 manat dəyərində zərərin və 240 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əminə Abbasova