Məhkəmə qərarları › İş №2(011)-2125/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2125/2022

02.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2125/2022 02.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı AR ƏMDK yanında DƏDRX-in RX serialı ******* № li çıxarışına əsasən, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 34,3 kv.m, yaşayış sahəsi 14 kv.m, yardımçı sahəsi 20,3 kv.m olan, 1 otaqlı mənzildən cavabdehin çıxarılması və həmin mənzilin iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 19 saylı evin, 2 saylı mənzilinə (bundan sonra – Mənzil) dair iddiaçı ilə X2 arasında 23.04.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçının Mənzilə dair mülkiyyət hüququ 27.04.2015-ci il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmış və bu barədə ona Dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, ümumi sahəsi 34,3 kv.m, yaşayış sahəsi 14 kv.m və yardımçı sahəsi 20,3 kv.m olan, 1 otaqlı Mənzil ona məxsusdur. Həmin mənzili o, alqı-satqı yolu ilə almışdır. Bunun əsasında ona AR ƏMDK yanında DƏDRX tərəfindən, mülkiyyətini təsdiq edən sənəd kimi RX serialı ******* № li çıxarış verilmişdir. Bu yaxınlarda qeyd olunan ünvanda yerləşən mənzilinə baxmağa gedəndə həmin mənzilin bir hissəsinin tanımadığım şəxslər tərəfindən təyinatı dəyişdirilərək, "Televizor təmiri" emalatxanası kimi fəaliyyət göstərdiyi ona məlum olmuşdur. Həmçinin mənzilin digər hissəsi tanımadığı şəxslərə kirayə kimi verilmişdir. Həmin şəxslərdən soruşduqda məlum olmuşdur ki, mənzili onlara Möhsün adlı şəxs icarəyə vermişdir və oradan gəlir götürür. Həmin şəxslə əlaqə saxladıqda o ona bildirmişdir ki, "Sənin mənzilin orada deyil, qeyd olunan mənzil mənə məxsusdur, sənədləri də var." Lakin o, heç bir sənəd təqdim etməmişdir. Əmlakı tanımadğı şəxslər tərəfindən zəbt olunaraq, təyinatı üzrə istifadə olunmur. Qeyd olunanlara əsasən o, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət etmişdir. Ərizəsi araşdırıldıqdan sonra ona 01 yanvar 2022-ci il tarixli "cinayət işinin başlanılmasının rədd olunması barədə" qərar təqdim olunmuşdur. Araşdırılma zamanı izahatı alınmış cavabdeh bildirmişdir ki, mənzil ona əmisi tərəfindən alınmışdır. Göründüyü kimi cavabdeh gah bildirir ki, mübahisəli mənzil onun əmisinə məxsusdur. Gah da bildirir ki, həmin mənzil ona məxsusdur. Bu barədə heç bir sənəd də təqdim edə bilmir. Cavabdeh qanunsuz olaraq ona məxsus olan mənzili zəpt edərək, mənzilin konstruksiyasını dəyişmiş və mənzili iki hissəyə bölərək bir hissəsini qeyri-yaşayış kimi digər hissəsini də mənzil kimi icarəyə verərək qanunsuz gəlir əldə edir. Məhkəmə baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü olması barədə sübutlarını təqdim etmədiklərindən, Azərbaycan Respublikas MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə hesab edir ki, hər iki tələb üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Birinci dispozitiv şərtin mövcudluğu iş materialları ilə tam sübuta yetirlir. İşin mübahisəsiz halıdır ki, iddiaçı Mənzilin mülkiyyətçisidir və onun Mənzilə mülkiyyət hüququ qeydiyyata alınmaqla bu barədə Çıxarış verilmişdir. İkinci dispozitiv şərtin olması, yəni Mənzilin başqa şəxsin (cavabdehin) sahibliyində olması da iş materialları ilə müəyyən edilir. Belə ki, Bakı şəhər Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən 01.01.2022-ci il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarda cavabdeh verdiyi izahatında qeyd etmişdir sözügedən mənzil və onun ətrafında olan bir neçə mənzil 2005-ci il tarixdə Rusiya Fedeasiyasında yaşayan əmisi tərəfindən həmin ərazidə hündür mərtəbəli ev tikmək üçün alınmış, lakin maddi imkansızlıq səbəbindən iş dayandırılmışdır. İddiaçlının iddia etdiyi mənzil ona məxsusdur və o heç kimin mənzilini zəbt etməmişdir. İşin bu halı həm də üçüncü dizpozitiv şərtin mövcudluğuna əsas verir. Çünki cavabdeh polis orqanında yazdığı izahatında, mülkiyyət hüququnun iddiaçıda olmasına baxmayaraq Mənzilin ona məxsus olmasını iddia edir, lakin bunu təsdiq eədəcək heç bir sübut təqdim etmir. Bu isə əmlakın (Mənzilin) cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı üçüncü dispozitiv şərtin olması barədə qənaətə gəlməyə tam əsas vermiş olur. Beləliklə, bütün şərh edilənlər əsasında məhkəmə bu qənaətə gəlir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürməklə Mənzili cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır, çünki iddiaçı Mənzilin mülkiyyətçisidir. Mülkiyyət hüququ isə həm milli həm də beynəlxalq qanunlarla qorunan ən üstün hüquqlardan biridir. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin 152.5-ci maddəsi). Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 19 saylı evin 2 saylı mənzilindən çıxarılsın. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 19 saylı evin 2 saylı mənzili İddiaçı təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar