Məhkəmə qərarları › İş №2(011)-3033/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3033/2023

29.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3033/2023 29.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, Ərizəçi “orderin itmiş hesab edilməsi” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil Departamenti cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, onun keçmiş həyat yoldaşı X1 adına verilmiş ünvan 1 ünvanda yerləşən evin orderinin itmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, hazırkı iş üzrə Ərizəçi müvafiq orqan tərəfindən verilmiş orderlə bağlı həmin orqana müraciət etməmiş, həmin orqandan imtina məktubunu almadan birbaşa məhkəməyə hazırkı ərizə ilə müraciət edərək qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində ümumi yurisdiksiyalı məhkəmələrin səlahiyyət dairəsi müəyyən edilmişdir. Məhkəmə bu hala qiymət verərək hesab edir ki, hazırkı iddia ərizəsinə ümumi yurisdiksiyalı məhkəmədə baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizənin yolverilməzliyinə görə qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi tərəfindən irəli sürülmüş tələb üzrə hazırkı işə məhkəmə qaydasında baxılması yolverilməz olduğuna görə ərizənin icraata qəbul edilməsindən imtina edilməli, Ərizəçi orderi vermiş müvafiq orqana müraciət etmək hüququ izah olunmalı, ərizəçi həmin orqanın imtinasını aldığı halda həmin orqanın hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162, 191, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi “orderin itmiş hesab edilməsi” barədə ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Ərizəçi orderi vermiş müvafiq orqana müraciət etmək hüququ izah olunsun, ərizəçi həmin orqanın imtinasını aldığı halda həmin orqanın hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar