Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-343/2022 16.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prossesində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. xx.xx.2018-ci il tarixdə Ləğv prossesində olan İddiaçı2 ASC ilə cavabdeh arasında Lİ-11-292560/18 saylı X3i müqaviləsi (bundan sonra – Lizinq müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə və müqavilənin 1 saylı Əlavəsinə əsasən iddiaçı mülkiyyətində olan “X4 Long E.D” markalı avtomobili (bundan sonra - Avtomobil) illik 24 % olmaqla, aylıq 4840,44 (sonuncu ay üzrə 4822,98 manat) manat ödəmək şərti ilə, 15 850 manat ilkin ödəniş olmaqla, 24 ay müddətinə cavabdehə lizinqə verilmişdir. Lizinq müqaviləsinin ümumi qiyməti 91 500 manat, lizinq predmeti olan Avtomobilin dəyəri isə 250000 manat müəyyən edilmişdir. Lizinq müqaviləsinə görə cavabdeh tərəfindən 158500 manat miqdarında ilkin ödəniş (avans) iddiaçının xeyrinə ödənilmişdir.
2. Avtomobil xx.xx.2018-ci il tarixdə Ləğv prossesində olan İddiaçı2 ASC tərəfindən cavabdehə təhvil verilmişdir. Lizinq müqaviləsi üzrə ödənişlər cavabdeh tərəfindən qismən ödənilmişdir.
3. Avtomobil iddiaçı tərəfindən geri alınmışdır.
4. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçı “Amrahbank" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli, Ll-11-292560/18 nömrəli X3 Müqaviləsinə xitam verilməsi, cəmi 79557.89 manat - bundan 47279.10 manat əsas, 58384.30 manat faiz, 283.44 manat cərimə borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması, cavabdehin sahiblik və istifadəsinə verilmiş “X4 Long E.D" minik markalı (tip sedan. Ban SCA1L680İ7UX18038. rəngi qızılı fil sümüyü, buraxılış ili 2008-ci il) olan avtomobilin tam işlək vəziyyətdə ləğv prosesində olan “Amrahbank" ASC-yə qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 45384.30 manat əsas, 29759.86 manat faiz, 144,12 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1020.60 manat faiz borcu olmaqla, cəmi 76308,88 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq, ləğv prosesində olan İddiaçı2 ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirməsi barədə ərizədə qeyd etmişdir ki, "Amrahbank” ASC ilə cavabdeh arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli, Lİ-ll-292560/18 nömrəli X3 Müqaviləsi bağlanaraq "xxxx" ASC Lizinq alanın sifariş etdiyi və həmin Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı, yəni Avtomobili (tip sedan. Ban SCA1L68017UX18038. rəngi qızılı fil sümüyü, buraxılış ili 2008-ci il) öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. "Amrahbank” ASC ilə X1 arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" ASC Avtomobili cavabdehə lizinqə verilməsi məqsədilə 250000 manata əldə elmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 91 500 manat, o cümlədən lizinq obyektinin qiyməti 250 000 manat təşkil etmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Lizinq alana dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ardıcıl olaraq 2 dəfədən artıqdır ki, lizinq ödənişlərini etməmişdir. Lizinq alan sonuncu dəfə xx.xx.2022-ci il tarixində 13000 manat ödəniş etmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə iclasında verilən izahatlar:
10. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
11. Cavabdeh, onun vəkili və nümayəndəsi əvvəlki məhkəmə iclaslarında iddianı qəbul etmədiklərini bildirmiş və etirazlarının dəlili kimi qeyd etmişlər ki, tərəflər arasında əslində lizinq müqaviləsi deyil, kredit müqaviləsi bağlanmalı idi, çünki Avtomobilin dəyərinin çox hissəsini cavabdeh şəxsi vəsaiti hesabına, 91500 manat hissəsini isə bankdan aldığı kredit hesabına ödəmişdir.
12. Cavabdeh sonuncu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat vermədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, əvvəllər Avtomobil onun olub, 150.000 dollara cavabdehə satmışdır. 100.000 ABŞ dolları cavabdeh özü vermiş, 50.000 ABŞ dollarını isə bankdan götürüb vermişdir. Avtomobillə bağlı danışıqları və qiyməti Fuadla danışdır. Cavabdeh Avtomoili lizinqə salıb onun pulunu tam şəkildə ödədi.
14. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
18. Maddə 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
19. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
20. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
21. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
22. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.
23. Maddə 748-10.6. Lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Plenum Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
Məhkəmənin mövqeyi:
30. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
31. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
32. Tərəflər arasındakı mübahisənin əsasını cavabdehin lizinq ödənişlərinin tam ödəməməsi nəticəsində öhdəliyinin icra edilməməsi təşkil edir. Mülki Məcəllədə lizinq müqaviləsinə verilən anlayışdan da görünür ki, lizinq verənin əsas öhəliyi, lizinq üçün yararlı olan, özünə məxsus əmlakı müəyyən (müqavilədə müəyyən edilmiş) haqla və müəyyən (müqavilədə müəyyən edilmiş) müddətə lizinq alanın itifadəsinə verməkdən, lizinq alanın əsas ödəlyi isə müqavilə ilə müəyyən edilmiş muzdu (lizin haqqını) müəyyənləşdirilmiş dövriliklə lizinq verənə ödəməkdən ibarətdir (§ 19).
33. İşin mübahisəsiz halıdır ki, lizinq predmeti olan Avtomobil cavabdehə təhvil verilmiş, cavabdeh isə heç bir pretenziya olmadan Avtomobili qəbul etmişdir. Bununla da iddiaçı öhdəliyini yerinə yetirmişdir. Lakin cavabdeh Avtomobilə görə lizinq ödənişlərini qrafikə uyğun olaraq tam ödəməməklə öhdəliyini pozmuşdur (§ 16).
34. İddiaçının təqdim etdiyi son Maliyyə arayışında cavabdehin 45384.30 manat əsas, 29759.86 manat faiz, 144,12 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1020.60 manat faiz borcu olmaqla, cəmi 76308,88 manat borcunun olması göstərilmişdir.
35. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsi əsasında cavabdeh lizinq predmeti olan Avtomobildən istifadə edərək müqavilədə nəzərdə tutulmuş dövriliklə və müddətə lizinq ödənişini (muzdu) ödəməklə bağlı öhdəlik götürmüş, lakin Avtomobili istifadə etməklə bağlı hüququndan istifadə etmiş, muzdu ödəməklə bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 5.2-ci bəndində də nəzərdə tutulmuşdur ki, lizinq alan lizinq obyektindən istifadə edib-etməməsindən asılı olmayaraq, lizinq ödənişləri qrafikində göstərilmiş müvafiq tarixdə lizinq ödənişlərini həyata keçirməlidir. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
36. Lakin məhkəmə hesab edir ki, iddia həm əsas lizinq ödənişinin, həm də ona hesablanmış faizin (lizinq mükafatının) tələbi hissəsində qismən əsaslıdır. Belə ki, iddiaçı cavabdehdən əsas liznq ödənişi qismində 45384,3 manat və ona hesablanmış faiz (lizinq mükafatı) qimində 29957,86 manat tələb etsə də, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 9/742 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən lizinq müqaviləsinə əsasən, cavabdehin əsas borcu 56 488,89 manat, faiz borcu isə 8016,21 manat müəyyən edilmişdir.
37. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
38. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.2022-ci il tarixdə 13 000 manat məbləğində ödəniş etmişdir. İşin bu halı həm iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə, həm də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə də öz təsdiqini tapmışdır. İddiaçının nümayəndəsi isə məhkəmə iclasında bildirmişdir ki, cavabdehin ödədiyi həmin ödəniş əsas lizinq ödənişi hesabına silinmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin 13 000 manat məbləğində ödənişi ekspert rəyi il müəyyən edilmiş əsas borcdan çıxılmaqla (56 488,89 – 13 000 = 43 488,89), ödənilməli olan əsas borc 43 488,89 manat, faiz borcu isə 8016,21 manat müəyyən edilməlidir.
39. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən dəbbə pulunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır (§ 18). Tərəflər arasında bağlanmış lizinq müqaviləsində cərimənin tutulması (Lizinq müqaviləsinin 14.4-cü bəndinə görə lizinq ödənişlərinin vaxtında ödənilməməsinə görə lizinq alan hər gücikdirilmiş gün üçün ödənilməmiş lizinq ödənişinin 1% miqdarında dəbbə ödəyir) nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, iddiaçının əsas borcu 43 488,89 manat olduğu halda, tələb edilən cərimə 144,20 manat təşkil edir ki, bu da ağlabatandır.
40. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği qismində 1020,88 manat pulun tələb edilməsi hissəsində qismən əsaslıdır.
41. İşin yuxarıda qeyd edilən hallarından da görünür ki, tərəflər arasında bağlanmış Lizinq müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə birmiş, bundan sonra da cavabdeh öhdəliyini yerinə yetirməyərək müqavilə müddəti bitdikdən sonrakı müddətdə də borcunu tam ödəməmişdir. Odur ki, iddiaçı müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş borca görə qanunla müəyyən edilmiş faiz nisbətində pul tələb etməkdə haqlıdır (§ 17 və 29).
42. Lakin məhkəmə hesab edir ki, göstərilən hissədə iddia tələbi mahiyyətcə əsaslı olsa da, həcminə görə qismən təmin edilməlidir. Belə ki, cavabdehdən tutulmalı olan əsas lizinq borcunun məbləği 43 488,89 manat müəyyən edildiyindən, iddiaçının iş materiallarına əlavə etdiyi sonuncu Arayışda müqavilə müddəti bitdikdən sonra illik beş faiz məbləğində pulun hesablanması üçün göstərilən düstura əsasən tələb edilən vəsait 978,48 manat təşkil edir ((43 488,89/100x5%)/360 gün = 6,04 manat; 162 gün x 6,04 manat = 978,48 manat).
43. Məhkəmə hesab edir ki, dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri kimi hesablanmış ekspertiza xərci iddia tələbinin təmin edilməsi nisbətində (iddia tələbinin təmin edilməsi hissəsi təqribən 69%-ə bərabərdir) tərəflərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı2 ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış Lİ-11- 292560/18 saylı "X3i” müqaviləsinə görə 43 488,89 manat əsas, 8016,21 manat faiz, 144,12 manat dəbbə pulu, 978,48 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 52 627,70 manat məbləğində pul və 20,70 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq Ləğv prossesində olan İddiaçı2 ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 9,30 manat hissəsi iddiaçıya aid edilsin. Ekspert xərcinin 138 manat hissəsi Cavabdeh, 62 manat hissəsi isə Ləğv prossesində olan İddiaçı2 ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Pərviz Zamanlı