Məhkəmə qərarları › İş №2(011)-3345/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3345/2021

29.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3345/2021 29.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh QSC-nin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə Əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçının işdən azad olunmağına dair X38 Donanması rəisinin 355 saylı qanunsuz əmri ləğv edilməklə, əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün 4500 manat, məhkəmə xərcləri və vurulmuş mənəvi və maddi zərərə görə 3000 manat, cəmi 7500 manat pulun X38 Donanmasından iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək müqaviləsi bağlamaqla 14.02.2014-cü il tarixdən Cavabdeh QSC-də “1-ci dərəcəli matros” vəzifəsində çalışmışdır. 2019-cu ilin noyabr ayından adı çəkilən idarədə gedən qanunsuzluqla bağlı Azərbaycan Respublikasının Prezidentinə dəfələrlə məktub ünvanlamışdır. Dənizçilərin əmək haqlarının mənimsənilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinə yazılı müraciət etmişdir. Bu müraciətdən xəbər tutan Cavabdeh sədri Rauf Vəliyev 2019-cu il 3 dekabr tarixində iddiaçını qəbula çağırmış və ona aqressiv və sərt şəkildə davranmışdır. Əmək haqları barəsində aydınlıq gətirərək bildirmişdir ki, rəhbər işçilərin əmək haqları az olduğu üçün onların əmək haqları artırılıb. Dənizçilərin əməkhaqları ola bilsin ki, gələcəkdə artırılsın. İddiaçı əməkhaqqı artımının işçilərə şamil olunmadığını görərək, o təkrarən 2020-ci ildə yenidən Azərbaycan Respublikası Prezidentinə məktub ünvanlamışdır. Buna görə Rauf Vəliyev və Taqət Qurbanov 2020-ci il aprel ayından etibarən 17 avqust 2020-ci ilədək onunla qanunazidd şəkildə rəftar edərək, işdən uzaqlaşdırmaq məqsədiilə məqsədyönlü fəaliyyətə başlamışlar. 2020-ci il 1 avqustdan etibarən iddiaçını “Atlet 8” gəmisinə idarənin kadrlar şöbəsi tərəfindən əmr yollayışı təqdim etməklə göndərmişlər. Lakin iddiaçı Atlet 8 gəmisində olduğu müddətdə görmüşdür ki, həmin gəmiyə zərərli yüklərin daşınması üçün xüsusi sənəd verilmiş, amma sənəddə göstərilmiş 10 faizli təzminat gəmi heyətinə verilməmişdir, X38 Donanmasının rəhbərləri tərəfindən bu təzminatın mənimsənilməsi aşkar edilmişdir. Bu qanunsuzluqla əlaqədar olaraq iddiaçı Cavabdeh idarəsinin baş kadrlar şöbəsinin rəis müavini Əyyam müəllimlə əlaqə saxlayaraq “Atlet 8” gəmisinin 10 faiz təzminatı ilə əlaqədar və eləcədə ştat cədvəlində olmalı olan matrosların faktiki sayından az matrosun olduğunu bildirmişdir. Əyyam müəllim bildirmişdir ki, həmin gəmiyə zərərli yüklərin daşınması ilə bağlı 10 faiz təzminatı hər ay olduğu kimi ödəyirik və matros sayına gəldikdə təbii ki, iri həcmli gəmilərdə 4 matros olmalıdır. Bundan xəbər tutan X38 Donanmasının rəisi Taqət Qurbanov bu qanunsuzluqları ört-basdır etmək məqsədilə və iddiaçını fiziki istismar etmək məqsədilə dərhal 2020-ci il avqustun 17-də kadrlar şöbəsinə onu “Atlet 8” gəmisindən düşürməsi barədə və heç bir ərizə təqdim etmədən yer dəyişmə ilə bağlı əmr vermişdir. Kadrlar şöbəsinin rəis müavini Sahib Bağırov və mütəxəssis Nəsib müəllim iddiaçı ilə telefon vasitəsi ilə işdən çıxartmaqları və hədə- qorxu gələrək Bibi Heybət gəmiqayırma zavodunda üzən Hövsan 5 gəmisində matros vəzifəsində işə çıxmağına qeyri-qanuni göstəriş verərək pandemiya şəraiti olduğundan idarəyə məxsus avtonəqliyyat vasitəsilə göndərdilər. İddiaçı “Hövsan 5” gəmisinə 18 avqust 2020-ci il gecə radələrində daxil olmuşdur. “Hövsan 5” gəmisi yedək gəmisi olduğundan, gəmidəki işlərin iddiaçının səhhətilə bağlı bilmədiyi üçün və eləcədə həmin “Hövsan 5” gəmisində dörd matrosun görəcəyi işi ik matrosa gördürmək istədiklərini başa düşdüyündən təhlükəsizlik jurnalına imza atmamışdır. İddiaçı avqust ayının 18-də “Hovsan 5” gəmisinin kapitanı Şahid1 adına ərizə ilə müraciət edərək bildirmişdir ki, gəmidə onun başına hər hansı bir hadisə gələrsə bunun məsuliyyətini X38 Donanmasının rəisi Taqət Qurbanov və kadrlar şöbəsinin rəis müavini Sahib Bağırov daşıyacaq. İddiaçı Cavanşir müəllimdən xahiş etmişdir ki, onu əvəz edəcək matros göndərilməsi barədə idarənin xidmət göstərən qurumlarına xəbər etsinlər, əks təqdirdə o özünə qəsd edəcəyini bildirmişdir və kapitan X32 Neft Donanmasında xidmət göstərən kadrlar şöbəsinin rəis müavini Sahib Bağırova xidməti telefonla zəng edərək mövcud məsələ ilə bağlı məlumat verdi. Kapitan Şahid1 idarə rəisi Taqət Qurbanovun adına öz ərizəsində xüsusi qeyd edərək, İddiaçı əvəzedici matros verilməsini xahiş etmişdir. Lakin idarə rəhbəri və eləcədə X38 Donanmasının hüquq məsləhətçisi Bəxtiyar Əliyev tərəfindən “Hovsan 5” gəmisinin Kapitanı Şahid1 bildirmişdir ki, İddiaçı ərizəsini aktlaşdırsın. Kapitan Şahid1 və kapitanın baş köməkçisi Süleyman müəllim İddiaçı yazdığı ərizəyə cavab olaraq bildirilmişdir ki, İddiaçı gəmidə təhlükəsizlik jurnalına imza atmamaq və “Hovsan 5” gəmisində əmək haqqı az olduğundan, eləcə də gəminin iş rejimi təhlükəli olduğu üçün və idarə rəhbəri Taqət Qurbanov və kadrlar şöbəsinin rəis müavini iddiaçını fiziki istismar etmək niyyəti ilə qəsdən “Atlet 8” gəmisindən düşürərək “Hövsan 5” gəmisinə göndərmişlər. İddiaçı xüsusi qeyd etmişdir ki, “Hövsan 5” gəmisində kapitan Şahid1 və kapitanın baş köməkçisi Süleyman müəllim akt tərtib etdikdən sonra bildirmişlər ki, İddiaçı gördüyü işlərdə heç bir nöqsan aşkar olunmamış və heyət arasında nizam-intizamlı rəftarı vardır. İddiaçı qeyd etmişdir ki, kapitan Şahid1 yazdığı və imzaladığı aktı X38 Donanmasının bir çox rəisləri və işçiləri özlərinə məxsus qanunsuzluq edərək onu işdən uzaqlaşdırmaq məqsədilə aktı gizlətmiş və itirdiklərini bildirmişlər, həmin aktın əksinə olaraq qanunsuz akt tərtib edərək Əmək Müfəttişliyinə təqdim etmişdilər. İddiaçı məhkəmədən xahiş etmişdir ki, həmin “Hövsan 5” gəmisinin Kapitanı Şahid1 və köməkçisi Süleyman müəllimin imzaladığı aktların məhkəməyə gətirilməsini təmin edəsiniz. İddiaçı təhlükəli rejimlə əlaqədar 24 avqust 2020- ci il tarixinə qədər tutduğu vəzifəni icra etmişdir. 24 avqust 2020 ci il tarixində X38 Donanmasının rəhbəri Taqət Qurabanov gəmiyə Yasamal rayonuna məxsus su polisini göndərmişdir. Su polisi işi araşdırmaq üçün iddiaçını bölməyə aparılmalı olmuşdur. Bölmə əməkdaşları izahat aldıqdan sonra iddiaçını gəmiyə işləmək üçün buraxdılar. O 24 avqust 2020-ci il tarixində axşam saatlarında Bibi Heybət gəmiqayırma zavodunun mühafizə qapısına yaxınlaşdıqda gəmiyə buraxılmamışdır . O kadrlar rəisinin müavini Sahib Bağırovla telefon zəngi ilə əlaqə saxlamışdır və iddiaçıya bildirmişdir ki, 24 avqust 2020- ci ildə gəmidən polis vasitəsilə düşdüyü üçün pandemiya ilə əlaqədar olaraq Zığ limanında 57-ci körpüdə durmuş “Zabit Orucov” gəmisində karantinə götürülməlisiniz. İddiaçı Sahib Bağırovun göstərişi ilə 24 avqust 2020- ci il axşam saatlarında Zığ limanı 57-ci körpüyə gəlmiş və “Sabit Orucov” adlı gəmiyə daxil olmuş və həmin gəmidə karantinə götürülmüşdür. 25 avqust 2020-ci il tarixində səhər saat 9:00 da iddiaçı Xətai rayonunda yerləşən Leyla Şıxlınskaya adına klinikada pandemiya ilə əlaqədar analiz verməsi üçün aparılmışdır. 25 avqust 2020-ci il tarixində axşam saatlarında X38 Donanmasında xidmət göstərən Bakı 92 disbetçeri “Sabit Orucov” gəmisinin xidməti telefonuna zəng edərək analizlərimin cavabının neqativ çıxdığını bildirmişdir. Amma, Taqət Qurbanov qanunsuzluq göstərərək 26 avqust 2020-ci il tarixində kadrlar şöbəsinin rəis müavininə xüsusi göstəriş verərək iddiaçını ehtiyata buraxılması barədə sərəncam imzalatdırmışdır. X37 Neft Donanmasının rəisi Taqət Qurbanovun imzaladığı ehtiyata götürülməsi barədə sənəd saxta idi, və bu sənədin qanunsuz olduğunu aşkar edilmişdir. Aşkar edilən sənəddə başqa gəminin adını qeyd etmiş və qeyd etdiyi Sumqayıt gəmisində iddiaçı heç işləməmişdir. İddiaçı həmin ərizənin arxa hissəsinə öz iradlarını və işə çıxıb işləməyinə icazə verilməsini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, onun ehtiyata buraxılması barədə kadrlar şöbəsi tərəfindən göndərilən həmin saxta qanunsuz sənədə imza çəkməyib özü ilə götürməli olmuşdur. İddiaçı qeyd etmişdir ki, 26 avqust 2020-ci il tarixindən X38 Donanmasının rəisi Taqət Qurbanov və kadrlar şöbəsinin rəis müavini Sahib Bağırov onu qanunsuz ehtiyata buraxmışlar. Bundan sonra 7 sentyabr 2020-ci il tarixində iddiaçı kadrlar şöbəsinə çağırılmış və kadrlar şöbəsinin rəis müavini Sahib Bağırov bildirmişdir ki, iddiaçının işdən çıxarlmağı barədə əmrini 3 sentyabr 2020-ci il tarixindən X38 Donanmasının rəisi Taqət Qurbanov vermişdir. İddiaçı bu kobud qanun pozuntusu ilə əlaqədar və eləcədə onun xəbəri olmadan pandemiya dövründə Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamına baxmayaraq onu 3 sentyabr 2020-ci il tarixində Taqət Qurbanov tərəfindən işdən uzaqlaşdırmışdır. İddiaçı bildirmişdir ki, onu işdən çıxarmaq üçün X38 Donanmasının idarə heyəti birgə hərəkətə keçiblər, belə ki, axırıncı işlədiyi “Hövsan 5” gəmisinə idarənin hüquqşünası Bəxtiyar müəllim gedərək güya onu "sözə baxmayan" kimi təqdim olunması üçün yeni aktın yazılmasını “Hövsan 5” dəmisinin heyətindən tələb etmişdir. İşdən çıxarılma əmrilə tanış olduqdan sonra iddiaçı “Hövsan 5” gəmisinin kapitanı Şahid1 və köməkçisi Süleyman Mikaylovla əlaqə saxlayaraq iradını bildirmişdir.Cavabdeh QSC-nin 03.09.2020-ci il tarixli, 355 saylı Əmri ilə iddiaçı ilə bağlanmış Əmək müqaviləsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasə ləğv edilib. Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə edti və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh QSC-nin nümayəndəsi X15 məhkəmədə iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi ərizə ilə müraciət edərək iddia müddətinin keçməsini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh QSC arasında 14.02.2014-cü il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, tərəflər aşağıda göstərilən şərtlər barəsində razılaşmışdırlar: -14.02.2014-cü il tarixli 524972 nömrəli əmrə əsasən İddiaçı Cavabdeh QSC-yə 1-ci dərəcəli matros vəzifəsinə qəbul edilir; - işçi işəgötürənə məxsus gəmilərdə vəzifə Təlimatı və xidmət Nizamnaməsində şərh edilən vəzifələrə uyğun olaraq 1-ci dərəcəli matros vəzifəsi (peşəsi) üzrə və peşəsi və vəzifəsi üzrə İşəgötürənin bütün əmək tapşırıqlarını və tələblərini yerini yetirmək, İşəgötürənin irəli sürdüyü üsullarla və tələblərə hörmətlə yanaşmaq, verilən xüsusi qoruyucu geyimlərdən istifadə etmək kimi ümumi əmək funksiyasının icrasını öhdəsinə götürür; - iş vaxtının rejimi qaydaları gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti və sair iş rejimi qaydaları əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla işəgötürənin daxil intizam qaydaları ilə müəyyən edilir. - işçinin sağlamlığının, əməyinin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradılır. İşçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur. - əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur; - tərəflərin razılaşdırılmış dəyişiklikləri və əlavələri dərhal qüvvəyə minir və bu Əmək müqaviləsinin tərkib hissəsini təşkil edir; - bu Əmək müqaviləsi işəgötürən və işçi arasında əvvəllər bağlanmış bütün müqavilə və razılaşmaları ( mövcud olduğu halda) əvəz edir və həmin müqavilə və razılaşmalara bu Əmək müqaviləsinin qüvvəyə mindiyi tarixdən xitam verilir; - tərəflər razılaşır ki, işəgötürən işik faktiki yerləşdiyi yeri dəyişdirə və işçinin ölkə daxilində yerdəyişməsini tələb edə bilər. İşçinin peşə, ixtisas və vəzifə üzrə əmək funksiyalarının dəyişmədiyi halda, işin yerləşmə yerinin dəyişdirilməsi işçinin digər işə keçirilməsi kimi qəbul olnmur. - bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrinə nəzərdə tutulan əsaslarlarla və qaydalara ciddi əmək olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. İş materiallarında olan kapitan X22 və böyük mexanik X23 tərəfindən verilmiş 01.08.2017-ci il tarixli İstehsalat xasiyyətnaməsindən görünür ki, sənəd verilir ondan ötəri ki, həqiqətən də İddiaçı 15.03.2011-ci ildən S\G “MPK-459” gəmisində matros vəzifəsində işləyir. İşlədiyi müddət ərzində o, verilən tapşırıqların bacarıqla və layiqincə öhdəsindən gəlmişdir, akvomaster sükan qurğusunun, baş mühərrik man 6L 20/27 və digər mexanizmlərin təmirində yaxından iştirak etmiş və təcrübə qazanmışdır. Fiziki sağlamlığı və əmək fəaliyyəti normaldır. İstənilən alətlər dəsti ilə işləmək və davranmaq keyfiyyəti müsbət dərəcədədir. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına maksimum dərəcədə riayət edir və işlədiyi müddət ərzində heç bir irad və nöqsan tutulmamışdır. Nəzəri biliyi və təcrübəsi, habelə növbə çəkmək qabiliyyəti və məsuliyyəti qənaətbəxşdir. Xoş rəftarı, öz münasibət qurma tərzi və insanı keyfiyyətləri ilə heyət üzvləri arasında xüsusi hörmət qazanmışdır. İş materiallarında olan böyük köməkçi Nəcəfov N.N , böyük mexanik Hüseynov R.A, kapitanın 2-ci köməkçisi Əmiraslanov C.T-nin tərtib etdiyi 28.04.2020-ci il tarixli aktın məzmunundan görünür ki, İddiaçı 25.04.2020-ci il tarixində ərizə ilə müraciət edərək ailə vəziyyəti ilə əlaqədar olaraq gəmidən düşürülməsini xahiş etmişdir. Ancaq xüsusi karantin rejimi ilə əlaqədar olaraq gəmidən düşmək qəti qadağan olunduğu halda bunu təkidlə israr etmişdir. Xüsusi karantin rejimin qaydalarına zidd olduğu üçün ona gəmidən düşməyin qadağan olduğu təkrarən bildirilmişdir. Bundan sonra o, fikrini dəyişərək gəmidən düşmək istəmədiyini bildirmişdir. İş materiallında olan kapitan Şahid1 İmamanəzər , böyük köməkçi X11, matros Şahid3 tərəfindən tərtib edilmiş 21.08.2020-ci il tarixli aktın surətindən görünür ki, 18.08.2020-ci il tarixində “Atlet-8” gəmisinin matrosu İddiaçı kadrlar xidmətinin göstərişi ilə “Hövsan 5” gəmisinə matros vəzifəsinə təyin olunmuşdur. O gələn gündən gəmidə işləmək istəmədiyini bildirmiş, Təhlükəsizlik texnikası jurnalına imza çəkməmişdir. Verilən tapşırıqları yerinə yetirir, lakin Təhlükəsizlik Texnikası jurnalına imza çəkmədiyi üçün o gəmi işlərinə cəlb edilə bilməz. İş materiallında olan kapitan Şahid1 İmamanəzər oğlu, böyük köməkçi X3, matros Şahid3 tərəfindən 21.08.2020-ci il tarixli aktın surətindən görünür ki, 19.08.2020-c il tarixdən matros Mahmudov X17 Gəmi Təmir Zavodundan Zığ limanına gəldikləri zaman saat 13:25-də kapitana xidməti yazı yazıb bildirmişdir ki, gəmidə hər hansı hadisə baş verərsə məsuliyyət X38 Donanmasıının rəisi Taqət Qurbanov və İRX-nin inspekterləri cavabdehdir və gəmidə Təhlükəsizlik Texnikası jurnalına qol çəkməkdən imtina etmişdir, bundan əlavə dispetçer zəng edərək Bibiheybət Gəmi Təmir Zavoduna getməyi tələb etmiş, ancaq İddiaçı getməkdən imtina etmişdir. Eyni zamanda gəmidə iş ağır olduğundan işləyə bilmədiyini bildirərək işindən imtina etmişdir. İş materiallarında olan kapitan Şahid1 İmamanəzər oğlu, böyük köməkçi X3, matros Şahid3 tərəfindən 21.08.2020-ci il tarixli aktın surətindən görünür ki, 18.08.2020-ci il tarixində matros İddiaçı “Atler-8” gəmisindən y/g “Hövsan 5” gəmisinə İRX-nın sərəncamı ilə göndərilib və gəmidə təhlükəsizlik texnikası jurnallarına imza etmədiyindən imtina edib və bildirib ki, “Hövsan 5” gəmisinin işi ağırdır və əmək haqqı azdır. Buna görə gəmidə hər hansı bir hadisə üçün məsuliyyət öz üzərində olduğu üçün “Hövsan 5” gəmisində adı çəkilən matros İddiaçı heç bir halda işə cəlb edə bilməzlər. Məsuliyyət onların üzərində olduğuna görə tədbir görməyi xahiş etmişdirlər. İş materiallarında olan X38 Donanmasının İstismar Xidmətinin mühəndisi-dispetçeri X18 tərəfindən verilmiş 20.08.2020-ci il tarixli məlumatdan görünür ki, “Hövsan 5” gəmisi Qaradağ gəmisini BGT2-dən yedəkləyib körpü 57-yə gətirərəkən gəmi kapitanı Şahid1 bir neçə dəfə zəng edərək gəmi matrosu İddiaçı işə maneə yaratdığını işləmək istəmədiyini və gəmi rəhbərliyini hədələdiyini bildirmişdir. Eyni zamanda İddiaçı görə gəmi işlərin əksər hissəsini yalnız vaxtından gec olmaqla icra etmişdir. İş materiallarında olan kapitan X4, kapitanın böyük köməkçisi X2, matros X10 tərtib etdikləri 20.08.2020-ci il tarixli təqdimatın surətindən görünür ki, 19.08.2020-ci il tarixdə matros Mahmudov X17 limanından Liman 22-yə gəmi gətirən zaman kapitanın adından saat 13İ25-də ərizə yazdı və yazdığı ərizədə bildirdi ki, gəmidə hər hansı hadisə baş versə XDND-nin rəhbəri və İRX-nin əməkdaşları cavabdehdir. Bundan başqa, onlar liman 22dən gətirdikləri gəmini yerləşdirdikdən sonra Lima 22-dən matros İddiaçı dedi ki, liman bazaya yön almağını və düşəcəyini bildirdir. İş materiallında olan kapitan Şahid1 İmamanəzər oğlu, böyük köməkçi X3, matros Şahid3 tərtib etdiyi 24.08.2020-ci il tarixli Bibiheybət Gəmi Təmir Zavudundan baş mühəndis Həsrət Namazov 08:45-də gəmiyə zəng vuraraq ÜK-1/60 yerini dəyişməyə və matros İddiaçı əvəzləyici tələb etmiş və əvəzliyici gəldikdən sonra işə etiraz etmişlər. İş materiallında olan kapitan Şahid1 İmamanəzər oğlunun, böyük köməkçi X1, matros Şahid3 24.08.2020-ci il tarixli aktın surətindəngörünür ki, “Hövsan-5” gəmisində işləyən matros İddiaçı rəhbərlik tərəfindən verilən tapşırıqları icra etməkdən, eyni zamanda Təhlükəsizlik Texnikası jurnalını, ilkin təlimatı imzalamaqdan imtina etmiş və bunu hazırki gəmidə işləməkdən qorxması ilə izah etmişdir. Son olaraq, o, gəminin xidməti məqsədləri üçün dənizə çıxmağına, özünü dənizə atacağı ilə hədələmək yolu ilə çalışmışdır. İş materiallarında olan DÜTX-nın himayəçi kapitanı X19, kapitan X16, mütəxəssiz X6, hüquq məsləhətçisi X13, X7 tərtib etdiyi 25.08.2020-ci il tarixli aktın surətindən görünür ki, həmin gün saat 10:40 radələrində gəmidə olan matros İddiaçı “Hövsan 5 ” gəmisində olarkən kapitan və heyət üzvləri tərəfindən verilən tapşırıqları, təhlükəsizlik texnikası jurnalı və müvafiq təlimatı imzalamaqdan imtina etməsini habelə gəmidə işin ağır olması ilə bağlı əvvəlki işlədiyi gəmiyə göndərilməsi, o cümlədən gəmi rəhbərliyini özünü gəmidən atacağı ilə bağlı hədələməsi barədə izahat yazmağı təklif edilsədə o, izahat yazmaqdan imtina etmişdir. İş materiallarında olan X38 X5 Komitəsinin 01.09.2020-ci il tarixli, 24 saylı Protokolundan görünür ki, “Hövsan 5” gəmisinin kapitanı Şahid1 və kapitanın böyük köməkçisi Süleyman Mikaylovun izahatlarına əsasən, matros İddiaçı işinə səhlənkar yanaşaraq gəmidə vəzifə səlahiyyətlərini aşması və özbaşınalıq edərək istehsalatın ahəngini kobud şəkildə pozması səbəbindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. İş materiallarında olan Cavabdeh QSC-nin X38 Donanmasının “İntizam tənbehi haqqında” 355 saylı əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndini kobud surətdə pozduğuna görə , həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi 03.09.2020-ci il tarixdən ləvğ edilmişdir. İş materiallarında olan 03.09.2020-ci il tarixli , 2746-K saylı əmrin surətindən görünür ki, Cavabdeh QSC “Hövsan-5” gəmisinin 6-cı dərəcəli matrosu İddiaçı ilə 14.02.2014-cü il tarixli, 524972 saylı əmək müqviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İş materiallarında olan 07.09.2020-ci il tarixli X38 Donanmasının İnsan resursları xidmətinin rəis müavini X14, mütəxəssislər X20 və X6 tərtib etdiyi aktın surətindən görünür ki, “Hövsan-5” gəmisinin matrosu İddiaçı əmək qanunvericiliyinin tələblərini və gəmidaxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən X38 Donanmasının 03.09.2020-ci il tarixli 2746-K saylı əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Həmin gün işçi ilə telefonla əlaqə saxlayaraq , işçiyə İdarəyə yaxınlaşıb intizam tənbehi haqqında və işdən azad əmrləri ilə tanış olması və əmək kitabçasını götürməyi bildirilmişdir. Lakin işçi gün sonuna qədər idarəyə yaxınlaşacağını vəd etsə də gəlməmişdir. 07.09.2020-ci il tarixində işçi idarəyə yaxınlaşmış və əmək kitabçasını təhvil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhəri İdarəsinin 25.02.2021-ci il tarixli, **********0 nömrəli məktubdan görünür ki, İddiaçı Cavabdeh QSC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Milli Məclisinin Aparatına və digər dövlət orqanlarına ünvanlandığı müraciətlərə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı Cavabdeh QSC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən Cəmiyyətlə arasında bağlanmış Əmək müqaviləsinə 03.09.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verildiyi məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilən “Hövsan 5” gəmisinin kapitanı Şahid1 verdiyi ifadəsində bildirmişdir ki, onun tərəfindən tərtib edilmiş 19.08.2021-ci il, 20.08.2021-ci il və 21.08.2021-ci il tarixli Aktlarda göstərilənlər hallar həqiqəti əks etdirir. O, bildirmişdir ki, iddiaçının əvvəllər xidmət göstərdiyi yedək gəmisi olan “Atlet-8” gəmisində matros vəzifəsi üzrə əmək funksiyaları kran gəmisi olan “Hövsan 5” gəmisində də matros vəzifəsi üzrə əmək funksiyaları eynidir. Şahid “Hövsan 5” gəmisində kapitan köməkçisi Şahid2 verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı gəmiyə 18.08.2020-ci il tarixində matros təyin olunmuşdur, ondan əvvəl onu tanımamışdır. O, bildirmişdir ki, onun tərəfindən imzalanmış 19.08.2021-ci, 20.08.2021-ci il və 21.08.2021-ci il tarixli aktları özü imzalanmış və aktlarda və təqdimatlarda qeyd olunanlar həqiqətdir. Şahid “Hövsan 5” gəmisinin matrosu Şahid3 verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı 18.08.2020-ci il tarixində gəmiyə gəlmişdir, Təhlükəsizlik Texnikası jurnalına imza çəkməmişdir. O bildirmişdir ki, 19.08.2021-ci, 20.08.2021-ci il və 21.08.2021-ci il tarixli aktları özü imzalamış və aktlarda qeyd edilənlər həqiqətə uyğundur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qanunun göstərilən normasına əsasən iddiaçı əmək fəaliyyəti zamanı qəsdən əmək müqaviləsi üzrə vəzifə öhdəliklərini yerinə yetirməmiş, və bunun nəticəsində xidmət göstərdiyi “Hövsan 5” gəmisində işin, əmək və icra intizamının normal ahəngi pozulmuşdur. İddiaçı yol verdiyi əmək pozuntusu işdə olan sübutlarla, şahid ifadələri ilə təsdiq olunduğundan məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməsi əsası olmuşdur. Məhkəmə iclasında eləcə də müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələbləri nəzərə alınaraq, Həmkarlar İttifaqı Komitəsinin razılığı da alınmışdır. Məhkəmə iddiaya məcburi işburaxmaya görə 4500 manat, maddi və mənəvi ziyanın əvəzi olaraq 3000 manat ödənilməsinə dair tələbi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin qeydində müəyyən edilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarına, Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə riayət edilmişdir. Odur ki, işçinin vəzifəsinə bərpa edilməsi barədə iddiası rədd edildiyindən, müvafiq olaraq, məcburi iş buraxma müddəti üçün 4500 manat məbləğində əmək haqqının və 3000 manat məbləğində dəymiş ziyanın ödənilməsi barədə iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, hazırkı iddia ilə bağlı iddia müddəti tətbiq edilməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, iddiaçı işdən azad olunmağına dair əmr ilə sonuncu iş günündə yəni 07.09.2020-ci il tarixdə tanış olmuş, lakin buna baxmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə, Azərbaycan Respublikasə Əmək Məcəlləsində müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürməklə, 16.03.2021-ci il tarixdə müraciət etmişdir. Odur ki, iddiaçı iddia müddətini ötürdüyünə görə iddia müddəti tətbiq edilməklə də iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Sadalanan xüsusatlarla və istinad edilən hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğudan rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "Cavabdeh" QSC-yə qarşı iddiaçının işdən azad olunmağına dair X38 Donanması rəisinin 355 saylı qanunsuz əmri ləğv edilməklə, əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün 4500 manat, məhkəmə xərcləri və vurulmuş mənəvi və maddi zərərə görə 3000 manat, cəmi 7500 manat pulun X38 Donanmasından iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar